BMT Baş Assamleyasının Xüsusi Sessiyası: Azərbaycanın müəllifi olduğu daha bir qlobal təşəbbüs həyata keçdi - TƏHLİL

BMT Baş Assamleyasının Xüsusi Sessiyası: Azərbaycanın müəllifi olduğu daha bir qlobal təşəbbüs həyata keçdi - TƏHLİL
# 04 dekabr 2020 11:19 (UTC +04:00)

Dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası başlayıb. BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi sessiyadır. Pandemiyanın artıq 1 ilə yaxın davam etməsinə baxmayaraq, dünyanın bu günə qədər qarşılaşdığı bəşəri bəla olan  COVİD-19-la bağlı planetin ən böyük təşkilatı BMT bu mövzuda dünya dövlətlərinin bir araya gəldiyi belə genişmiqyaslı tədbir keçirməmişdi. Dünyanın qarşılaşdığı bu ağır durumda məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi əhəmiyyət daşıyır.

Bu xüsusi sessiyanın əsas məqsədlərindən harada yaşamasından asılı olmayaraq, bütün insanların COVİD-19-a qarşı vaksinin əldə edilməsi üçün bağlı bərabər hüquqa malik olmasının təmin edilməsidir.

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxış edib. O, çıxışında  bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayıb. "COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nın əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq. Cənab Sədr, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər", - dövlət başçısı vurğulayıb.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin təklifi ilə dünyanın 200-ə qədər dövlətindən nümayəndələrin iştirak etdiyi tədbirdə rəsmi Bakının mövqeyinin dövlət başçısı İlham Əliyev tərəfindən dilə gətirilməsi təmsilçisi olduğumuz Qoşulmama Hərəkatının üzvləri tərəfindən də yüksək qarşılanıb. Bu həssas məqamda planetin bütün dövlət və xalqlarının vaksinlərlə bağlı eyni hüquqa malik olması zərurəti, əlbəttə ki, Asiya və Afrika dövlətləri üçün daha vacib amildir. Prezident bildirib “pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur”.

Dünya liderlərindən məhz İlham Əliyevin pandemiya ilə bağlı bu incə məqamlara toxunması Azərbaycanın beynəlxalq miqyaslı aktor olmasının bariz nümunəsidir. Beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmışdır.

Bu hadisə bir daha  Azərbaycan Respublikasının beynəlxalq imicinin daha da yüksəlməsinə səbəb oldu. Burada xüsusilə qeyd etmək lazımdır ki, dünyada ilk dəfə olaraq hələ bu ilin aprel və may aylarında online formada Türk Şurasının və Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Azərbaycanın təşəbbüsü ilə beynəlxalq konfranslar baş tutmuşdur.

BMT Baş Assambleyasının Xüsusi Sessiyasında Prezident İlham Əliyevlə yanaşı, çıxış edən BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır, BMT-nin Baş katibi Antonio Quterres, İqtisadi və Sosial Şuranın Prezidenti Munir Əkrəm, Təhlükəsizlik Şurasının dekabr ayında fəaliyyətdə olan sədri Jerry Matthews Matjila da sessiyanın əhəmiyyətini vurğuladılar, bunun koronavirusla mübarizəyə töhfə verəcəyini qeyd etdilər.

Beləliklə, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi və təşəbbüs əsasında Xüsusi Sessiyanın keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, onun liderinə olan böyük etimadın növbəti göstəricisidir. Təsadüfi deyil ki, dünyanın bir çox dövlətləri bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarında Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR