İkinci Qarabağ müharibəsi: Qərb və Rusiya mediasının yanaşması - TƏHLİL

İkinci Qarabağ müharibəsi: Qərb və Rusiya mediasının yanaşması - TƏHLİL
# 14 dekabr 2020 11:30 (UTC +04:00)

Müasir silahlı konfliktlərdə informasiya sahəsində qarşıdurma döyüş bölgəsindəki qədər vacibdir. 2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində tərəflər arasında irimiqyaslı hərbi əməliyyatlar yenidən alovlandı. Beləliklə, 28 il müddətdə ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapmayan Dağlıq Qarabağ konflikti XXI əsrdə ikinci fazasına qədəm qoydu. Münaqişə başlayan gündən dünyanın bütün kütləvi informasiya vasitələri konfliktlə bağlı çoxlu sayda yazılar verdi. Hətta dünyanın ən böyük transmilli media orqanları, Rusiyanın rəsmi informasiya agentlikləri və qeyri-rəsmi kanalları 44 gün ərzində demək olar ki, hər gün münaqişə ilə bağlı xəbərlərə yer ayırdı. Ancaq media orqanlarının bəziləri jurnalistikanın norma və prinsiplərindən kənara çıxaraq qərəzli və birtərəfli məqalələr yayımladı, bəziləri isə xüsusən də, Türkiyə və bir sıra Şərq ölkələrinin kommunikasiya vasitələri hadisələri olduğu kimi təqdim etdi, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.

AB və dünya ölkələri haqqında birliyin rəsmi dillərində onlayn xəbərlər və video şərhlər verən Avropa multimedia xəbər portalı “Euroreporter” Qərb mediasının Qarabağ konflikti ilə bağlı yanlış məlumatlar verməsi ilə bağlı məqalə yayımlamışdır. Araşdırmanın müəllifi Phillipe Jeune yazının girişində Qərb mətbuatının müasir dövrdə balanslı və obyektiv olmamasının sual doğurmasını bildirilmişdir. Burada qeyd olunmuşdur  ki, açıq şəkildə tərəfkeş mövqe nümayiş etdirən BBC 30 sentyabrda verdiyi xəbərində müharibə başlamazdan əvvəl Türkiyənin nəzarətində olan Suriya ərazilərindən yüzlərlə muzdlunu Qarabağa gətirmişdir. Ancaq döyüşçülərin birindən messenger vasitəsilə alınan xəbərin doğruluğuna əmin olmadıqları vurğulanmışdır. Yazıda Fransa 24 kanalının Observer proqramında Suriya döyüşçülərinin Azərbaycan tərəfindən döyüşmələri ilə bağlı ermənilərin Teleqram kanallarından götürülmüş videoçarxlar nümayiş etdirməsi də vurğulanmışdır (https://www.eureporter.co/general/2020/11/10/war-in-karabakh-how-fake-news-appears-on-western-media/). Sonra anlaşılmışdır ki, çarxlarda göstərilən ərəblərin görüntüsü Suriya üzrə amerikan ekspertlər Lindi Snell və Elizabet Tsurkovun tvitlərindən götürülüb və onların paylaşdığı videoların geolokasiyaları Ermənistan Respublikasının ərazisi ilə bağlı olub. Digər videolarda göstərilən ərəblərin şəxsiyyəti müəyyən olunandan sonra onların bir neçə il bundan əvvəl həyatlarını itirmələri müəyyən olunmuş və sual olunmuşdur ki, bu cür falsifikasiyalar aparıcı nəşrlərdə nəyə görə yayımlanır? “Eureporter” məqalədə Ermənistanın silahlı qüvvələrinin  təcavüzkar hərəkətlərinə, dinc azərbaycanlıların Gəncə, Tərtər və Bərdədə öldürülməsinə dünya mediasının biganə qalmasını da vurğulamışdır. Bunun əvəzinə, jurnalistlər internetdə iki sivil erməninin 1947-ci il təvəllüdlü Benik Hakobyan və 1995-ci il təvəllüdlü Yuri Adamyan öldürüldüyünü yayımlamış, BBC və İngilis araşdırma qrupu Bellingcat videonun həqiqiliyini təsdiqlədiklərini iddia etmişlər. Ancaq bu iki nəfərin mülki olduqlarını iddia edən istintaqa baxmayaraq, kamuflyaj geyinmələri də maraq doğurmuşdur. Həmçinin bəzi sosial media istifadəçiləri Ermənistanın münaqişə zamanı 18-55 yaş arasındakı kişilərin ölkəni tərk etməsinə qadağa qoymasına görə videoda iddia edilən edamın əslində Ermənistan ordusu tərəfindən verilən cəza ola biləcəyini düşünmüşlər.

Adi çəkilən BBC xidməti, hətta onun Azərbaycan nümayəndəliyi sözügedən müharibə və onun həqiqətlərini yayarkən jurnalistikanın prinsiplərinə əməl etməmiş, birtərəfli mövqe nümayiş etdirmişlər. Belə ki, onlar Dağlıq Qarabağı mübahisəli və ermənilərin çoxluq təşkil etdikləri anklav kimi təqdim etmişlər. Məsələn, aparıcı Ros Atkinsin oktyabrın birində təqdim etdiyi proqramda ABŞ, Rusiya və Fransanın təkidlərinə baxmayaraq, hər iki tərəfin “mübahisəli” ərazi olan Qarabağda münaqişəyə son qoymamalarından, məsələnin regional konfliktə keçəcəyi xəbərdarlığından danışmışdır (https://www.bbc.com/news/av/world-europe-54333089). Oktyabrın 16-da kanalın beynəlxalq müxbirləri Orla Querin, prodüser Zeynəb Erdim və operator Goktay Koraltanın Bərdədən hazırladıqları reportaj isə müəyyən qədər Azərbaycan həqiqətlərini ifadə etmişdir (https://www.bbc.com/news/av/world-europe-54333089). Dağlıq Qarabağ: Ermənistan-Azərbaycan “informasiya müharibəsi” adlı məqalədə qeyd edilmişdir ki, həqiqi informasiyaya giriş çətin olduğundan sosial mediada gedən xəbərlərə, videolara müraciət olunmuşdur, buna görə də çoxlu sayda yanlış xəbərlərə, vaxtı keçmiş materiallara müraciət olunmuşdur (https://www.bbc.com/news/world-europe-54614392). İran tərəfdən insanların münaqişəyə şahidlik etmələri videosuna Twitter şəbəkəsində 250000 dəfə baxış sayı olmuşdur. Ancaq sonra həmin videonun 2019-cu ildə Rusiyada hərb günündə çəkildiyi, hətta kürəklərində “Rusiya” yazılan insanların rus dilində danışmaları göstərilmiş və istifadəçi buna görə üzr istəmişdir. Burada Fransa prezidentinin, bəzi beynəlxalq təşkilatların və erməni tərəfinin iddia etdiyi ərəb muzdlularla bağlı məlumatlara da yer verilmişdir. BBC-nin Ərəb bürosunun araşdırmasına görə, bir ərəb muzdlunun Azərbaycan sərhəddində hərbi məntəqələrin qorunması üçün olması vurğulanmışdır. Ancaq belə bir dövlət əhəmiyyətli sirrli obyektlərə bir xaricinin təyin olunması inandırıcı deyil.  Həmçinin məşhur Arma 3 hərb oyunun videogörüntülərindən də yanlış olaraq Qarabağ müharibəsi kimi Facebook, Twitter, YouTube, TikTok şəbəkələrində istifadə olunmuşdur. Hindistanın kanallarının birində göstərilən Azərbaycan təyyarəsinin vurulması videosunun 2020-ci ilin avqustunda Yaponiyanın YouTube kanalında yayımlandığı sübut olunmuşdur. Məqalədə o da qeyd edilmişdir ki, sosial platformalar da azərbaycanlılar və ermənilər üçün mübarizə meydanına çevrilmişdir. Bir həftə ərzində 20 milyon dəfə #WeWillWin, #DontBelieveArmenia və #StopAzerbaijanAggression həştəqlərindən istifadə olunmuşdur. Avstraliyada yerləşən Beynəlxalq Kibersiyasət Mərkəzinin hesabatına görə, sosial şəbəkələrdə qeyri-real istifadəçilərin şübhəli aktivliyi müəyyən olunmuş və Facebookda tənqidi rəylər bildirən 584 hesab, 7906 səhifə, İnstagram platformasında 447 hesab bağlanmışdır. Hesabatı BBC-nin monitorinq qrupunun üzvləri Con Xoran və Armen Şahbazyan hazırlamışdır.

Noyabrın 8-də BBC-nin saytında yayımlanan yazı Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı olmuşdur. Yazıda Şuşada 1980-1990-cı illərdə daha çox azərbaycanlıların yaşaması, müharibə nəticəsində yüz minlərlə insanın qaçqın düşməsi ilə bağlı həqiqətlər özünə yer almışdır (https://www.bbc.com/news/world-europe-54862180).

Münaqişənin təsvirində ən radikal mövqeni Reuters informasiya agentliyi tutmuşdur. Thomson Reuters-in xəbər və media şöbəsi olan Reuters, hər gün bir milyarddan çox insana çatan dünyanın ən böyük beynəlxalq multimedia xəbər provayderidir. Agentlik xəbərlərində Dağlıq Qarabağı Azərbaycandan ayrı tərəf kimi təqdim etmiş, onun separatçılarının Azərbaycanla döyüşdüyünü vurğulamışdır. Məsələn, 28 sentyabrda “Qarabağ Azəri qüvvələri ilə döyüşlərdə öldürülən daha 28 əsgərinin olduğunu söyləyir”, 2 oktyabrda “Dağlıq Qarabağ Müdafiə Nazirliyi daha 54 hərbi itki haqqında xəbər verir”, 14 oktyabrda “Azərbaycan prezidenti Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatları davam etdirdiyini söylədi”, “Ermənistanın baş naziri Paşinyan deyir ki, Azərbaycanın bütün Dağlıq Qarabağı işğal etmək fikri var” başlıqlı xəbərlər buna sübutdur. Vurğulamaq gərəkdir ki, sözügedən yazıların həmmüəllifləri Mariya Kiselyova, Nvard Ohannisyanın, Tom Balmforthdur, Alexander Marrow, Margarita Antidze, Alex Richardsondur.

Dünyanın ən böyük transmilli orqanlarından biri olan The New York Times qəzetində Dağlıq Qarabağla bağlı yazıların əksəriyyətinin müəllifi xarici ölkələr, əsasən də Rusiya üzrə müxbir olan Pulitser mükafatlı Andrew Kramer olmuşdur. Müharibənin ilk günündə yayımlanan “Ermənistanla Azərbaycan arasındakı mübarizə daha böyük güclərin cəlb olunması  risqi ilə bağlıdır” adlı geniş araşdırma yazısında hər iki tərəfin mövqeyi bildirilməklə, bir çox digər məqamlar açıqlanmaqla müəyyən qədər obyektiv yanaşma ortaya qoyulmuşdur (https://www.nytimes.com/2020/09/28/world/asia/azerbaijan-armenia-nagorno-karabakh.html?searchResultPosition=19). Müəllifin “Ermənistan və Azərbaycan: Münaqişə izahı” adlı digər yazısında hərtərəfli yanaşmalar, üç dəfə reallaşdırılmayan sülh danışıqları, Gəncənin, Stepanakertin (Xankəndi) qadağan olunmuş silahlarla bombalanması, perspektivdə duran fərqli məsələlər açıqlanmışdır (https://www.nytimes.com/article/armenian-azerbaijan-conflict.html?action=click&module=RelatedLinks&pgtype=Article). Hətta ermənilərin I Dünya müharibəsi zamanı qondarma soyqırımından danışan müəllif qarşı-qarşıya duran tərəflərin müttəfiqləri – Rusiya və Türkiyənin hadisələrə yanaşmaları, belə ki, Türkiyənin müharibədən əvvəl Azərbaycan ərazisində təlimlər keçirməsi, Rusiyadan özünümüdafiə silahları (məsələn, F-16) alması, təqaüddə olan general İsmayil Hakki Pekinin Azərbaycana göndərilməsi, həmçinin Qarabağın ikinci böyük şəhəri -- Şuşanın Azərbaycan ordusu tərəfindən alınması və Rusiya prezidenti V.Putunin vasitəçiliyi ilə üçtərəfli atəşkəş bəyannaməsinin imzalanması məsələlərinə yer verilmişdir.  Qeyd edək ki, müəllif 2016-cı ilin aprel hadisələrinə aid də iki yazı həsr etmişdir.

Müharibə bölgəsinə gələn jurnalist Anton Troyanovski də New York Times üçün Qarabağ konflikti ilə əlaqədar bir neçə araşdırma yazılar hazırlamışdır. “Ermənistan ilə Azərbaycan arasında atəşkəsdən sonra qısa mücadilə işləri” başlıqlı yazıda Moskvada imzalanmış atəşkəs danışıqlarından sonra Azərbaycanın artilleriya, pilotsuz uçuş aparatı, səngər mübarizəsi ilə ilk hücuma başlaması haqqında məlumatlara yer verilmişdir (https://www.nytimes.com/2020/10/10/world/europe/armenia-azerbaijan-nagorno-karabakh.html?searchResultPosition=13). Daha çox anklav adlandırılan Qarabağın Stepanakert (Xankəndi) şəhərinin atəşə tutulması, sivillərin həlak olması, Qarabağın beynəlxalq konvensiyalara görə Azərbaycanın ərazisi olması, ancaq torpaqların geri qaytarılmasından sonra etnik ermənilərin məhv olacağı məsələləri ilə bağlı fikirlər burada özünə yer tapmışdır. Eyni zamanda məqalədə cəbhə xəttinə yaxın rayonların, Tərtərin, Bərdənin atəşə tutulması, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun və Beynəlxalq Krizis qrupunun təhlilçisi Zaur Şiriyevin fikirləri də qeyd edilmişdir. Həmin müəllifin oktyabrın 13-də yayımlanan “Dağlıq Qarabağın duel tərəfləri üçün birgə yaşamaq mümkün deyil” adlı araşdırma yazısında əsasən erməni vətəndaşlardan müsahibələr alınsa da, obyektiv məqamlara da toxunulmuşdur. Belə ki, konfliktin tarixinə nəzər salınmış, haqlı olaraq milyonlarla azərbaycanlının Ermənistandan və Dağlıq Qarabağdan qaçqın düşmələri və Azərbaycan üçün bu məsələ milli faciə olduğundan, geri qaytarılması söhbətinin olmayacağı qeyd edilmişdir. Bu məsələdə xalqa hazırkı siyasi hakimiyyətin, əsli indiki Ermənistan ərazisində qalan Azərbaycan torpaqlarından (Tanahat) olan prezident İlham Əliyevin də çox böyük dəstək verməsi xüsusi vurğulanmışdır. Oktyabrın 18-də yayımlanan “Dəhşətli müharibənin ön xəttində: Dağlıq Qarabağdakı ölüm və ümidsizlik” məqaləsində isə bəzi problemlərə qərəzli yanaşmalar müşahidə olunur. Məsələn, burada Azərbaycanın müharibəyə kütləvi surətdə başqa ölkələrdən döyüşçüləri cəlb edərək erməni anklavı olan Dağlıq Qarabağın ərazilərini işğal etmələrindən, müharibədə döyüşən erməni hərbçilərin qəhrəmanlıqlarından, Şuşada, Stepanakertdə (Xankəndi) çətin şəraitdə yaşayan erməni ailələrdən və onların şəhid övladlarından danışılmışdır.

New York Times qəzetinin müharibə zonasına ezam olunmuş müxbiri Carlotta Gall müharibə gündəliyini Azərbaycan tərəfdən tutmuşdur (https://www.nytimes.com/2020/10/28/world/europe/azerbaijan-barda-armenia-rockets-karabakh.html). Müəllif “Azərbaycanda bir sıra partlayışlar, qışqırıqlar və ardınca qan” başlıqlı reportajda Bərdəyə atılan qadağan olunmuş artilleriya raketləri nəticəsində 21 nəfərin ölümü, 70 nəfərin yaralanması haqqında məlumat vermiş, dəhşət içində olan zərərçəkmiş insanlardan geniş müsahibələr almışdır. 

Qətər Əmirliyinə məxsus beynəlxalq telekompaniya – “Al-Jazeera”da məsələyə obyektiv yanaşmalar çox olmuşdur. Azərbaycan Respublikasında olan Sinem Köseoğlu və Ermənistanda olan xüsusi müxbir Bernard Smith bir reportajda öz çəkdikləri süjetləri təqdim etmişdilər. Reportajlarda təqdim edilən yanlışlardan biri məhz Qarabağın mübahisəli ərazi olması, etnik baxımdan orada ermənilərin üstün olmasıdır. Bununla yanaşı, Bernard Smith və Sinem Köseoğlu ümumi xarakterli məsələlərə toxunmuşlar. The New York TimesCNNMSNThe TelegraphThe IndependentUSA TodayNBC NewsLos Angeles TimesHuff PostSydney Morning Herald və digər tanınmış media orqanlarında uzun müddət çalışan Mansur Mirovalev telekanalın saytında təqdim etdiyi “Dağlıq Qarabağ konfliktində Rusiyanın oynadığı rol nədir” adlı yazısında tarixə ekskurs etmiş, Rusiyanın məqsədini və rolunu araşdırmışdır (https://www.aljazeera.com/news/2020/10/19/is-russia-reduced-to-a-secondary-role-in-nagorno-karabakh). Müəllif haqlı olaraq hər iki tərəfdən olan siyasi təhlilçilərin (Emil Mustafayev və Boris Navasardyan) və digər beynəlxalq təşkilatlarda çalışan politoloqların fikrini almış, eyni zamanda Türkiyənin də bölgədəki mövqeyini anlatmağa çalışmışdır.

Xankəndinə səfər edən Neil Hauer “Dağlıq Qarabağ: Sirenlər, top atəşi və Stepanakertdəki sığınacaqlar” adlı reportajında (https://www.aljazeera.com/news/2020/10/16/nagorno-karabakh-sirens-shelling-and-shelters-in-stepanakert) orada yaşayaş erməni əhalinin vəziyyətini təsvir etmiş, erməni ailələrdən onların döyüşən övladları haqqında müsahibələr almışdır. Oktyabrın 13-də Al-Jazeeranın saytında “Dağlıq Qarabağ: Köhnə bir münaqişə üçün yeni silahlar təhlükə yaradır” başlığı altında yayımlanmış yazıda müəllif Robin Forestier-Walker prezident İlham Əliyevin söylədiyi fikirlərdən,   Azərbaycanın hərbi sahədə artan qüdrətindən, Bayrakdar TB2, TB2s, İsgəndər M,  kimi silahların müharibədəki funksiyalarından söhbət açmış, həm Azərbaycan (Fuad Şahbaz), həm Ermənistandan (Richard Giragosian) olan şərhçilərdən, həm də digər ölkədən olan beynəlxalq ekspertlərdən (Rob Lee) fikir almışdır (https://www.aljazeera.com/features/2020/10/13/nagorno-karabakh-new-weapons-for-an-old-conflict-spell-danger).

Bentley Universitetinin müəllimi, konfliktoloq erməni əsilli Asbed Kotchikian Al Jazeera üçün yazdığı “Dağlıq Qarabağ konflikti yeni regional nizamı sürətləndirir” məqaləsində Türkiyənin və Rusiyanın mövqeyini təhlil etmişdir.

Dünyanın ən böyük informasiya agentliklərindən olan Associated Press əsasən Ermənistanın mövqeyindən çıxış etmişdir. Avet Demourianın qələminin məhsulu olan yazılarda Ermənistanın sülh tərəfdarı olması, Türkiyənin dəstək olduğu Azərbaycanın mövqeyinin Qarabağı separatçı qüvvələrdən tam azad olunması olduğunu vurğulamışdır. Müəllifin “Dörd həftəlik konfliktdə yeni atəşkəş” adlı digər araşdırmasında ABŞ-da imzalanan üçtərəfli atəşkəs danışığından söz açılmışdır (https://apnews.com/article/europe-azerbaijan-armenia-b1b5fb6c9be19231155b06b811b5e398). Burada Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla danışıqlarda onu “qeyri-konstruktiv” mövqe tutmaqda günahlandırması və Erənistanın hər hansı bir güzəştə getməyə hazır olduğu halda, Azərbaycanın yeni tələblər, yeni şərtlərlə gündəmə gəldiyi də vurğulanmışdır. 

Euronews informasiya kanalı da gündəlik olaraq konflikt haqqında məlumatlar vermiş, saytında araşdırma yazılar təqdim etmişdir. Müharibənin ilk günündə Frans-Press agentliyi ilə birgə yayımladığı “Dağlıq Qarabağ: Azərbaycanla Ermənistan arasında atışma gücləndikcə onlarla insan öldürüldü” başlıqlı yazı ABŞ, Fransa, Rusiya, Kanada və digər ölkələrin münaqişədən narahat olduqları, tərəfləri atəşkəsə çağırmaları və ATƏT-in Minsk qrupu çərçivəsində həll yolu haqqında olmuşdur. “Dağlıq Qarabağ: Ermənistan və Azərbaycan gücləri arasında nəyə görə şiddət partlayışı yaşandı?” adlı geniş araşdırmada ümumi xarakterli obyektiv yanaşmalar, konfliktin Cənubi Qafqazda ümumi vəziyyətə mənfi təsiri, beynəlxalq ekspertlərin yanaşmaları ilə xarici qüvvələrin, əsasən də Rusiyanın marağı ortaya qoyulmuşdur (https://www.euronews.com/2020/09/30/nagorno-karabakh-why-has-there-been-a-flare-up-of-violence). Qeyd edilmişdir ki, Rusiya “parçala və hökm et” siyasətini yürüdərək bölgədəki rolunu aktivləşdirmək istəyir. Euronewsun təqim etdiyi “Dağlıq Qarabağ: Fransa, Rusiya, ABŞ zorakılığın “təhlükəli şəkildə böyüməsini” qınayır”, “Avropa həftəsi: Dağlıq Qarabağ münaqişəsi və qanunun aliliyinin müzakirəsi”, “Dağlıq Qarabağ: Niyə Ermənistan və Azərbaycan qüvvələri arasında şiddət alovu baş verdi?” başlıqlı məqalələr də ümumi xarakterli yanaşmalardan ibarət olmuşdur.

Dünya gündəmini müəyyən edən ABŞ-ın nəhəng CNN informasiya kanalı da 44 günlük Qarabağ müharibəsinə çox geniş yer ayırmışdır. Kanal “Ermənistanla Azərbaycan arasında mübahisəli bölgəyə görə qarşıdurmalar başlayır”, “Ermənistan və Azərbaycan mübahisəli bir bölgə üstündə toqquşur. Bilməli olduğunuz şey budur” araşdırmalarında konfliktlə bağlı hər iki tərəfin mövqeyini ortaya qoymuş, ancaq Qarabağı mübahisəli ərazi kimi təqdim edərək “Artsax” adlandırmışdır (https://edition.cnn.com/2020/09/27/europe/armenia-azerbaijan-tensions-nagorno-karabakh-intl/index.html).  Eyni zamanda hələ Ermənistan rəsmilərinin etiraf etmədikləri halda, Qarabağın bir sıra ərazilərinin işğaldan azad olunmasını yazmışdır. Təəssüf ki, “Mənbə bildirir ki, Suriyadan olan üsyançılar Azərbaycan və Ermənistan arasındakı qarşıdurmada döyüşməyə cəlb olunurlar” adlı yazıda CNN-nin Türkiyənin dəstəklədiyi Suriyanın Milli Ordusunun əsgərlərindən biri ilə görüşməsi, onun Azərbaycana səyahət etdiyi və könüllülərin Suriya-Türkiyə sərhəddi yaxınlığındakı Hawar Kilis bölgəsində dayanacaqda bir yerə toplandığı, Qarabağda döyüşmək üçün ümumən 1000 döyüşçünün qeydiyyatdan keçdiyi və başqa məsələlər deyilmişdir. (https://edition.cnn.com/2020/10/01/middleeast/azerbaijan-armenia-syrian-rebels-intl/index.html).

Qeyd edək ki, yazının həmmüəllifləri İstanbul bürosundan Gul Tuysuz, Kardobadab Tim Lister və Yerusəlimdən Kareem Khadler olmuşdur. Oktyabrın 3-də İstanbuldan Arzu Qeybulla və Ermənistandan Aren Melikyanın hazırladığı “Azərbaycan prezidenti Ermənistana deyir ki, torpağımızı tərk et və müharibə bitsin” sərlövhəli yazıda da oxşar iddia irəli sürülmüşdür (https://edition.cnn.com/2020/10/03/asia/azerbaijan-armenia-president-intl/index.html). Ancaq prezident İlham Əliyevin Al-Jazeera telekanalına verdiyi müsahibəsindəki Fransa prezidenti E.Makronun bu iddianı sübut eməsinin vacib olduğu fikri də buraya əlavə olunmuşdur. “Liderlər Ermənistan-Azərbaycan münaqişəsindəki raket hücumu iddialarından qaçırlar”, “Raketlər və ittihamlar Dağlıq Qarabağda ikinci həftdir ki, alovlanır” sərlövhəli məqalələr tərəflərin bir-birinin sivil bölgələrinə ağır artilleriya və raket atəşinə tutmalarına həsr olunmuşdur (https://edition.cnn.com/2020/10/04/europe/azerbaijan-armenia-missile-attacks-intl/index.html, https://edition.cnn.com/2020/10/05/europe/azerbaijan-armenia-attacks-nagorno-karabakh-monday-intl/index.html). “Rusiya Ermənistan-Azərbaycan münaqişəsini dayandırmağa qadir olan yeganə ölkədir. Qalxacaqmı və bunu edəcəkmi” başlıqlı yazıda isə müəllif Nick Paton Walsh Rusiya Türkiyə münasibətləri, N.Paşinyanın Avropa İttifaqına yaxınlaşması, Rusiyanın Liviya, Suriya, Ukrayna və Belorusiyadakı hadisələrlə əlaqəsi və Dağlıq Qarabağdakı krizisə resurs və həvəsinin qalıb-qalmamasını, Türkiyənin daha aktiv mövqeyini araşdırmışdır (https://edition.cnn.com/2020/10/05/europe/russia-armenia-azerbaijan-conflict-analysis-intl/index.html). Oktyabrın 5-dən sonra yayımlanan yazılar daha çox Azərbaycanda Gəncə, Bərdə və Tərtərə edilən hücumlar, dinc sakinlər arasında ölüm və yaralanmaların olması, BMT-nin İnsan Hüquqları üzrə Ali Kommisarı Mişel Baçeletin bunu təsdiq etməsi, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin bu müharibə cinayəti haqqında məlumatları, Türkiyənin Yaxın Şərqdə artan nüfuzu, İranın mövqeyi, atəşkəs bəyanatları və onlara əməl olunmaması haqqında olmuşdur. Eyni zamanda CNN-nin məşhur aparıcısı Kristian Amanpur ABŞ-ın NATO-dakı keçmiş səfiri Ivo Daalderlə və Ermənistanın keçmiş Xarici İşlər Naziri Söhrab Mnatsakanyanla müsahibədə münaqişəni müzakirə etmişdir. İvo Daalder münaqişənin 90-cı illərdəki tarixindən məlumat vermiş, Türkiyənin aktiv iştirakı, Rusiya ilə Türkiyə arasındakı konfrontasiya kimi nüanslara toxunmuşdur.  

Rusiyanın kütləvi informasiya vasitələrinin əksəriyyəti (Rusiya 24, Rusiya 1, Dojd, Rusiya Bu gün, RBK kanalları, WarGonzo layihəsi) münaqişə ilə bağlı qeyri-obyektiv mövqe nümayiş etdirmişdir. Sputnikin Ermənistan bürosu isə erməni təbliğatı üçün əsl vasitə olmuşdur. Belə ki, materiallarında “Qarabağ Respublikası”, “Qarabağın prezidenti”, “Qarabağ Respublikasının paytaxtı” kimi ifadələr işlətmiş, qondarma “Dağlıq Qarabağ”ın sanki əsl carçısı olmuşdur. Artıq sentyabrın ilk ongünlüyündən başlayaraq Rusiyanın internet saytlarında (Qazeta.ru, Lenta.ru) və TACC, İnterfax, Ria Novosti informasiya agentliklərində gedən xəbərlərdə Qarabağ bölgəsində gərginliyin  artması bildirilmişdir. Münaqişənin gedişində isə Azərbaycanın güc üstünlüyü, onun cəbhə bölgəsi olmayan əraziləri bombalaması və sivil insanlara zərər yetirməsi və Türkiyənin Azərbaycana hərtərəfli yardımı və Suriya muzdlularının müharibədə iştirakı çox vurğulanmışdır. Rusiyanın ən böyük dövlət informasiya agentliyi TACC-ın Qarabağ konfliktinin işıqlandırılmasında Ermənistan haqqında yazıları dominantlıq təşkil etmişdir. Belə ki, 27 sentyabr- 1 noyabr tarixlərində 40 açıqlama Ermənistandan, 28 açıqlama Azərbaycandan alınmış, 31 yazı isə ümumi xarakterli olmuşdur. 3-10 noyabr tarixlərində 32 xəbər Ermənistanın, 3 xəbər Azərbaycanın mövqeyi ilə bağlı olmuş, 8 xəbər isə ümumi xarakterli açıqlama olmuşdur. 

44 günlük Dağlıq Qarabağ müharibəsinin mediada işıqlandırılmasının təhlili onu göstərdi ki, bir çox xarici media orqanlarında erməni əsilli jurnalistlər çoxluq təşkil edir və onların müəllif olduğu yazılarda münaqişəyə qərəzli yanaşmalar açıq şəkildə hiss olunur. Həmçinin inkişaf etmiş ölkələrdə erməni lobbisinin KİV-ə təsiri də çox güclüdür. Hətta düşmən tərəf bəzi qanlı döyüşləri “müharibə cinayəti” kimi təqdim edərək, media vasitələrini qalibin əleyhinə yönəldə bilər. Ancaq mətbuat bütün konfliktləri obyektiv şəkildə işıqlandırmalıdır ki, əsl həqiqət gələcək nəsillərə də aydın olsun.  

Vəfa Zahidqızı

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR