Prezident İlham Əliyevdən Minsk qrupunun həmsədrlərinə siyasət və diplomatiya dərsi - TƏHLİL

Prezident İlham Əliyevdən Minsk qrupunun həmsədrlərinə siyasət və diplomatiya dərsi - TƏHLİL
# 13 dekabr 2020 11:59 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görünən odur ki, 30 ilə yaxındır kı münaqişənin nizamlanmasına cavabdeh olan dövlətlər və ATƏT hazırda Cənubi Qafqazda baş verənlər fonunda özünü təcridolunmuş hiss etməsin deyə regiona səfər etmək qərarını verib. Hər halda çox yaxşı oldu ki, görüş baş tutdu. Prezident İlham Əliyev çox açıq şəkildə masada onun qarşısında əyləşən diplomatları, Minsk qrupunu və diplomatların təmsil etdiyi dövlətləri tənqid etdi. Əmin ola bilərik ki, ermənipərəst mövqeyi ilə seçilən Kaspşiklə və həmsədr ölkələrin diplomatlarıyla bütün karyera tarixlərində indiyə qədər heç kim bu cür sərt tonda danışmamışdı, onlara siyasət və diplomatiya dərsi keçməmişdi.

Prezident diplomatlarla çox sərt danışdı. O, ilk cümləsində son görüşdən çox vaxt keçdiyini, qarşılıqlı dialoqun nə az, nə çox düz 1 il bundan əvvəl baş tutduğunu məqsədyönlü şəkildə bildirərək bu qurumu fəaliyyətsizlikdə ittiham edib. O bildirib ki, “bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. ”. Azərbaycan dövlət başçısı təbii ki, öz mülahizələrində tamamilə haqlıdır. Minsk qrupu diplomatlarının düz 1 ildən sonra Bakıya gələrək münaqişənin nizamlanmasına guya ki, töhfə vermək niyyətləri artıq Bakıda və ictimaiyyətimizdə ciddi ikrahla qarşılanmaqdadır. Təkcə son 1 il ərzində ermənilərin atəşkəsi müntəzəm olaraq Azərbaycan və Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində və Qarabağda pozması, iyul ayında Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ölkəmizə qarşı hərbi hücum, bir qədər sonra Goranboyda Ermənistan ordusunun hərbi diversiya cəhdi, müharibəyə qədər Ermənistanın Qarabağa qeyri-qanuni olaraq Livan ermənilərini köçürməsi, işğal altındakı torpaqlarda açıq – aşkar şəkildə ASALA və PKK üzvlərinin yerləşdirilməsi, Ermənistan rəhbərliyinin və separatçıların “yeni müharibə - yeni ərazilər” xarici siyasət doktrinası, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı və Şuşada yallı oynaması fonunda ağızlarına su alan Minsk qrupu bu proseslərdə hansı mövqeni sərgilərdi? Bütün bu təxribatlar fonunda mövqesizlik və səssizlik nümayiş etdirən Minsk qrupu indi hansı haqla Bakıya gələrək Qarabağla bağlı bizə yol göstərmək istəyir?

Elə Prezidentin kameralar qarşısında diplomatların üzünə “mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var” deməsi bu 27 il ərzində Minsk qrupunun həmsədr dövlətlərinin çoxdandır ki, eşitməli olduqları sözlər idi. 27 ildir ki münaqişənin nizamlanmasında real addımlar atmalı olan Minsk qrupunun bu illər ərzində sadəcə bir hədəfi var idi – münaqişənin nizamlanmasında qeyri–konstruktivlik, təmsil etdikləri dövlətlərin maraqlarını yerinə yetirmək, status–kvonu uzatmaq və müharibənin başlamasına imkan verməmək.

Status–kvo və münaqişənin müharibə yolu ilə həlli yoxdur məsələsinə toxunan Prezident aşağıdakıları qeyd etdi: “Bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir. Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik. Sonradan isə əlbəttə, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!”.

Bu 27 il ərzində Ermənistan və Minsk qrupu dövlətlərinin öz aləmlərində “status kvo”nu uzatdıqları dövr ərzində cənab Prezident sakitcə şəkildə Qarabağla bağlı qalibiyyət hədəflərini özünə məqsəd bilmiş, Qarabağı qaytarmaq strategiyasını həyata keçirirdi. Onların Azərbaycana “münaqişənin müharibə yolu ilə həlli yoxdur, münaqişə ancaq və ancaq sülh yolu ilə həllini tapmalıdır” kimi siyasi təzyiqləri fonunda Azərbaycan hərbi əməliyyatlara başlayıb qalib gəlməklə “münaqişənin hərbi yolla həlli var və bu 27 il davam edən danışıqlardan daha nəticəlidir” formulunu sübut etmiş oldu.

Nəticədə, işğal faktına son qoyuldu, Ermənistanın heç bir istəyinin belə yer almadığı, Qarabağın Azərbaycan olmasını təsdiq edən üçtərəfli Bəyanat verildi.

Prezident çıxışında Kaspirşikə də “xüsusi diqqət” ayırıb. O qeyd edib ki, “Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz bu cür şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil etmişdir – birində bu, faktaraşdırıcı missiya adlandırılmış, digər vaxtda isə bunun adı vəziyyətin yerində qiymətləndirilməsi missiyası idi. Anji Kaspşik bunu yaxşı bilir. O, bu prosesin veteranlarından olub. O da oralarda olub”. “Veteran” Kaspşik təbii ki, bütün bu hadisələrdə hər zaman mərkəz fiquru olub. Çünki, həmsədr dövlətlərin diplomatları bir – birini müəyyən müddətdən sonra əvəzləsələr də, Kaspşik Minsk qrupunun dəyişməz diplomatı olmağı bacarmışdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi olan bu şəxs hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Əgər indiyə qədər Kaspşik tərəfindən regiona səfəri çərçivəsində apardığı monitorinqlərlə bağlı məruzələrə nəzər yetirsək onun daima Qarabağdakı vəziyyətlə bağlı saxta məlumatların verməsini, Azərbaycan abidələrinin dağıdılmasına göz yummasına, qanunsuz məskunlaşma ilə bağlı qeydlər etməməsini qeyd edə bilərik. Eyni zamanda, Kaspşik hazırladığı məruzələrində Dağlıq Qarabağdakı separatçılar haqqında yazarkən və danışarkən həmişə onları münaqişə tərəfi kimi qeyd edib və faktiki olaraq qondarma rejimi legitimləşdirmək istiqamətində addımlar atıb. Buna misal kimi, “NK side”, “President of NK”, “Minister of Foreign Affairs of NK”, “Servicemen of NK” və s. ifadələrdən onun tərəfindən mütamadi olaraq istifadə edilməsini misal çəkmək olar.

Paşinyan və Ermənistan

Prezident çıxışında Minsk qrupunun fəaliyyətsizliyi və Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra etdiyi təxribatların Azərbaycanın qalibiyyəti ilə nəticələndiyini bildirdi. O qeyd etdi ki, “Ermənistan ordusunu və demək olar ki, erməni dövlətini məhv etdik və ərazimizdə cinayət rejiminə son qoyduq, erməni millətçilərinin üzdəniraq “artsax” xülyalarını dağıtdıq. O, mövcud deyil. Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır”. O, səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi”.

Prezident Azərbaycan xalqının lideri kimi Ermənistan dövlətinin başçısı Nikol Paşinyanın apardığı davranışına görə cəzalandırdığını Minsk qrupunun həmsədrlərinin diqqətinə çatdırdı. “Onun ( Paşinyanın) Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq. O, bir neçə ay öncə mənə 7 şərt irəli sürmüşdü. Mən onları rədd etdim və dedim ki, mənim yeganə şərtim var – torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən. Müharibə zamanı mən bir neçə dəfə bunu bəyan etmişdim. Onun hansısa naziri deyil, şəxsən Paşinyan bizə torpaqlarımızdan çıxmaqla bağlı tarix verən kimi biz dayanacağıq. Nəticədə bu, baş verdi və mən hər zaman olduğu kimi, verdiyim sözə əməl etdim. Paşinyan isə nə mənim, nə də öz xalqının qarşısında heç vaxt vədlərinə sadiq olmadı”.

Ermənistanın və onun havadarlarının guya Azərbaycan və Türkiyənin Qarabağda Suriyadan gəlmə muzdlu döyüşçülərdən istifadə etməsi və regionu “terror” yuvasına çevirməsi fake xəbərləri fonunda dövlət başçısı diplomatlarla görüşündə erməni yalan təbliğatını ifşa edərək əslində muzdlu döyüşçülərdən onların özünün istifadə etməsini görüş iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, "əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Mən artıq dedim ki, oranın sakinləri əslində kimlərdir və bunu təkrar etmək istəmirəm. Lakin əlimizdə pasportlar var. Həbsxanalarımızda əcnəbilər var”.

Azərbaycanın əlində kifayət qədər faktların olmasının və vaxtı gələndə bununla bağlı hüquqi addımlar atacağını bir neçə dəfə bəyan edən rəsmi Bakı bu illər ərzində İrəvanın işğal altındakı torpaqlarda apardığı qanunsuzluqlarla bağlı mütləq beynəlxalq tribunalda cavab verəcəyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Maraqlıdır ki, Paşinyanın təzkib etməsinə baxmayaraq ermənilərin regiona muzdlu döyüşçülər gətirməsini elə onların özləri də təsdiq edirlər. Məsələn, Fransanın ermənipərəst rfi.fr saytının oktyabr ayındakı xəbərlərinin birində Ermənistanın muzdlu döyüşçülərdən istifadə etməsi etiraf edilib. “Aralarında peşəkar döyüşçülər olan “könüllü” dəstə artıq bir neçə gündür ki, Xankəndidədir . Livan, Suriya və Latın Amerikasından gələn yaşı 30-dan çox olan “könüllü”lərin döyüşlərə qatılmazdan əvvəl ekspres təlim keçdikləri bildirilir. Onların sayı o qədər çoxdur ki, bir hissəsi Yerevanda gözləmə mövqeyindədir”.

Noyabrın 10-da Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə ünvanladığı rəsmi məktubda deyilirdi: “Fransa vətəndaşları-Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs); “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey - Valmenir; Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarus vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub”.

Dekabrın 2-də Azərbaycan respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Livanlı muzdlu-terrorçunun həbs edildiyi ilə bağlı məlumat yaydı: “Aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb”. 1979-cu ildə Beyrutda anadan olan Viken Eulcekcian DTX-nin yaydığı videomaterialda deyir: “27 sentyabr 2020-ci il tarixdən mənim kimi Livan Respublikasının vətəndaşı, erməni əsilli Hovak Kikiyan pul müqabilində Qarabağ müharibəsində iştirak edirdi. O məni döyüşməyə dəvət etdi və 2500 dollar pul verəcəklər. Mənim razılığımdan sonra məni Şuşa şəhərindəki “Şuşa” otelinə apardılar. Sonradan bizi hərbi hissəyə Martuniyə apardılar. Orada bizə hərbi geyimlər, silahlar, güllələr, əl qumbaraları, “AK-74” verdilər. Daha sonra orada məni, Hovak Kikiyanı, 85 nəfər bizim kimi döyüşçüləri ermənilərin tərəfində döyüşlərə apardılar”.

Beləcə, bu faktlar kifayətdir ki, Nikol Paşinyan və onun komandasına qarşı beynəlxalq səviyyədə cinayət işi açılsın.

Beləliklə, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edən Prezident İlham Əliyev onlar vasitəsilə həmin dövlətlərin rəsmilərinə və beynəlxalq ictimaiyyətə Azərbaycanın dövlət maraqlarının qorunması istiqamətində çox açıq ismarıclar göndərmiş oldu. Prezident açıq şəkildə həmsədrləri tənqid edərək artıq regionda yeni reallığın olduğunu və Qarabağın Azərbaycan olmasını qeyd etməklə onlara və Ermənistana gələcəkdə ola biləcək təxribat xarakterli addımlardan çəkinməyi məsləhət bildi. Artıq hamı Azərbaycanın maraqları və qalibiyyətdən sonrakı bugünkü reallıqla hesablaşmalı və barışmalıdır.

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR