Sorosun AŞPA-dakı deputatları - TƏHLİL

Sorosun AŞPA-dakı deputatları - <span class=TƏHLİL'>
# 23 aprel 2021 11:04 (UTC +04:00)

Son zamanlar Azərbaycanın artan gücü, ölkə rəhbərliyinin apardığı müstəqil xarici və daxili siyasət, dövlətimizin Qoşulmama Hərəkatının sədri kimi nümayiş etdirdiyi fəal qlobal siyasi davranış bir çox qüvvələr kimi Sorosa yaxınlığı ilə seçilən dairələri də aktivləşdirib. Cənubi Qafqazda Soros dairələrinin məqsədinə çatmadığı yeganə ölkə olan Azərbaycanın istər Qarabağ məsələsində, istərsə də digər regional proseslərdə tutduğu mövqe və qazandığı uğurları həzm edə bilməyən bu qruplar müxtəlif platformalar vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyasına bir müddətlik fasilədən sonra yenidən start veriblər.

Corc Soros kimi siyasi dələduzlar, müxtəlif siyasətbazlar, erməni lobbi qruplarının pulla aldığı müxtəlif deputatlar və jurnalistlər ölkəmizə qarşı qarayaxma kampaniyasını aparmağı qarşılarına məqsəd qoyublar.

Bu platformalar sırasında həmişəki kimi xüsusi yeri Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) müəyyən deputatlar tuturlar. Sorosun AŞPA-da maliyyələşdirdiyi deputatların son sessiyada ölkəmizi hədəfə almaq cəhdlərini gələcək mümkün təhdidlərin ilkin siqnallı kimi başa düşmək olar. Məhz AŞPA bu illər ərzində Azərbaycan və Türkiyəyə qarşı daim qərəzli, ikili standartlardan çıxış edən, ədalətsiz mövqe tutan qurum kimi yadda qalıb.

Məsələ burasındadır ki, Ermənistanın mənafeyinə xidmət edən bir neçə siyasətbazdan ibarət mütəşəkkil şəbəkənin Avropanın ayrı-ayrı qurumlarındakı mövcudluğu çoxdandır siyasi araşdırmaçıların faktlara söykənən təhlillərində qeyd edilib. Belə ki, araşdırmalar zamanı hələ 2012-ci ildə Ermənistanla və Avropa erməni diaspor təşkilatları ilə işbirliyi qurmuş, onlarla sıx əlaqədə olan bir qrup AŞPA üzvünün və Avropa Sabitlik Təşəbbüsü təşkilatının Azərbaycana qarşı təzyiq kampaniyaları təşkil etmək məqsədilə AŞPA-da geniş və dərin kök salmış rüşvət şəbəkəsi yaratdığı məlum olub. Kristof Ştrasserin, Peter Omtzigtinin, Frank Şvabenin, Fransua Roşbluanın, Rene Rukininin, Alen Milonun və  digərlərinin Corc Soros Fondunun “beyin mərkəzi” adlandırılan Avropa Sabitlik Təşəbbüsü təşkilatının rəhbəri Cerald Knausla əlaqələr qurduğu üzə çıxıb. Həmin dövrdə AŞPA-da anti-Azərbaycan şəbəkəsi qurulmağa başlayanda Avropa Sabitlik Təşəbbüsü təşkilatı “Kürü diplomatiyası” adlı böhtan xarakterli kəskin hesabat dərc etdi. Bu hesabat böhtana əsaslanan şübhəli mühiti dəstəkləməklə, Azərbaycana qarşı siyasi müharibəyə qoşulmuş parlamentarilər şəbəkəsinin təşkilinə şərait yaratmaqdan başqa məqsəd daşımırdı. Nəticədə 2012-ci ilə qədər olduğu kimi, həmin ildən başlayaraq da ölkəmizə qarşı daha mütəşəkkil qrupun insan haqları və s. şüarlarla təzyiqlərinin artmasının şahidi olduq.

Hər kəsin yaxşı tanıdığı, erməni maliyyəsi hesabına özünə şərait yaradan Kristof Ştrasserdən başqa digərləri də mütəmadi olaraq anti-Azərbaycan şəbəkəsinin üzvləri kimi külli miqdarda maliyyə əldə edirlər. Məsələn, 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan “Erməni Əlaqəsi” hesabatında aşkar edilib ki, Azərbaycana qarşı yeni qətnamə layihəsinin müəllifi olan hollandiyalı Piter Omtzigt Soros Fondu tərəfindən maliyyələşdirilir və ermənilərə xidmət edir.

Ölkəmizə qarşı qoca qitədə kampaniya aparan təşkilatlardan sayılan Avropa Sabitlik Təşəbbüsü təşkilatının da Soros tərəfindən maliyyələşdirildiyi araşdırmalar nəticəsində illər əvvəl məlum olub. Avropa Sabitlik Təşəbbüsü Avropa Şurasındakı lobbiçilik fəaliyyətinə görə (xüsusilə Azərbaycana qarşı məruzələrin yazılması məqsədi ilə) 2012-2018-ci illər arasında Soros Fondundan yüz minlərlə dollar dəyərində maliyyə vəsaiti qəbul etmişdir. Belə ki, Cerald Knaus İstintaq Orqanındakı dinləməsi zamanı Soros Fondundan 2012-ci ildə rüşvət qəbul etdiyini etiraf edib. “Siyasi məhbuslar məsələsi üzrə Avropa Şurasının effektliliyinin artırılması” məqsədi ilə Avropa Sabitlik Təşəbbüsü 2013 və 2014-cü illərdə hər il üçün Soros Fondundan 150.000 dollar qrant almışdır.

Bu kimi ifşaedici faktlar kifayət qədərdir.

Biz 2020-ci ilin payızında Azərbaycan Ordusunun Qarabağ və Şərqi Zəngəzur torpaqlarının erməni işğalından azad edilməsindən sonrakı bir neçə ay ərzində də,  Soros tərəfindən maliyyələşdirilən bir sıra digər QHT-nin qeyri-kommersiya fəaliyyəti ilə maskalanaraq, əslində Avropa Şurasını öz təsiri altına aldığını, bir sıra qərəzli addımlarla yanaşı, Ermənistanın da yanında yer alaraq Azərbaycana qarşı məkrli siyasət apardıqlarının şahidi oluruq.

Bir neçə gün əvvəl AŞPA kimi özünü Avropada “insan haqları və hümanizmin əsas institutlarından biri sayan” qurum nədənsə Ermənistanın minalanmış ərazilərin xəritəsinin verməməsi ucbatından son 5 ayda 20 azərbaycanlının həlak olması, 100-ə yaxın insanın isə yaralanması, şikəst qalması məsələsini plenar iclasa salmaqdansa, erməni terrorçuların canlarını minaya düşən dinc insanlardan üstün tutdu. Bu sessiyaya qədər 20 il ərzindəki bütün sessiyalarda ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasında 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin durumunu, azərbaycanlı əsirlərin geri qaytarılmasını və torpaqların işğaldan azad edilməsi mövzularını gündəmə gətirməyən AŞPA ölkəmizin Qarabağı azad etməsindən sonra ciddi narahatlıq keçirərək sülhə xələl gətirəcək addım atdı. Prosesləri izləyərkən belə bir məntiqi sual ortaya çıxır: Corc Soros Fondu, Sorosun himayə etdiyi AŞPA-dakı deputatlar Ermənistan hökumətindən minalanmış ərazilərin xəritəsini Azərbaycana verilməsini niyə istəmir?

Yuxarıda sadalanan faktlar Azərbaycanın bu illər ərzində təkcə Ermənistanın işğalçı siyasəti ilə deyil, eyni zamanda, onun arxasında olan müxtəlif havadar dövlətlər, təşkilatlar, Soros kimi fırıldaqçılarla da mübarizə apardığını ortaya qoyur. İndi regionda yeni geosiyasi və geoiqtisadi konfiqurasiyanın yaranması və Avrasiya materikinin orta xətt qovşağının yeni nəqliyyat mərkəzinə çevrildiyi bir zamanda sadalanan yeni reallığın banisi olan ölkəmizə qarşı təzyiq və çağırışların artmasının şahidi olacağıq. Əlbəttə, qarşıdakı aylarda qarşılaşacağımız çağırışlar Azərbaycan üçün ilk və son deyil, biz bu kimi “oyunlara” öyrəşmişik. Lakin həmişə olduğu kimi, bu dəfə də ölkəmiz qarşısındakı bütün süni maneələri dəf edəcək və biz Bakının müstəqil daxili və xarici siyasət apardığı proseslərə şahidlik edəcəyik.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR