Türk xalqları arasında ədəbi əlaqələrin inkişafı Fondunun direktoru: “Ermənistanın hücumu tam təxribatdır”

Türk xalqları arasında ədəbi əlaqələrin inkişafı Fondunun direktoru: “Ermənistanın hücumu tam təxribatdır”
# 15 iyul 2020 17:54 (UTC +04:00)

“Sözümə başlamazdan öncə bildirmək istəyirəm ki, bu münaqişədə 11 Azərbaycan hərbçisinin şəhid olduğunu biləndə çox üzüldüm. Allahdan şəhidlərə rəhmət diləyirəm. Azərbaycan xalqına başı sağ olsun! Hesab edirəm ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və Azərbaycana təzminat ödənməlidir. İki ölkə arasında atəşkəslə bağlı razılaşmanın olmasına baxmayaraq, onun kobud şəkildə pozulması beynəlxalq hüququn müddəalarının pozulması deməkdir. Ermənistanın bu davranışı tamamilə hüquqaziddir. Burada vurğulanacaq bir məsələ var. Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən Dağlıq Qarabağ problemi var. Dünya bu problemdən xəbərdardır”.

APA-nın məlumatına görə, bunu yazıçı, Türk xalqları arasında ədəbi əlaqələrin inkişafı Fondunun direktoru Erkinbek Serikbay ea-news.kz saytına müsahibəsində deyib.

O, Ermənistan bu hücumu çoxdan planlaşdırdığını düşündüyünü bildirib: “Birincisi, Azərbaycan beynəlxalq aləmdə güclü bir ölkəyə çevrilib. Neft və qazdan əlavə, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracında da Qafqaz bölgəsində liderlik edir. Bütün sahələrdə öz ehtiyaclarını ödəyə biləcək ölkədir. Ordusu da beynəlxalq səviyyəli silahlarla təchiz edilib. Eyni zamanda, Azərbaycan öz ordusu üçün silah istehsal edə bilən ölkədir. Rəqibi Ermənistan isə Sovet İttifaqı dağılandan və müstəqillik qazandıqdan sonra yaxşı inkişaf etməyib. Ermənistan istər hərbi, istərsə də iqtisadi baxımdan başqa bir ölkənin dəstəyi olmadan Azərbaycanla müharibə etmək iqtidarında deyil”.

Ermənistan bu hücumla səhvə yol verdiyini qeyd edən E. Serikbayın sözlərinə görə, Ermənistan rəhbərliyinin belə münasibəti ölkənin inkişafına mənfi təsir göstərəcək: “Bütün dünyanın epidemiya ilə mübarizəyə başının qarışdığı, vətəndaşlarının sağlamlığı barədə düşündüyü bir vaxtda, İrəvanın bu davranışını təxribat adlandıra bilərik. Müasir dövrdə, müharibə başlamazdan əvvəl qarşı tərəfi məlumatlandırırlar. Burada bir şey qeyd etmək istərdim. Bu münaqişə Ermənistan üçün böyük bir dərs oldu. Son qarşıdurmada ən çox ziyan çəkən Ermənistandır. Bu gərginlikdən sonra bölgədəki siyasi və hərbi oyunun istiqaməti tamamilə dəyişəcək. Ermənistanı dəstəkləyən pərdə arxası qüvvələr Azərbaycanın güclü dövlət səviyyəsinə çatdığını qəbul edirlər. Pərdə arxasındakı ölkələr Ermənistanı dəstəkləməklə rəzil oldu”.

O, Ermənistanın hücumunun gözlənilməz olmadığına diqqət çəkərək, artıq 30 ildən çoxdur, Azərbaycanla Ermənistan arasında münasibətin yaxşı olmadığını bildirib: “Hər iki ölkə 30 ildir ki, sərhədlərini möhkəmləndirməklə məşğuldur. Ermənistanın Tovuz bölgəsinə silahlı hücumu tam təxribatdır. Bu hərəkətlə İrəvan beynəlxalq səviyyədə özünün Dağlıq Qarabağdakı cinayətlərini təmizləmək istədi. Dolayısı ilə, dünya mediasının və ictimaiyyətin diqqətini Tovuz bölgəsinə cəlb etməyə çalışmaq bir növ provokasiyadır. Məncə, elə ilk saatlarda Ermənistanın və tərəfdarlarının planları tamamilə pozuldu. İndi beynəlxalq təşkilatlara qarşısında özlərini necə təmizə çıxarmaları barədə düşünürlər”.

Qazaxıstan mətbuatının bu silahlı hücuma münasibətinə toxunan E. Serikbay bildirib ki, Qazaxıstan mətbuatı dəqiq və qərəzsiz məlumat verməkdə öz prinsiplərini formalaşdırıb: “20-25 il əvvəlki xəbərlərə baxsanız, Rusiya mətbuatının Qazaxıstanda nüfuzunun olduğunu görmək mümkündür. O zaman cəmiyyətimizə Dağlıq Qarabağ kontekstində yanlış fikirlər təqdim edildi. İctimaiyyət arasında Dağlıq Qarabağla bağlı fərqli fikirlər mövcud idi. Davamlı inkişaf sayəsində Qazaxıstan mətbuatı Rusiya mediasından xəbərləri götürüb tərcümə etmək və yaymaq siyasətini dəyişdi. Mən bu məsələni hər zaman izləyirəm. Bildiyim qədər, Dağlıq Qarabağla bağlı bir xəbər yayımlayanda ilk növbədə Azərbaycanın milli maraqları nəzərə alınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR