Azərbaycanın daha bir uğuru: BMT Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyir - TƏHLİL

BMT Baş Assambleyası

© APA | BMT Baş Assambleyası

# 19 noyabr 2021 14:30 (UTC +04:00)

COVİD-19 virusundan əziyyət çəkən dünyada vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı problem getdikcə böyüməkdədir. İnkişaf etmiş ölkələr dünya əhalisinin cəmi 14 faizini təşkil edir, həmin ölkələr bu günə qədər dünyada ümumi vaksinlərin 80 faizdən çoxunu sifariş edib.

ABŞ istehsalı olan “Moderna” vaksininin 98 faizini, Avropa vaksini “Pfizer”in isə 96 faizini sifariş edənlər zəngin ölkələrdir. O zaman sual yaranır ki, bəs, kasıb ölkələrin vətəndaşları nə etməlidirlər? Bu mənada Azərbaycan dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarıdır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev ən yüksək tribunalardan haqlı olaraq dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”nü qabardaraq bu problemi həll etməyə çağırıb.

2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi.

Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib. 171 ölkə qətnamənin lehinə səs verib. Heç bir ölkə qətnamənin əleyhinə çıxmayıb. Sənədə münasibətdə bitərəf qalmış 7 ölkədən biri isə regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Qətnamə dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.

Göründüyü kimi, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Azərbaycan artıq beynəlxalq səviyyədə koronovirus pandemiyasına qarşı mübarizə aparır. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki çıxışları çərçivəsində ölkəmiz COVİD-19 infeksiyası ilə qlobal şəkildə mübarizənin aparılması üçün dünyanı səfərbərliyə çağırır, vaksin millətçiliyinin yolverilməzliyi, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərin bərabər paylanmaması ilə bağlı həyəcan təbili çalır.

Təsadüfi deyil ki, məhz bu mövzuda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə təşkilatın videoformatda xüsusi sessiyası çağırılıb. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşündə Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etdilər.

Bu Zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir. Bu mənada Qoşulmama Hərəkatına sədrlik edən Prezident İlham Əliyev bir sıra qlobal təşəbbüslərin müəllifidir.

Prezident Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması dünya ölkələrinin Azərbaycana verdiyi dəyərdir. Qeyd edək ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Prezident İlham Əliyevin gündəliyində olub.

İyulun 13-də Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında çıxış edən Prezident Əliyev bildirib ki, Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl fəaliyyət planı qəbul edib: “Təəssüf ki, COVID-19 pandemiyası dünyanı bürüdü, yeni reallıqlar və çətinliklər yaratdı. Lakin biz yeni vəziyyətə çevik və adekvat reaksiya verə bildik. Biz səylərimizi pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdik. Bu baxımdan, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib”.

Onu da xatırladaq ki, Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları etməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırması, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərməsi birbaşa dövlət başçısının təşəbbüsüdür.

BMT Baş Assambleyanın 3-cü komitəsində qəbul olunan qətnamə isə beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini göstərir. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını həmişə qınayıb. Prezident Əliyevin də qeyd etdiyi kimi, bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.

“Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq”, - deyə, Azərbaycan Prezidenti növbəti dəfə dünya ictimaiyyətinə çağırış edib.

Bütün bunların fonunda Azərbaycan azgəlirli dost ölkələrə yardım edib. Azərbaycan tərəfindən Qırğızıstana humanitar yardım kimi 40 min doza “AstraZeneca” vaksini göndərilib. Həmçinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində ölkəmizdən Özbəkistana 50 min doza “AstraZeneca” vaksini çatdırılıb.

Beləliklə, dünya bir daha şahid oldu ki, Azərbaycan ağır pandemiya dövründə real təşəbbüskar ölkələrin önündə gedib. Azərbaycanın ağır dövrdəki təşəbbüs və ideyaları təkcə milli çərçivədə böyük nəticələr ortaya qoymaqla məhdudlaşmır. Pandemiya başlayandan bəri Azərbaycan bu böhrana qarşı təşkilatda koordinasiyalı yanaşması ilə seçilib. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Qoşulmama Hərəkatının 120 üzv dövləti adından danışan Prezident İlham Əliyev problemə çoxtərəfli yanaşmanın vacibliyini vurğulayıb və bütün ölkələr üçün COVID-19-a qarşı dərmanlara, peyvəndlərə və tibbi avadanlıqlara bərabər əlçatanlığın təmin olunmasının vacibliyini qeyd edib.

Azərbaycanın pandemiyanın dəf edilməsi üçün irəli sürdüyü təşəbbüslər və göstərdiyi real fəaliyyət ölkəmizin bu məsələdə də lider olduğunu göstərir.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR