Azərbaycanın erməni əsirlərlə davranışı: Humanizm, beynəlxalq hüquqa hörmət - TƏHLİL

Erməni hərbçilərin məhkəməsi

© APA | Erməni hərbçilərin məhkəməsi

# 05 iyul 2021 16:14 (UTC +04:00)

Azərbaycan iki rayonun mina xəritələrinin müqabilində Ermənistana növbəti 15 nəfəri təhvil verib.

İyunun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Azərbaycan XİN-in bəyanatında mina xəritələrinin əldə edilməsinin on minlərlə vətəndaşımızın, o cümlədən mina təmizləyənlərin həyatını təhlükədən xilas edəcəyi və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəyi vurğulanır.

"Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib", - məlumatda deyilir.

Vurğulayaq ki, Azərbaycan Ordusu tərəfindən əsir götürülən işğalçı ordunun əsgərlərinə dövlətimizin münasibəti həmişə humanistliyi və beynəlxalq hüquqa hörmətlə yanaşılması ilə fərqlənib. Hətta Ermənistana təhvil verilən şəxslər vətənlərinə qayıtdıqdan sonra yerli və xarici mediaya açıqlamalarında da etiraf ediblər ki, Bakı bütün əsirlərlə beynəlxalq tələblər səviyyəsində, humanistcəsinə davranır, yaralı erməni hərbçiləri Azərbaycanın müasir xəstəxanalarında müalicə edilir, onlara insanlıq qayğısı göstərilir. Uzun müddət adi gigiyenik qaydalara əməl etməyən erməni hərbçiləri əsirlikdə təmiz paltar, müasir xəstəxana geyimləri ilə təmin edilib, onlara hamam və digər təmizlik şəraiti yaradılıb. Bir sözlə, Azərbaycan dövlətinin əsirlərlə davranışı tam olaraq humanizm prinsipləri əsasındadır. İşğalçı ordunun əsir düşmüş heç bir hərbçisi onunla kobud davranışdan şikayət etmir, Ermənistan hakimiyyəti də bundan Azərbaycana qarşı istifadə edə bilmir.

Birinci Qarabağ Müharibəsində işğalçı Ermənistan tərəfindən əsir götürülən Azərbaycan vətəndaşları isə ən vəhşi işgəncələrlə üzləşiblər. Ermənistan hətta azərbaycanlı əsirlərin bir qismini dərhal, sorğu-sualsız güllələyib. Azərbaycan isə erməni əsirləri məhkəmə qarşısına çıxardaraq, onlara müxtəlif hüquqi cəzalar verib, hətta bu cəzaların yumşaq olduğunu Ermənistan mediası da yazır. Erməni əsirliyində olan Azərbaycan vətəndaşlarına qarşı isə insanlığa yaraşmayan qəddarlıqlar edib, onları şikəst hala salıb, daxili orqanlarını orqan mafiyalarına satıblar. Ermənistanın bizim əsirlərə göstərdiyi faşist davranışı konkret faktlarla sübuta yetirilib.

Ermənistan uzun müddət təbliğat aparırdı ki, guya Azərbaycanda saxlanılan erməni hərbçilərinə işgəncə verilir, onlarla qeyri insani rəftar edilir. Ayrı-ayrı xarici təşkilatlar, müxtəlif ölkələrin rəsmi şəxsləri də erməni iddialarına dəstək verir, onların qaytarılması tələbi ilə çıxış edirdi. Azərbaycana qarşı aparılan kampaniyaya dəstəklərini ifadə edirdilər. Lakin həmin erməni hərbçilər vətənlərinə qayıtdıqdan sonra hamı onlarla humanist davranışın şahidi oldu. Bakının təhvil verdiyi ermənilərin sağlıq durumu, qida, tibb və müxtəlif zəruri əşyalarla təmin olunması erməni yalanlarının növbəti ifşası oldu. Eyni zamanda erməni yalanlarına dəstək verənlərin bütün cəhdlərinin sadəcə “qara piar” olduğu üzə çıxdı. Hər kəs anladı ki, Azərbaycan humanizm prinsiplərinə sadiqdir və beynəlxalq hüquqla müəyyən edilmiş bütün norma və prinsiplərə dönmədən əməl edir. Bunu Azərbaycanda əsrilikdə olmuş erməni hərbçilər belə ölkələrinə döndükdən sonra verdiklərini açıqlamalarda etiraf edirlər.

Bu gün Azərbaycanı nədəsə ittiham edənlər unudurlar ki, Ermənistanla Azərbaycanın əsirlərə münasibəti heç cür müqayisə edilə bilməz. Bu gün Azərbaycanda Ermənistandan fərqli olaraq, əsirlərlə yüksək humanizm prinsipləri, insanlıq çərçivəsində rəftar edilir. İndiyə qədər işğalçı ordunun əsir düşən heç bir hərbçisi ilə pis davranılmayıb. Onlara işgəncə verilməyib, iradələrinin ziddinə ifadə verməyə məcbur edilməyib, məhkəmələrdə dövlətin maliyyəsi ilə vəkillərlə təmin olunublar. İşgəncədən isə qeyd olunduğu kimi, söhbət belə gedə bilməz. Halbuki ermənilər Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlı hərbi və mülki şəxslərə qarşı qəddar rəftarları ilə seçiliblər və bunu təsdiqləyən xeyli fakt var. Bu baxımdan, Ermənistanın azərbaycanlı əsirlərlə davranışı ilə Azərbaycanın erməni əsirlərlə davranışları heç cür müqayisə edilə bilməz. Ermənistanın azərbaycanlı əsirlərin başına gətirdiyi oyunlar, müsibətlər, qəddarlıqlar bəlkə də heç tarixdə görünməyib. Təsadüfi deyil ki, ermənilərin azərbaycanlılar üzərində rəftarını Hitler faşistlərinin yəhudilərə qarşı rəftarı ilə müqayisə edirlər.

Bu gün Azərbaycan dövlətinin Ermənistan əsirləri ilə davranışı humanistlik nümunəsidir. Beynəlxalq təşkilatların Ermənistanı açıq, yaxud dolayısı ilə dəstəkləməsi, işğalçı ölkənin azərbaycanlı əsirlərlə faşistcəsinə davranmasını görməzdən gəlməsi, Azərbaycanın əsir erməni hərbçiləri ilə humanistcəsinə davranmasına, onlara insancasına yanaşmasına göz yumması ikili yanaşmadan irəli gəlir.

Azərbaycanın humanistliyi müharibədə ölmüş erməni hərbçilərin meyitlərinin axtarıb tapılması və geri qaytarılmasında da özünü aydın göstərir. Artıq 1600 dən artıq meyit Ermənistana təhvil verilib. Ermənistan isə hələ də Birinci Qarabağ müharibəsində əsir, girov götürülmüş və taleyi məlum olmayan 4 mindən artıq azərbaycanlı haqqında heç bir məlumat vermir. Humanizm ideyalarını əlində bayraq edib Ermənistanın yalanlarını müdafiə edən xarici dairələr bu məsələni niyə gündəmə gətirmir, Ermənistan qarşısında tələb qoymurlar?

Məlumatlara görə, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı aqibəti bəlli olmayan 4 mindən çox Azərbaycan vətəndaşının əksəriyyəti öldürüb və kütləvi məzarlarda basdırıb. Bu qəbiristanlıqlardan biri Vətən müharibəsindən sonra Kəlbəcər rayonunun Başlıbel kəndində aşkar edilib. Bu fakt onu deməyə əsas verir ki, ermənilər əsir götürdükləri azərbaycanlıları kütləvi şəkildə öldürüb, onların bərəsində məlumatları isə gizlədiblər. Ən acınacaqlısı budur ki, bütün bunlar dünyanın gözü qarşısında baş verib və bu gün Azərbaycandan humanizm, erməni əsirlərin qaytarılmasını tələb edən beynəlxalq qurumlar, QHT və insan haqları təşkilatları azərbaycanlıların başına gətirilən faciələri, soyqırımını sükutla seyr edib.

Əsirlikdə olan bəzi vətəndaşlarımızın sağ olduğunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də təsdiqləyib, onlarla müxtəlif yazışmalar aparıblar. Bu insanların bir qisminə işgəncə verilib, onların bir qismini isə vəhşicəsinə öldürülüblər. Lakin İrəvan onlar haqqında hər hansı bir məlumat verməkdən imtina edir. Belə olan halda Ermənistan hansı əsasla humanizmdən danışır? Niyə “humanist təşkilatlar və dövlətlər” Ermənistandan bunun hesabını sormur?

Bütün bunlara baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin ciddi nəzarəti altında humanist siyasət sərgiləməkdədir. Azərbaycan hüquqi dövlətdir, Azərbaycanda hüquqa hörmətlə yanaşılır. Ermənistan isə həm öz vətəndaşlarına, həm də Azərbaycan vətəndaşlarına qarşı davranışda faşist ölkəsi olduğunu nümayiş etdirir.

Azərbaycanın erməni əsirlərə qarşı humanist davranışı Ermənistan ictimai rəyində də izlər buraxır. Artıq erməni ictimaiyyəti də kimin vəhşi, kimin humanist olduğunu yaxşı görür və anlayır.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR