BMT tribunasından uzun illərdir sərgilənən sistemli və prinsipial mövqe - TƏHLİL

Prezident İlham Əliyev BMT tribunasında

© APA | Prezident İlham Əliyev BMT tribunasında

# 24 sentyabr 2021 20:01 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videomüraciət formatında çıxışında növbəti dəfə prinsipial mövqe nümayiş etdirdi, önəmli və aktual məsələlərə toxundu, çağırışlar etdi.

Bu, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsindən sonra Prezidentin dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi BMT-də ilk dəfə müraciəti idi. Azərbaycan Prezidenti çıxışında Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasəti, etnik dözümsüzlük, müharibə dövrü ermənilərin insanlığa qarşı cinayətləri, postmüharibə dövründə Cənubi Qafqazda təzahür edən yeni reallıqlar, Ermənistanın davam etdirdiyi destruktiv siyasət haqqında danışaraq, həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdı. Eyni zamanda, dövlət başçısı beynəlxalq çağırış olmaqda davam edən COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizin apardığı qlobal fəaliyyət haqqında iclas iştirakçılarını məlumatlandırdı.

Prezident İlham Əliyev öz çıxışında erməni faşizmini ifşa etdi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı, etnik təmizləmə siyasətini, faşizm ideologiyası əsasında dövlət siyasəti qurduqlarını faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. O qeyd etdi ki,“Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür".

Bu məsələləri qabartmaqla ölkə başçısı münaqişənin nizamlanmasında məsuliyyət daşıyan ölkələrə eyham vuraraq onların məhz özlərinin qəbul etdirdikləri BMT nizamnamələrini qulaqardına vurduqlarının icmarıcını verdi.

Prezident İlham Əliyevin “Ötən ilin sentyabrında BMT Baş Assambleyasının sessiyasında çıxış edərək, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistan hökumətinin təcavüzkar bəyanatları və hərəkətləri ilə bağlı məsələni qaldırdım. Bu gün, bir il sonra, Ermənistanın döyüş bölgəsində məğlub olduğunu və Azərbaycanın işğala son qoymasını söyləməkdən qürur duyuram” bəyanatı olduqca aktual və reallıqları əks etdirən tezisdir. Məsələ bundadır ki, düz 1 il əvvəl BMT-nin 75-ci Sessiyasında Azərbaycan dövlət başçısı müharibənin başlama ehtimalını yüksək qiymətləndirmiş, bölgədə eskalasiyanın artmaması üçün dünyanı xəbərdar etmişdi. “Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə Prezident bir il əvvəl bildirmişdi.

BMT-nin ötənilki sessiyası zamanı BMT-ni, ələlxüsus Təhlükəsizlik Şurasının Minsk qrupundakı təmsilçilərini xəbərdar edən Azərbaycan bir neçə gün sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşdi, bu təcavüzə cavab olaraq başlanan Vətən müharibəsi Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmaları ilə nəticələndi.

Burada maraqlı və bu gün üçün də aktual məqam ondan ibarətdir ki, dövlət başçısının bir çox çıxışlarında olduğu kimi, BMT-nin 75-ci sessiyası zamanı da müharibənin başlanma riskinin maksimum həddə olduğu barədə xəbərdarlığına baxmayaraq, dünya, ələlxüsus Minsk qrupunun həmsədr dövlətləri hərbi əməliyyatların qarşısının alınması, münaqişənin dinc yolla həll edilməsi üçün heç bir əməli addımlar atmadı.

Bu gün Minsk qrupu və həmsədr dövlətlərin bəziləri Qarabağla bağlı statusdan və yeni müzakirələrin zəruriliyi haqqında danışarkən, yaxşı olardı ki, dönüb arxaya baxsınlar, aparmış olduqları mənəviyyatsız siyasətdən utansınlar. Hazırda Qarabağla bağlı hər hansı təklif verməyə mənəvi haqqı olmayan Minsk qrupu minlərlə insanın həlak olmasında birbaşa məsuliyyət daşıyır, bütün olanlardan sonra isə Qarabağın statusunun müzakirə predmeti olmayacağını mütləq bilməlidir.

ABŞ-ın Ermənistandakı səfirinin, okeanın o tayındakı və Qərbdəki müəyyən qrupların status və Minsk qrupunun “dirildilməsi” kimi çıxışları fonunda, dünən Prezident İlham Əliyevin BMT kürsüsündə Qarabağla bağlı açıqlaması onlara birbaşa icmarıcdır. Dövlət başçısı mövcud reallıqlara toxunaraq bunları vurğuladı: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. 2021-ci il 7 iyul tarixli Fərmanla biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Ümumiyyətlə qeyd edilməlidir ki, Prezident İlham Əliyev BMT kürsülərindəki bütün çıxışlarında daim Ermənistana və onun havadarlarına ciddi ismarıclar verib, işğal faktoru ilə ölkəmizin barışmayacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan lideri müharibənin başlanmasına qədər hər zaman dünyaya müraciət edir, beynəlxalq hüquqa əməl olunması üçün hegemon dövlətləri ədalətli mövqe tutmağa çağırır, Azərbaycanın gücün deyil, diplomatiyanın, hüququn sonda qalib gələcəyinə ümidlər etdiyini göstərmiş olurdu.

Azərbaycan Prezidenti BMT-nin 2004-cü ilin sentyabrında keçirilmiş 59-cu Sessiyasında çıxışında deyirdi: “Azərbaycan BMT-yə üzv olduğu ilk günlərdən daim beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağ ilə bağlı Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması məsələsinə yönəltmişdir. Ölkəmiz BMT-dən təcavüzkarı işğal olunmuş torpaqlardan geri çəkilməyə məcbur edəcəyini və beləliklə, öz yurdlarından qovulmuş Azərbaycan vətəndaşlarının daimi yaşayış yerlərinə qayıtması üçün imkan yaradılacağını gözləyirdi.

Suveren Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə 822, 853, 874, 884 nömrəli 4 qətnaməni yekdilliklə qəbul etdiyini bir daha yada salmaq istərdim. Bu qətnamələr Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olmasını təsdiqləmiş və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət edilməsinə qəti şəkildə çağırmış və ərazilərin əldə edilməsi məqsədi ilə güc işlədilməsinin yolverilməz olduğunu vurğulamışdır. BMT qətnamələri Azərbaycanın zəbt olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını və köçkün düşmüş insanların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtması üçün şəraitin təmin olunmasını tələb etmişdir. Sülhün, ədalətin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağıran qətnamələrin heç biri münaqişənin həlli üçün əsas təşkil edən beynəlxalq hüququn fundamental prinsiplərini heç zaman tanımayan və onlara hörmət etməyən Ermənistan tərəfindən yerinə yetirilməmişdir. Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və Azərbaycanın 7 digər rayonu on ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. ...Təhlükəsizlik Şurasının biganəliyi münaqişənin həlli prosesinə dağıdıcı təsir göstərir. Qətnamələrə məhəl qoymayan, hərbi təcavüzünün nəticələrini möhkəmləndirməyə çalışan və bu hərəkətlərinə görə cəzasız qalan Ermənistan nəticə etibarilə işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan əhalisinin kütləvi şəkildə qeyri-qanuni məskunlaşdırılması kimi qəddar siyasət həyata keçirmişdir ki, bu da beynəlxalq hüququn, xüsusilə Müharibə Zamanı Mülki Şəxslərin Müdafiəsi üzrə 1949-cu ildə qəbul edilmiş 4-cü Cenevrə Konvensiyasının müddəalarının açıq şəkildə növbəti pozulmasıdır”.

Dövlət başçısı həmin çıxışında “Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə heç zaman barışmayacaqdır”, - deyə bəyan etmişdi.

BMT-nin 2010-cu ilin sentyabrında keçirilmiş 65-ci Sessiyası zamanı Prezident Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini verildiyini, torpaqların gücdən istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğuladığını xatırlatmışdı. “BMT, həmçinin Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımış, işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmasına çağırmışdır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi və digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı eyni mövqeni tutmuşlar. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyinə baxmayaraq, Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir.

Bu günə qədər münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir ki, bu da öz növbəsində gözlənilməz nəticələrə gətirə bilər”, - deyə dövlət başçısı vurğulamışdı.

Azərbaycan Prezidenti daim BMT baş tribunasından onların özlərinin qəbul etdikləri qətnamələrin hələ də bu illər ərzində icra edilməməsini böyük təəssüf hiss ilə bildirir, qeyd edirdi ki, mütləq şəkildə bu ədalətsizliyə son qoyulmalıdır.

Əlbəttə ki, II Dünya müharibəsindən sonra planetdə əmin-amanlığa, sabitliyə cavab verən Qurumun özünün qəbul etdiyini Qətnamələrlə bağlı ikili standartlar nümayiş etdirməsi Azərbaycan üçün başa düşülən deyildi. Bu o BMT-dir ki, 2011-ci ildə TŞ-nın Liviya ilə bağlı Qətnaməsinin bir neçə saat ərzində reallaşması üçün fəaliyyət həyata keçirdi. Lakin həmin dövrdə üstündən təxminən 2 onillik keçməsinə baxmayaraq, Qarabağla bağlı susmağa davam edirdi.

Təsadüfi deyil ki, həmin hadisədən bir neçə il sonra Prezident İlham Əliyev BMT-nin 2017-ci ilin sentyabrında keçirilmiş 72-ci Sessiyası zamanı qlobal dünyaya çağırış edərək onlardan ədalətli mövqe istəmişdi. O qeyd edirdi: “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında ilk gündən münaqişənin nizamlanması, regionda baş verən proseslərlə bağlı eyni mövqedə olub, prinsipial olaraq mövqeyindən geri dönməyib, Ermənistana və dünya birliyinə problemin dinc həll yolunu göstərib. Lakin Azərbaycanın bu xəbərdarlıqları və çağırışları bu illər ərzində cavabsız qalıb, bəlli qüvvələr öz məkrli siyasətlərini aparmaqda israrlı olublar.

Nəticə isə göz qabağındadır. 44 günlük müharibə və qalib gələn, beynəlxalq hüquqda ədalətliliyi özü quran Azərbaycan.

Yuxarıda sadalananlar bir daha onu göstərir ki, Azərbaycanın dünyanın hegemon güclərini ittiham etmək üçün bir çox səbəbləri və faktları var. 30 il ərzində münaqişəni nizamlamayan, azərbaycanlı məcburi köçkün uşaqların çadırlarda böyüməsinə göz yuman, tarixi abidələrimizə, qəbiristanlıqlarımıza, ekologiyamıza qarşı vəhşilik edən Ermənistanı həvəsləndirən bu güclər bundan sonra öz işləri ilə məşğul olsalar, sülh proseslərinə xələl gətirməsələr, yaxşı olar. Ən azı, heç olmasa, ilk dəfə öz mənəvi statusları, siyasi imicləri haqqında düşünsələr pis olmaz.

Qeyd olunanlar həm də onu göstərir ki, Azərbaycan Prezidenti xalqın, dövlətin maraqlarını qorumaqda, beynəlxalq hüququn, insan haqlarının təmin olunmasında necə prinsipial və əzmkardır, ədalətsizliyin, ikili standartların aradan qaldırılması yolunda necə ardıcıl siyasət yürüdür.

Aparılan təhlillərdən bir daha məlum olur ki, Prezident İ. Əliyev BMT sessiyalarında hər çıxışında Azərbaycanın torpaqlarının işğalı ilə barışmayacağını sistemli şəkildə bəyan edib, dünya birliyini problemin sülhlə həlli üçün səylərini artırmağa çağırıb. Azərbaycan dövlət başçısı ilk gündən eyni mövqedə olub, prinsipial olaraq mövqeyindən dönməyib, Ermənistana və dünya birliyinə problemin dinc həlli yolunu göstərib, amma bu çağırışlar cavabsız qalıb. Nəticədə isə Vətən müharibəsi zamanı Ermənistan məğlub edilib, bölgədə yeni reallıq yaranıb. Ermənistan və beynəlxalq güclər isə artıq yeni reallıqla barışmaq məcburiyyətindədir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR