Ermənistana verilən yeni şərtlər - TƏHLİL

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev

© APA | Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev

# 28 iyun 2021 13:49 (UTC +04:00)

Ötən həftə Azərbaycan tərəfi Cənubi Qafqaz regionuna dair baxış bucağını bir daha açıqlayaraq, rəsmi Bakının prinsipial mövqeyini regiondakı proseslərdə bilavasitə və dolayısı yolla iştirak edən bütün qüvvələrə bildirdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə və Avropa İttifaqının nümayəndələri ilə Bakıdakı görüşü zamanı maraqlı məqamlara toxundu.

Dağlıq Qarabağ ifadəsi və inzibati ərazisi yoxdur.

İlk növbədə, başlayaq Prezident İlham Əliyevin Ermənistan hakimiyyətinə tövsiyə etdiyi yeni şərtdən. Bakının yeni şərti budur: “Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək, öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək”.

Əlbəttə ki, əgər Ermənistan son 30 il apardığı siyasətdən nəticə çıxarmaq və bugünkü erməni cəmiyyətinin düşdüyü ağır vəziyyətdə günahkarları və səhv aparılan siyasətə diqqət yetirmək iqtidarındadırsa, o zaman mütləq şəkildə gələcək siyasətinə korrektələr etməlidir. İrəvan unutmamalıdır ki, 10 noyabr 2020–ci ildə Azərbaycan ordusu Xankəndidə uğura imza atarkən Ermənistan Baş nazirinin qarşımızda diz çökməsindən və Rusiyanın xahişindən sonra kapitulyasiya haqqında Bəyanat qəbul edildi. Bu isə o deməkdir ki, Qarabağla bağlı xəyallardan əl çəkmək, Xankəndində və ətraf rayonlarda yaşayan erməni əhalisini illüziyalardan uzaqlaşdırmaq lazımdır. Əgər Ermənistan müharibəyə qədər olduğu kimi, indi də, Bakının xəbərdarlıqlarını qulaqardına vurarsa, bu onlar üçün baha başa gələcək. Erməni tərəfi çox yaxşı bilir ki, Azərbaycan dövlət başçısı mahir diplomat və Ali Baş komandandır və o dahi siyasətçi kimi hər zaman ilk növbədə diplomatik xəbərdarlıq edir, sonra isə, dəmir yumruğunu işə salır. Əgər bundan sonra bölgədəki yeni proseslərdə Ermənistan özünü qeyri–adekvat apararsa, arxasında kimin olmasından asılı olmayaraq, daha bir silləmiz ilə qarşılaşacaq.

Sərhədlərlə bağlı anlaşmanın vacibliyi.

Prezident hərbçilər qarşısında çıxışı zamanı Ermənistan üçün ən düzgün qərarın nələr olmasına aydınlıq gətirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir”.

Bu xəbərdarlıq və şərt də, ermənilər üçün çox vacib və məsuliyyətli istiqamətləri əhatə edir. Hazırda Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq üçün tarixi şans olduğu bir zamanda, tərəflər gələcəkdəki mümkün münaqişələrdən sığortalanmaq naminə, hər iki xalq üçün çox vacib sənədə imza atmalıdırlar. Əgər Paşinyan hakimiyyəti yaxın aylar ərzində Azərbaycanla bütün sərhədboyu demarkasiya və delimitasiya işlərini həll etsə, o, erməni xalqının gələcəkdə mümkün faciələrdən sığortalaya bilər. Hər kəsə məlumdur ki, Ermənistanda yaxın illər ərzində siyasi sistem qeyri-sabitliyi ilə seçiləcək, eyni zamanda, Azərbaycanla sərhəd bölgələrdə Koçaryan və əlaltılarının siyasi, hərbi təxribatları gözləniləndir. Belə olan halda, sərhədlərin müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi olduqca zəruridir və bu, ilk növbədə Ermənistana lazımdır. Əks təqdirdə, Azərbaycana qarşı istənilən təxribat Ermənistan dövləti üçün ciddi təhlükə yaratmış olacaq.

Ona görə, yaxşı olardı ki, Ermənistan cəmiyyətindəki nisbətən ayıq dairələr bugünkü və gələcək reallıqları başa düşsünlər, Bakının şərtlərini yerinə yetirsinlər. Unutmasınlar ki, əgər 1990–cu illərdə ermənilər rəsmi Bakının şərtlərini və xəbərdarlıqlarına məsuliyyətlə yanaşsaydılar, indi Qarabağ ətrafında heç də belə biabırçı məğlubiyyət və ölkə daxilində mənəvi–fiziki böhran ilə qarşılaşmayacaqdılar.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan tərəfinə bəlkə də bu dövlətin psevdo müstəqilliyi dövründə ən vacib xəbərdarlıqlarından birini edir: “Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”.

Avropa İttifaqından Ermənistandakı revanşistlərə zərbə.

Ermənistan tərəfinə Azərbaycan tərəfinin yeni şərtləri haqqında danışarkən, qonşu ölkənin nəzərə alınmaqda olduqları daha bir çox ciddi mövzu var. Müharibənin yekunları və Azərbaycan Ordusunun torpaqları azad etməsindən 7 ay keçir və dünya ictimaiyyəti, heç bir təşkilat, heç bir dövlət (bir qədər Fransadakı qanunverici orqanı çıxmaq şərtilə) Ermənistanın yanında real olaraq dayanmadı. Təsadüfi deyil ki, bu mövzuya bu yaxınlarda Levon Ter–Petrosyan da toxunaraq qeyd etmişdir ki, dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və Ermənistan Dağlıq Qarabağa təsir imkanını tamamilə itirib.

Elə ötən həftə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisinin Cənubi Qafqaza səfərinin yekunları da, yuxarıda deyilənlərin göstəricisi idi. Bölgəyə səfərlərinin ilk günü Bakıda olan qonaqlar Azərbaycan Prezidentinin bölgədəki proseslərlə bağlı fikrini nəinki nəzərə aldılar, hətta bir qədər də irəli gedərək dövlətimizin liderinin çıxışındakı vacib məqamları özləri üçün “yol xəritəsinə” çevirdilər.

Nəticədə, Aİ nümayəndələri, İrəvanda Azərbaycan və Ermənistan arasında əməkdaşlığın və etibarlı münasibətlərin yaradılmasının vacibliyindən danışıblar. "Qarabağın statusu", "Bakı və İrəvan arasında Dağlıq Qarabağın müzakirəsi" ifadələrindən istifadə etməyərək, ermənilərin hiddətinə səbəb olublar. Eyni zamanda, Ermənistanın paytaxtında avropalı siyasətçilər, Azərbaycana xəritələrinin qaytarılmasının vacibliyi haqqında danışıblar.

Bütün bunlar sözsüz ki, Azərbaycanın güclü siyasi–iqtisadi gücü, hərbi–siyasi sahədəki tərəfdaşları ilə apardığı uğurlu siyasətinin göstəricisidir. Xarici dövlətlər və beynəlxalq təşkilatlarla aparılmış fəal, məqsədyönlü işin praktik nəticələrinin Vətən müharibəsində və postmüharibə dövründə özünü göstərməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çox rasional və strateji siyasətin göstəricisidir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri - Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR