Ermənistanla eyni hərbi platformada yer alan üç ölkənin Azərbaycanı qələbə münasibətilə təbrik etməsi vacib amildir - RƏY

Zaur Məmmədov

© APA | Zaur Məmmədov

# 29 noyabr 2021 11:28 (UTC +04:00)

“Azərbaycan Respublikası müstəqillik illərinin ilk illərindən başlayaraq xarici siyasət konsepsiyasında çoxistiqamətli balanslaşdırılmış baxış bucağını ortaya qoyaraq milli maraqlarımızın reallaşması üçün əsas hədəflərinə çatıb. Ölkəmiz regional və beynəlxalq müstəvidə bir çox platformada nəinki iştirakçı kimi yer alıb, hətta bir çox təşkilatda aparıcı dövlət statusu almağı bacarıb”.

Bunu APA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Z. Məmmədov bildirib ki, rəsmi Bakının Ermənistan və havadarları üzərində qələbə qazanmasının səbəblərindən biri məhz diplomatik müstəvidə ikitərəfli və çoxtərəfli dövlətlərarası münasibətlərdə əldə etdiyi uğurlarla bağlıdır: “Sözsüz ki, bu istiqamətdə aparılan tədbirlər nəticəsində ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatında da kifayət qədər addımlar atıb. İƏT hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılsa da, platformanın güclənməsi 1992-ci il noyabrın 28-də 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın İƏT-ə qoşulması ilə bağlı olub.

Bu illər ərzində Azərbaycan daim İƏT çərçivəsində əməkdaşlığa önəm verib, təşkilatın səmərəli fəaliyyət göstərməsində fəal iştirak edib. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi edib və bu tədbirlərdə qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb”.

Politoloq xüsusilə son illər ərzində dəfələrlə Azərbaycanın İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyərək müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürdüyünü qeyd edib: “Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilib. Bundan əlavə, Azərbaycan təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir”.

Z. Məmmədov vurğulayıb ki, İƏT-in dünən baş tutmuş Aşqabad sammitində də Azərbaycanın iştirakı aktuallığı ilə seçilib: “Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq ilə çıxış edib, eyni zamanda ikitərəfli görüşlər keçirib.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb, ikitərəfli və regional proseslər müzakirə edilib. Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Prezident İlham Əliyev son zamanlar ikitərəfli əlaqələrdə bir sıra sualların yarandığı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə də görüş keçirib. Görüşdə iki dövlət arasında münasibətlərin bundan sonra bütün sahələrdə yüksələn xətlə inkişaf edəcəyi vurğulanıb. Sözsüz ki, Bakı və Tehran arasında baş tutmuş bu görüş regional proseslərdə sabitlik və birgə iqtisadi layihələrin reallaşması üçün vacib hal sayıla bilər. Belə ki, səfər çərçivəsində iki ölkə arasında gələcəkdə reallaşması planlaşdırılan iqtisadi layihələr müzakirə edilib, o cümlədən Bakı, Aşqabad və Tehran arasında Türkmənistan qazının İran vasitəsilə Azərbaycana ixracına dair sənəd imzalanıb. Bununla bağlı açıqlama verən Azərbaycanın dövlət başçısı qeyd edib ki, imzalanmış sənədin çox böyük əhəmiyyəti var. “Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”, - deyə Prezident İlham Əliyev bildirdi”.

O, ölkə başçısının Tacikistan lideri Emoməli Rəhmonla görüşdüyünü, dialoq çərçivəsində iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, nəqliyyat imkanlarının nəzərdən keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb.

“Əlbəttə ki, İƏT sammitinin ən yadda qalan hissəsi məhz Azərbaycanla, Vətən müharibəsindəki qələbə və yeni yaranan perspektivlər ilə bağlı idi. Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində ölkəmiz və xalqımız 30 ilə yaxın dövr ərzində işğal altında olan torpaqların azad edilməsi münasibəti ilə təbrik edilib. Eyni zamanda sənəddə İƏT-ə üzv ölkələrə çağırış edilir, onlara Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma layihələrinə investisiya qoymaq çağırılır.

Bundan başqa, Azərbaycan üçün digər vacib məsələ - Zəngəzur koridoru layihəsi də qəbul edilmiş sənəddə işıqlandırılır. Belə ki, təşkilatın qəbul etdiyi hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsi əksini tapıb. Soçi görüşündən sonra, bu dəfə Aşqabadda Zəngəzur dəhlizi ifadəsindən istifadə edilməsi, eyni zamanda bu dəhlizin İƏT dövlətləri arasında Avrasiyanın orta xəttində aktuallaşan layihə kimi qeyd edilməsi sözsüz ki, bizim üçün müsbət haldır. Beləliklə, dünənə qədər region və regiona qonşu olan ölkələrdən ibarət “3+3”, “3+2” formatlarına əlavə olaraq daha bir neçə dövlətin Xəzərin o tayı və bu tayı arasında rəsmi Bakının başçılığı altında nəqliyyat və iqtisadi layihələrdə yer alacağını məmnuniyyətlə qeyd edə bilərik.

İƏT-in Azərbaycanı Ermənistan üzərinə qələbə münasibətilə təbrik edən 3 üzvü - Qazaxıstan, Qırğızıstan və Tacikistan eyni zamanda KTMT-nin fəal iştirakçısıdır. Ermənistanla eyni hərbi-siyasi ittifaqda yer almış bu ölkələrin Cənubi Qafqazdakı proseslərə dair Azərbaycanın yanında yer almasını vacib hal kimi qeyd edə bilərik. Bu, həm də onu göstərir ki, Azərbaycan Ermənistanla eyni platformalarda yer almış ölkələrlə belə Ermənistandan daha yaxın, daha strateji münasibətlərə malikdir”, - deyə Z. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR