İran nə istəyir? - TƏHLİL

İran nə istəyir? - TƏHLİL
# 12 avqust 2021 10:55 (UTC +04:00)

İran İslam Respublikasının Azərbaycandakı səfiri dünən XİN-ə dəvət olunaraq ona etiraz notası təqdim olunub. Notada son dövrlər İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq çatdırılıb.

Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılıq görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb. Görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.

Xatırladaq ki, uzun müddətdir, İrandan qaçaqmalçılıq yolu ilə Qarabağa, ermənilər yaşayan ərazilərə yük avtomobilləri ilə şübhəli məhsulların daşınması davam edir. Bu maşınları isə Laçın dəhlizində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları əraziyə buraxır. Bununla bağlı bir neçə dəfə Azərbaycan tərəfinin İrana ismarıc göndərməsinə, internet televiziyalarda videokadrların yayılmasına baxmayaraq, İran tərəfi hər dəfə bu kadrları cəfəngiyyat adlandırıb və iki ölkə arasında müəyyən qüvvələrin Tehran və Bakı arasındakı dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməsinə eyham vurub.

Bəs maraqlıdır, bu dəfə İran tərəfi hansı açıqlamanı verəcək? Çünki Azərbaycan Xarici İşlər Nazirliyinin notasının ardından avqustun 11-də Ermənistan televiziyası da İrana məxsus yük maşınlarının Laçın dəhlizi vasitəsilə Xankəndinə getdiyini təsdiqləyib.

Beləliklə, İranın Laçın dəhlizi vasitəsilə separatçılara yük daşıdığı artıq şübhə doğurmur. İranın 30 illik işğal müddətində separatçı qurumla işbirliyi qurması, işğal altındakı Azərbaycan ərazilərində birgə qeyri-qanuni fəaliyyətlə məşğul olmasına dair saysız-hesabsız informasiyalar, faktlar var.

Daim İslam həmrəyliyindən, mehriban qonşuluqdan danışan, Azərbaycana qardaş deyən rəsmi Tehran niyə Bakıya arxadan zərbə vurur? Hər kəsə məlumdur ki, 30 il ərzində həm Qarabağdakı separatçıların varlığında, həm də Ermənistanın izolyasiyada qalmamasında İran xüsusi rol oynayıb. Elə Vətən Müharibəsinin gedişində də İranın Ermənistana və Qarabağdakı separatçılara necə dəstək verdiyi hər kəsin yadındadır.

Bütün bunlara baxmayaraq, Azərbaycan heç vaxt İrana qarşı hər hansı fəaliyyətdə iştirak etməyib, Qərb ölkələrinin planlarına daxil olmayıb, müxtəlif səviyyələrdə təklifləri rədd edərək, Tehrana qarşı iqtisadi-siyasi və hərbi alyanslarda yer almayıb. Ən əsası, Qərbin İrana qarşı iqtisadi sanksiyalarını heç vaxt dəstəkləməyib, bu sanksiyalara qoşulmayıb, əksinə, qonşu dövlətə qarşı bu addımları qınayıb.

Bununla da, rəsmi Bakı İrana əsl dost və qonşu olduğunu daim sübut edib.

İşğal faktorunun ötən ilin sonunda aradan qalxmasından sonra Azərbaycan qonşu İranı regiondakı yeni geosiyasi və geoiqtisadi layihələrdə iştiraka dəvət edib. İranın son illər düşdüyü qlobal siyasi-iqtisadi durumu nəzərə alsaq, Azərbaycan tərəfindən bu ölkəyə edilən təkliflər eyni zamanda şimal sərhədlərindəki sabitlik məntiqi ilə yanaşsaq, Tehranın dövlət maraqlarına cavab verməli idi. Lakin görünür İran bölgədə Azərbaycanın güclənən varlığını həzm etmək istəmir. Hərçənd, güclü və inkişaf etmiş, ərazi bütövlüyünü təmin etmiş Azərbaycan İranın şimal sərhədləri üçün iqtisadi inkişaf, dövlət təhlükəsizliyi üçün isə sabitlik deməkdir.

Hazırda sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılmasının prioritet olduğu dövrdə Ermənistanın apardığı dağıdıcı siyasəti tənqid etmək, İrəvanı Üçtərəfli Bəyanatın bəndlərini yerinə yetirməyə dəvət etmək İran və Rusiya kimi region dövlətləri üçün əsas məqsəd olmalı olduğu halda, təəssüf ki, hər iki dövlət Xankəndindəki separatçı tör-töküntülərinə real olmayan ümidlər verməklə məşğuldur. Bu dəstək və ümid təkcə Qarabağdakı ermənilərə deyil, eyni zamanda Ermənistan Respublikasına da verilir. Bir müddət əvvəl Kəlbəcərin və Naxçıvan MR-nın Ermənistanla sərhədində Ermənistan ordusunun atəşkəsi pozması fonunda İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri atışmaların getdiyi bölgəyə səfər edərək erməni generalları ilə birlikdə durbinlə sərhədin qarşı tərəfindəki Azərbaycan mövqelərini, Azərbaycan əsgərlərini seyr edir, erməni hərbçilərin sərsəmləmələrinə başını yelləməklə dəstək verirdi.

Səfirin erməni generallarının yanında sərhədlərin toxunulmazlığı ilə bağlı çıxışı İran rəsmilərinin ilk belə bəyanatı deyildi. Postmüharibə dövründə dəfələrlə İranın yüksək çinli rəsmiləri Ermənistanı Azərbaycanla tez bir zamanda sərhədlərin demarkasiyasına, delimitasiyasına başlamağa çağırmaqdansa, Azərbaycan tərəfinə eyham vuraraq sərhədlərin dəyişilməsinin yolverilməz olduğunu bildirməkdədirlər.

Belə olan təqdirdə rəsmi Bakı nə etməlidir? Azərbaycan torpaqlarındakı erməni separatçılarına müntəzəm olaraq yardım edən, ölkə daxilində hələ də separatçılıqla məşğul olan erməni hərbi birləşmələrinə müxtəlif tipli yüklər göndərən İrana hansı cavabı verilməlidir? Əslində, Bakının əlində Tehrana cavab vermək üçün yetəri qədər mexanizm var. Lakin biz İrandan rasional addımlar gözləyirik. İran Azərbaycana düşmən olan ölkəyə, separatçı tör-töküntülərinə yardımları, rəsmi Bakının icazəsi olmadan Qarabağa qeyri-qanuni səfərləri dərhal dayandırılmalıdır. Əks təqdirdə, siyasətdə güzgü effekti öz sözünü deyəcək.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR