Paşinyan-Koçaryan dueli: seçkinin nəticələri və perspektivlər - TƏHLİL

Paşinyan-Koçaryan dueli: seçkinin nəticələri və perspektivlər - <span class="red_color">TƏHLİL
# 22 iyun 2021 17:09 (UTC +04:00)

Erməni xalqı pis və ən pis arasında seçim etdi

20 iyun Ermənistan tarixində mühüm hadisə kimi yadda qalacaq. Çünki erməni xalqı həmin tarixdə gələcək, yoxsa keçmiş, müharibə, yoxsa diplomatiya, Rusiya, yoxsa Qərb kimi çox çətin dilemmalar qarşısında seçim etdi. Müxalifət seçkilərdə qalib gələcəyinə əminliyinə baxmayaraq, ağır məğlubiyyətə düçar oldu. Nəticədə, bir neçə ay əvvəl Azərbaycan ordusundan, Azərbaycan rəhbərliyindən unudulmaz zərbə alan cəllad Koçaryan bu dəfə həmin zərbəni erməni xalqından aldı. Erməni xalqı Koçaryanı öz lideri olaraq yox, sadəcə, bir deputat kimi parlamentdəki kreslolarının birinə əyləşdirərək, illərdir şəxsi ədavətdə olduğu və heç cür qəbul edə bilmədiyi Nikol Paşinyanın apardığı siyasi kursu, çıxışları, qəbul edəcəyi qanun layihələrini seyr etməyi “məsləhət gördü”.  Bu, erməni xalqının Robert Koçaryana verdiyi “qiymət”dir. Dünənə qədər özünü erməni tarixinin “ən şanlı” səhifələrində görən və gələcək nəsillərin adını “qürurla” çəkəcəyini düşünən Robert Koçaryanlar, Serj Sarkisyanlar, 2018-ci il inqilabında olduğu kimi, 2020-ci ilin 20 iyun seçkilərinin nəticəsində də erməni xalqı üçün yaramaz, korrupsioner, oğru siyasətbazlar olaraq qaldı. 20 iyun seçkiləri, əslində, başda Robert Koçaryan olmaqla Qarabağdakı separatçı erməni siyasətçiləri və keçmişdə hakimiyyətdə təmsil olunan şəxslər üçün mənəvi ölüm deməkdir. Bu, həm də 30 illik yanlış işğalçılıq siyasətinin üstündən erməni xalqının xətt çəkməsi, 30 il ərzində bu müsibətləri hər iki xalqa yaşadanların, bölgəni gərginlik içərisində saxlayıb, öz məqsədlərini həyata keçirmək istəyən geosiyasi oyunçuların rədd edilməsi idi.

Ermənistandakı seçkinin nəticələri Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsidir

Azərbaycan dövlətinin və Prezidentinin bu illər ərzində apardığı siyasətin təntənəsini Ermənistan cəmiyyəti, erməni xalqı qəbul etmiş kimi görünür. Ermənistan nəhayət anlamalıdır ki, reallığa qayıtmalıdır, boş xəyallar ardınca qaçmaq ölkəyə heç nə qazandırmır, əksinə, olan-qalanını da əlindən alır. Erməni xalqının günlərin bir günü heç kimin gözləmədiyi bir vaxtda özünü qəhrəman sayan şəxsləri hakimiyyətdən uzaqlaşdırması Azərbaycan Prezidentinin regionda apardığı siyasətin nəticəsində baş verdi. Aprel döyüşlərində, 44 günlük müharibədə Ermənistan ordusunun darmadağın edilməsi, Azərbaycanın regional siyasi və iqtisadi mərkəzə çevrilməsi, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü, Bakının apardığı düşünülmüş siyasət nəticəsində Ermənistanın regiondakı bütün proseslərdən kənarda qalması, Ermənistandakı dərin sosial-iqtisadi və demoqrafik böhran erməni xalqını yuxudan ayıldaraq 30 ilə yaxın vaxt ərzində ölkəni bu vəziyyətə salmış şəxslərə qarşı mövqe nümayiş etdirməyə vadar etdi.

Parlament seçkilərində Koçaryan-Sarqsyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil, müharibədən qorxur.

Seçkilərin nəticəsi

20 iyun seçkilərinin nəticəsi olaraq Nikol Paşinyanın partiyası nəinki qalib gəldi, hətta təkbaşına parlament çoxluğu əldə etdi. Seçkilərin nəticələrinə görə, parlamentə 3  siyasi qüvvə vəsiqə qazandı.  İlk yeri Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası (53,92%) , ikinci yeri isə Koçaryanın “Ayastan” (Ermənistan) bloku (21,04%) qazandı.

Burada maraqlı məqam ondan ibarətdir ki, seçkilərdə Koçaryanı çıxmaq şərtilə (onun isə arxasında kifayət qədər ciddi geosiyasi qüvvə və maliyyə resursları var idi) müxalifətin heç bir təmsilçisi Seçki Məcəlləsinin bloklar üçün müəyyənləşdirdiyi 7%, partiyalar üçün 5% parlamentə düşmə həddini aşa bilmədi. Belə ki, 20 iyun seçkilərinin nəticəsinə görə, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın və eks-prezident Serj Sarqsyanın “Mənim şərəfim var” bloku seçki baryerini aşa bilmədi. Blok cəmi 5,23% səs topladı, bu isə siyasi koalisiyalar üçün nəzərdə tutulan 7% baryerdən azdır. Lakin Ermənistan Seçki Məcəlləsinə görə, qanunverici orqanda ən azı 3 siyasi qüvvənin təmsil edilməsi tələb olunduğundan Sarkisyan-Vanetsyan bloku ən çox səs toplamış üçüncü siyasi qüvvə kimi parlamentdə təmsil olunacaq.

Koçaryan siyasi portretinin süqutu

20 iyun seçkilərinin nəticələri haqqında danışarkən, sözsüz ki, Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında mənəvi böhranı, onların bir-birinə münasibətini də vurğulamaq lazımdır. Ermənistanın bütün bölgələri seçkilər günü, həm də, Qarabağ klanını təmsil edən siyasətçilərdən xilas olmağı seçdi.

20 iyun seçkiləri Ermənistandakı bütün revanşist kəsimə, Rusiyadakı erməni diasporunun əksər hissəsinə, rusiyapərəst qüvvələrə, Qarabağ klanına ağır zərbə oldu.  Seçki təbliğatı zamanı Ermənistanda bir çox generalı, yerli icma nümayəndələrini, media qruplarını pulla alan Koçaryan həm də, Rusiyadakı ermənilər vasitəsilə böyük media gücü qurmağı bacardı. Ermənistanda az qala bütün media resurslar, o cümlədən “Bagramyan 26” kanalını çıxmaq şərtilə bütün teleqram kanallar Koçaryanın təbliğatı ilə məşğul idilər. Seçkilərdə əsas təbliğat maşını rolunu oynayan telegram kanallarında Koçaryan özünə dəstək üçün tanınmış bloger və piarçıların xidmətlərinə müraciət etmişdi. Əldə edilən məlumatlara görə, Robert Koçaryan tərəfindən özünün piarı üçün Rusiyada erməni media maqnatı sayılan Aram Qabrelyanova verdiyi vəsaitin məbləği 3 milyon dollar həcmində qiymətləndirilir.

Bundan başqa, bəzi mülahizələrə görə, Koçaryan və ətrafı mayın 11-də Zəngəzur istiqamətində Azərbaycan və Ermənistan sərhədində baş tutan gərginliklərdə fəal rol oynayıb. Belə ki, əsas məqsədi Nikol Paşinyanı xalq qarşısında gözdən salmaq olan Koçaryan Laçın və Kəlbəcərlə erməni sərhədyanı ərazilərində yerli icmalarının nümayəndələrini pulla ələ alaraq, bölgədəki vəziyyətlə bağlı onların süni şişirdilmiş xəbərlər yaymalarında rol oynayıb. Lakin seçki günü bütün bu ssenarilər iflasa uğradı, Koçaryan əli boş qaldı.

Seçkilərdə elektoral coğrafiya

Seçkilərin nəticəsi Koçaryanın məqsədlərinə çatmadığını ortaya qoydu. Erməni xalqı Paşinyana səs verməklə, bölgədəki yeni proseslərdə Ermənistanın iştirakına ümid etdiyini göstərdi. 20 iyun seçkilərinin elektoral səslərinin coğrafiyası belə deməyə əsas verir. Belə ki, seçkilərdən əvvəl birmənalı şəkildə Koçaryanın qalib gələcəyi gözlənilən ermənilərin Sünik adlandıqları Zəngəzur bölgəsinin əhalisi Paşinyana səs verərək, əslində, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına, azərbaycanlıların “Zəngəzura” qayıtmasına səs vermiş oldu. Sünikdəki nəticə, əslində, Koçaryanın və digər revanşist qüvvələrin ideyalarının iflası və acı məğlubiyyəti deməkdir.

Eyni zamanda, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasına ən çox səsi revanşistlərin Paşinyana qarşı geniş şəkildə təbliğat apardıqları, Azərbaycanla sərhədyanı ərazilərdə yerləşən Tavuş bölgəsinin sakinləri verdi - 67,9%. İkinci yeri Türkiyəyə yaxın olan Şirak bölgəsi tutur 65,1%.  Səslərin nəticələrinə ümumi nəzər saldıqda “Vətəndaş müqaviləsi” partiyasının bütün vilayətlərdə qalib gəldiyi açıq aşkar görünür. Paşinyanın partiyası ən az səsi isə gözlənildiyi kimi paytaxt İrəvanda topladı. Bununla belə yenə də burada 42,31% səs toplayaraq ümumilikdə 27,15% səs toplayan Koçaryandan üstün oldu. Bununla da, Paşinyan seçkilərdən əvvəl müxalifətin bəyan etdiyi “böyük şəhərlərdə Koçaryan, kəndlərdə isə Paşinyan qalib gələcək” təhlillərini də alt-üst etdi.

Xülasə

Beləliklə, Ermənistanda aylardır, davam edən hakimiyyət uğrunda dava seçkilərlə sona çatdı. Bölgədə yeni geosiyasi və geoiqtisadi proseslərin getdiyi bir zamanda Ermənistan da yeni ittifaqlara və konfiqurasiyalara qoşulmalı, özünü adekvat tərəf kimi aparmalıdır. İndiki halda Paşinyan hakimiyyətinin edəcəyi ilk işin siyahısında Üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərin tez bir zamanda reallaşması, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həll edilməsi və Zəngəzur dəhlizinin açılması olmalıdır.

Seçkilər bitdi, erməni xalqı seçimini etdi, Koçaryan-Sarkisyan cütlüyünə, rusiyapərəstlərə, revanşistlərə etimad göstərmədi. İndi Ermənistanın gələcəyi ilə bağlı əsas məsuliyyət Paşinyanın üzərinə düşür.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR