Prezident Azərbaycanın mövqeyini və lazımı mesajları daha bir platformadan dünyaya ustalıqla çatdırdı - TƏHLİL

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 21 may 2021 14:13 (UTC +04:00)

Azərbaycan Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mayın 20-də təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində iştirak edərək, daha bir mühüm platformadan regiona və dünyaya vacib mesajlar ünvanladı.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi platforması çərçivəsində dünyanın aparıcı siyasi xadimlərinin qatıldığı bu konfrans Azərbaycanın maraqlarının dünyaya çatdırılması istiqamətində olduqca vacibdir.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində xüsusi toplantıda təsis edilib. Azərbaycan Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən Mərkəz qeyri-hökumət təşkilatı kimi ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Ali idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyətini 20 nəfər üzvdən ibarətdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvü var.

Budəfəki konfransda Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin, Latviya sabiq Prezidenti Vayra Vike-Freyberqa, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Devid Merkel, Gürcüstanın eks-xarici işlər naziri Eka Tkeşelaşvili, İsrailin sabiq Baş naziri Ehud Barak, İsrailin keçmiş xarici işlər naziri Tzipi Livni, Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, 2004-2008-ci illərdə Avropa İttifaqının komissarı olmuş Franko Frattini, Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev, Anti-Diffamasiya Liqasının eks-direktoru Abraham Foksman, CNN telekanalının məşhur aparıcısı Farid Zakariya, Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao, Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumdziya, Serbiyanın keçmiş Prezidenti Boris Tadiç, Ərəb Liqasının keçmiş Baş katibi və Misirin Xarici işlər Naziri Amr Musa, Belçikanın Baş naziri olmuş İv Leterm, İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş Ekmələddin İhsanoğlu, ICESCO-nun sabiq baş direktoru Əbdüləziz əl-Tüveycri və digər tanınmış siyasi xadimlər iştirak edərək, çıxış edib, Prezident İlham Əliyevə suallar ünvanlayıblar.

Bu insanların palitrasına baxdıqda, onların nə qədər nüfuzlu, səviyyəli, sanballı dövlət adamları, siyasətçilər olduğu aydın görünür. Öz ölkələrində kifayət qədər nüfuzları olan sabiq prezidentlər, baş nazirlər və digər siyasətçilər təmsil etdikləri dövlətlərin siyasi hakimiyyətlərinə və ictimai rəyinə təsir etdikləri şübhəsizdir.

Burada xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq Azərbaycanın haqq səsinin dünyada tanıdılması üçün mühüm işlər görülür. 44 günlük müharibə dövründə dünyanın aparıcı 26 mediasına müsahibələrində, 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında, aprelin 11-də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi dünyanın aparıcı ekspertlərinin iştirakı ilə baş tutan dəyirmi masadakı çıxışlarında olduğu kimi, bu dəfə də, Azərbaycan Prezidenti bir daha dünya ictimaiyyətinin aparıcı siyasət xadimləri qarşısında dövlət maraqlarımızı ən yüksək səviyyədə qorudu və Azərbaycanın postmüharibə dövründəki mövqeyini tutarlı şəkildə əsaslandırdı.

Azərbaycan Prezidentinin nitqlərinə, müzakirələrdə iştirakına və suallara cavablarına dünya mediasında, siyasi dairələrdə olan maraq onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir.

Dövlət başçısı çıxışında Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasətinə toxunaraq qeyd etdi ki, bir neçə ay əvvəl Azərbaycanın müharibədə qalib gəlməsi nəticəsində bölgədə yeni proseslərin şahidiyik. O qeyd etdi ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bununla da Prezident Azərbaycanın sülhsevərliyini, keçmişdə baş verənləri bir kənara qoyaraq, beynəlxalq ictimaiyyətə sülhün möhkəmləndirilməsi üçün indi qərar vermək növbəsinin Ermənistan tərəfində olduğunu göstərmiş oldu.

Dövlət başçısı, son zamanlar baş verənlərə görə Ermənistanın siyasətçilərinin məsuliyyət daşıdıqlarını və erməni xalqının xaricdə düşmən axtarmaq əvəzinə öz siyasətçilərinə nəzər yetirmələrini məsləhət gördü. Prezident qeyd etdi ki, “Uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı iblisləşdirirdi, onlar ictimai rəyi çaşdırırdı, bizim nə istədiyimizlə bağlı tamamilə qeyri-real mənzərə yaradırdı. Biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etmək istəyirdik, tarixə və beynəlxalq hüquqa əsasən bizə məxsus olmuş ərazilərimizi geri qaytarmaq istəyirdik. Biz bir milyon azərbaycanlının öz evlərinə geri qayıtmasını istəyirdik və bizim tələbimiz legitim idi".

Prezident İlham Əliyev 30 il ərzində erməni vətəndaşlarının aldadıldığını, onlara yalan məlumatlar verildiyini qeyd edib və bildirib ki, həmin siyasətçilərin davranışları nəticəsində qonşu respublikada Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya kifayət qədər yüksəkdir.

Azərbaycan tərəfindən regionda yeni reallıq yaradıldığını vurğulayan Prezident İlham Əliyev deyib ki, Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Müstəqilliklərinin əvvəlindən bütün liderlər ölkələrini fəlakətə sürükləyirdi. Onlar, ilk növbədə, Azərbaycanı iblisləşdirməyə son qoymalıdırlar. İkincisi, onlar qisas almaq üçün hətta sözdə olsa belə, hər hansı cəhddən tamamilə çəkinməlidirlər.

Ölkə başçısı son 10 gündə Ermənistanda ən çox müzakirə edilən Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi məsələsinə toxunub. Bildirib ki, Azərbaycan Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırdır: “Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var”.

Prezident Ermənistanın beynəlxalq hüququ hələ də pozmağa davam etməsinə də toxundu, bu ölkənin həm 1990-cı illərin əvvəllərində, həm də, indi - postmüharibə dövründə apardığı qeyri-hümanist addımlara diqqət çəkdi. “Biz müharibə zamanı saxlanılanların hamısını, o cümlədən Ermənistan qoşunları qaçıb gedərkən tərk edilən mülki şəxsləri dərhal azad etdik. Biz çox sayda yaşlı erməninin qayğısına qaldıq, onları xəstəxanaya yerləşdirdik və Qırmızı Xaça təhvil verdik, onlar sağ-salamat geri qayıtdılar.

Onlar 1990-cı illərin əvvəlində bizim torpaqları işğal edəndə bunun eynisini etməmişdilər. Biz meşələrdə, dağlarda cəsədləri axtarırdıq. Biz təxminən 1600 əsgərin cəsədini Ermənistana qaytardıq. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra demək olar 4000 Azərbaycan hərbçisi hələ də itkindir, onların əksəriyyəti qətlə yetirilib və onlar bizə heç bir cəsəd qaytarmayıb. Fərq budur”, Azərbaycan dövlət başçısı vurğulayıb.

Prezident bir daha bu mühüm platformadan dünyanın diqqətə çatdırdı ki, müharibə dayanandan sonra Azərbaycanda 100-dən çox insan minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə minaların xəritələrini Azərbaycana verməkdən imtina edir: “Biz dəqiq bilirik ki, onlarda bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritə var. Onlar bunu bizə verməkdən imtina edir. Bilirsiniz ki, minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Biz əraziləri bərpa etməliyik, minalar təmizlənmədən bu, mümkün deyil”.

Prezident qeyd etdi ki, bütün bunlara baxmayaraq, rəsmi Bakının insanpərvər və sülhsevər siyasəti indi də davam etməkdədir: “Hazırda biz Ermənistan vətəndaşlarına bizim işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə veririk. Bu, xoş məramın daha bir göstəricisidir. Biz Rusiyanın “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə icazə verdik, çünki Rusiya tərəfdə təmir işləri gedirdi. Bir aydan çox müddətdə erməni istehlakçılar qazı Azərbaycandan əldə edirdilər”.

Bundan başqa, Prezident ekspertlərin suallarını cavablandırarkən Ermənistanın işğal etdiyi əraziləri yerlə-yeksan etdiyini, oradakı tarixi və mədəni tikililəri dağıtdığını xüsusilə qeyd etdi.

Dövlət başçısı eyni zamanda Azərbaycan-ABŞ, Azərbaycan-Aİ, Azərbaycan-Çin münasibətlərinə də toxunaraq siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, lakin əlaqələrin inkişaf perspektivlərinin daha çox olduğunu qeyd etdi.

Budəfəki çıxışı zamanı da Prezident İlham Əliyev dünyanın tanınmış siyasi xadimlərinin bütün suallarına səlis şəkildə, mahiyyəti üzrə cavablandırdı. Təsadüfi deyil ki, hətta Azərbaycanın tənqidçiləri belə Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara belə açıq olduğunu qeyd edirlər. Ekspertlər Azərbaycan dövlət başçısının suallara peşəkar formada cavablandırmaq bacarığını, yüksək məntiqini, intellektini, diplomatik məharətini, dünyada və regionda baş verən hadisələr və proseslər haqqında tam məlumatlılığını, elmi-politoloji savadlılığını yüksək qiymətləndirirlər.

Birmənalı şəkildə qeyd etmək olar ki, istər müharibəyə qədər, istər döyüşlər vaxtı, istərsə də postmüharibə dövründə cənab Əliyevin yeni informasiya strategiyası Ermənistan və erməni diasporuna, ermənilərlə işbirliyində olan lobbi qruplarına, Ermənistanın dostlarına və dünyanın dörd tərəfindəki himayədarlarına ciddi zərbə vurdu.

Təsadüfi deyil ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində Azərbaycan Prezidentinin bölgənin gələcəyi və regional proseslər haqqında dedikləri artıq dünyanın və regionun aparıcı media resurslarının ən aktual mövzusuna çevrilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR