Prezident İlham Əliyevin şəhid ailələri və qazilər qarşısında Ermənistana növbəti xəbərdarlığı - TƏHLİL

Prezident İlham Əliyevin şəhid ailələri və qazilər qarşısında Ermənistana növbəti xəbərdarlığı - <span class="red_color">TƏHLİL

© APA | Prezident İlham Əliyev

# 15 iyul 2021 10:53 (UTC +04:00)

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

Xocasəndə şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış 810 mənzildən ibarət yaşayış kompleksində 15 ədəd doqquzmərtəbəli bina inşa olunub. Kompleksdə həmçinin 624 yerlik məktəb, 140 yerlik uşaq bağçası fəaliyyət göstərəcək. Eyni zamanda, 50 müharibə əlili və onlara bərabər tutulan şəxsə avtomobillər verildi. 

Ümumilikdə qeyd etmək lazımdır ki, hazırda dünyanın pandemiya və iqtisadi böhranla qarşılaşdığı bir dövrün olmasına baxmayaraq, Azərbaycan dövləti tərəfindən sosial siyasət artan xətt üzrə icra edilir. Respublikada  sosialyönümlü layihələrin sayı və əhatə dairəsi genişləndirilir, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür.

Xatırlatmaq yerinə düşər ki, 1997-2021–ci illər ərzində şəhid ailələri və müharibə əlillərinə 10 mindən çox mənzil və fərdi ev təminatı həyata keçirilib. 2021–2025–ci illərdə isə, 11 minədək ev və mənzillərin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub.

Kompleksin açılışında Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdü. Dövlət başçısı çıxışında qeyd etdi ki, “vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.

Yeri gəlmişkən, yuxarıda sadalanan kateqoriyalara dövlət qayğısı çərçivəsində hazırda aktual istiqamətlərdən biri də özünüməşğulluq ilə bağlıdır. Misal üçün, postmüharibə dövründə qazilər üçün iş məsələsinin həlli üçün məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub, haqqı ödənilən ictimai işlərə 994, digər işlərə 515 nəfər cəlb edilib.

Eyni zamanda, 2 951 ailəyə psixoloji dəstək, 1 300 nəfərə reabilitasiya müəssisələrində xidmət göstərilib, 84 hərbçiyə yüksək texnologiyalı protez, 957 nəfər əlilə 6 400 reabilitasiya vasitəsi verilib.

Prezident İlham Əliyev çıxışı zamanı şəhidlərin qanının yerdə qalmadığını, onların qəhrəmanlığı hesabına Azərbaycanın işğal altında olan torpaqları azad etdiyini bildirdi: “Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”.

Əlbəttə ki bu gün aparıcı ölkələrin hərbi məktəblərində Azərbaycanın rəşadətli Ordusunun döyüş taktikalarının öyrənilməsi xalqımız üçün qürur mənbəyidir. Sirr deyil ki, 44 gün ərzində müharibə aparan ordumuz dünya hərb tarixində yeni mərhələnin başlanğıcını qoydu. Döyüşlər haqqında danışan dövlət başçısı çıxışında qeyd etdi ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün məqsədlərə çataraq böyük zəfər əldə etdi.

Prezident İlham Əliyev çıxışı zamanı həm də Ermənistan və havadarlarına vacib ismarıclar da göndərdi. O qeyd etdi: “Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”.

Prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağ ifadəsinin artıq olmadığını, Qarabağ ifadəsinin olduğunu qeyd edərək əlavə etdi ki, “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

Eyni zamanda, dövlət başçısı son zamanlar Ermənistan tərəfindən artan təxribatlar fonunda rəsmi İrəvanı xəbərdarlıq edərək onlara keçmişdən dərs çıxarmağı məsləhət gördü.

Dünən Prezidentin “Zəngəzur, Göyçə və İrəvan - tarixi Azərbaycan torpaqlarıdır” deməsi, təsadüfi deyil. İstisna deyil ki, Qarabağ məsələsində əldə edilmiş razılıqların pozulduğu anda, tarixi Azərbaycan torpaqları məsələsi gündəmə gələ bilər. Burada həm də onu xüsusi ilə qeyd etmək lazımdır ki, əgər Minsk qrupu Qarabağla bağlı Azərbaycana pressinq edərsə, əgər Ermənistan Qarabağa iddiasından əl çəkməyəcəksə, Azərbaycan Zəngəzurdan başlamaqla indiki Ermənistan Respublikasının ərazisində olan torpaqlarımıza iddianı ortaya qoya bilər.

Prezidentin Ermənistan rəhbərliyinə etdiyi xəbərdarlıq fonunda rəsmi İrəvan yaxşı olardı ki, ağlını başına yığaraq Azərbaycanın başlatdığı sülhyaratma və sülhü möhkəmləndirmək prosesinə dəstək versin. Son zamanlar Ağdam və Şuşa istiqamətində hərbçilərimizə açılan atəşlər, Ermənistanın siyasətbazları tərəfindən demarkasiya və delimitasiya məsələsindən qaçmaq və Dağlıq Qarabağın statusu məsələsinin qabardılması Paşinyan hökumətinə çox baha başa gələ bilər. İrəvan unutmamalıdır ki, hazırda Rusiyada dövlətlərin SSRİ-nin tərkibinə daxil olduqları və SSRİ–dən çıxdıqları vaxt ərazilərinin müqayisə edildiyi bir vaxtda rəsmi Bakı da eyni məsələni Ermənistana qarşı qaldıra bilər. Çünki, ermənilər Sovetlər İttifaqına daxil olarkən Ararat Respublikasının ərazisi 9 min kvadrat idi. Hazırda isə ərazisi 29.743 km–dir. Hər halda, Prezident İlham Əliyevin Zəngəzurun qərbinin Azərbaycandan 101 il bundan əvvəl qoparıldığını qeyd etməsi, ardınca isə, Ermənistana xəbərdarlıq etməsi kifayət qədər ciddi mətləblərdən xəbər verir.

Beləliklə, 44 günlük müharibənin arxada qaldığı son bir neçə ay ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən sosial siyasətin bütün istiqamətlərində olduğu kimi, şəhid ailələri və qazilərə qayğı ən yüksək səviyyədə həyata keçirilir, bununla yanaşı, yeni təxribatlar fonunda   qalib ordunun daha da gücləndirilməsi istiqamətində mühüm işlər aparılır.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri – Zaur Məmmədov.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR