Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Azərbaycanın böyük işlər gördüyünün sübutudur - TƏHLİL

Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Azərbaycanın böyük işlər gördüyünün sübutudur  - TƏHLİL
# 13 noyabr 2021 09:39 (UTC +04:00)

Məlum olduğu kimi, noyabrın 12–də İstanbulda Türk Dövlətləri Təşkilatının tarixi iclası baş tutub. Türk dövlətlərinin dövlət başçılarının iştirak etdiyi tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Qərar Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan liderləri tərəfindən imzalanıb.

Heç kimə sirr deyil ki, uzun müddət idi türk dünyasının daha sıx inteqrasiyası və birliyi uğrunda Prezident İlham Əliyev tərəfindən çox ciddi işlər görülürdü. Rəsmi Bakı Türkiyə və Mərkəzi Asiya dövlətləri arasında körpü rolunu oynayaraq türk dövlətlərinin daha sıx türk birliklərində iştirak etməsində xüsusi rola malik idi. Son üç ildə isə, ölkəmiz Türk Şurasına uğurla sədrlik edib. Bu dövr ərzində Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Ölkəmizin sədrliyi dövründə Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Şuraya sədrlik etdiyi son 3 il ərzində yuxarıda sadalanan çox vacib işlərlə yanaşı, Türk dövlətlərinin Birliyə üzvlərinin sayı da artan xətt üzrə davam edib. Belə ki, son illərin önəmli hadisələrindən biri Türkmənistanın Təşkilata müşahidəçi qismində qoşulması oldu. Eyni zamanda, Özbəkistan Bakı Zirvə Görüşündə təşkilata üzv oldu. Beləliklə, 2009–cu ildə Naxçıvan sazişi zamanı əgər dörd dövlət ilə Şuranın fəaliyyətinə start verilmişdisə, 2021–ci ildə baş tutan İstanbul Toplantısında Türk Dövlətləri Təşkilatının qurulması zamanı 7 dövlət iştirak etdi.

Heç kimə sirr deyil ki, uzun müddət idi türk dövlətlərinin birliyi istiqamətində atılan addımlara bir çox beynəlxalq güclər qısqanclıqla yanaşır, türk dövlətlərinin müstəqil addım atmasına süni maneələr törədirdilər. Lakin, ötən il Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, türk dünyası arasında səddə çevrilən Zəngəzura qayıtması, o cümlədən Türkiyənin Mərkəzi Asiya türk dövlətləri ilə artan hərbi–siyasi və iqtisadi əməkdaşlığı türk dünyasının inkişaf yolunda yeni mərhələyə qədəm qoymalarının göstəriciləri idi.

Dünənki tədbir zaman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan ordeni alan Azərbaycan dövlət başçısı İlham Əliyev çıxışı zamanı vacib nüansı qeyd etdi. O bildirdi: “Bu ordenin mənə verilməsi Qarabağın qurtuluş savaşının sonunda baş tutdu. Türk dövlətlərinin bunu bu şəkildə qəbul etməsinə və məni bu ordenə layiq gördüklərinə görə öz adıma və bütün Azərbaycan xalqı adına böyük qürur hissi keçirirəm.

Bu, Azərbaycan xalqına verilmiş bir ordendir. Çünki İkinci Qarabağ müharibəsində həqiqətən çox mühüm səylər göstərdik. Bu Ordeni sevgili qardaşım Rəcəb Tayyib Ərdoğandan almağım xüsusilə önəmlidir. Müharibənin ilk günündən son gününə qədər onun bizə göstərdiyi dəstəyi hər an hiss etdik. Həqiqətən də bu dəstək bizə güc verdi, bizi ruhlandırdı, çünki əziz qardaşım Azərbaycanın dünyada tək olmadığını və Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını göstərdi. Biz böyük bir zəfərlə vəzifəmizi yerimə yetirə bildik”.

Əlbəttə, ötən il Vətən müharibəsi zamanı Türkiyə liderinin Azərbaycanın yanında yer alması sirr deyil ki, istər həmin vaxt, istərsə indi bir çox regional və planetar güclərin Azərbaycana qarşı müxtəlif təzyiq alətlərindən istifadə edilməsinə sona kimi imkan vermədi. Sözsüz ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi yolunda Müzəffər Ali Baş Komandan İlham Əliyev coğrafi cəhətdən kiçik Azərbaycanın əslində necə böyük işlər gördüyünü son illərdə bir–bir sübut etməkdə idi. Ölkəmizin beynəlxalq nüfuzunun ilbəil artması, dünənə qədər neytrallıq nümayiş etdirən və ya bəzi hallarda hətta ermənipərəst mövqe nümayiş etdirən MDB-dəki və Qərbdəki bəzi dövlətlərlə münasibətlərin tamamilə yeni görkəmə salması, ikitərəfli münasibətlərdən tutmuş beynəlxalq təşkilatlardakı fəaliyyətə qədər ardıcıl və məqsədyönlü siyasət ölkəmizin Vətən müharibəsindəki qalibiyyətində vacib məqamlardan idilər.

Ötən il Azərbaycanın əldə etdiyi qələbə sadəcə işğal altındakı torpaqların azad edilməsi demək deyildi. 44 günlük müharibənin yekunu olaraq əldə edilmiş qələbə və postmüharibə dövründəki proseslər 200 il ərzində türk dünyasının daxili və xarici siyasətdəki milli düşüncə ideyasına, milli ideoloji baxış bucağına bəzi regional dövlətlərin ağalığına cəhdin sonu demək idi. Ötən ilin bu vaxtından başlayaraq Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni nizam yaranmış və bu nizamda türk ifadəsi faktoru əhəmiyyətli gücə çevrilmişdir.

Təsadüfi deyil ki, dünənki çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi: “Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq”.

Şübhəsiz, torpaqların işğaldan azad edilməsi, Zəngəzurun Azərbaycana qayıtması Avrasiyanın orta xəttində Bakı və Ankaranın başçılığı altında yeni geosiyasi və geoiqtisadi nizamın qurulması deməkdir. Bundan başqa, hazırda Bakının təklifləri əsasında bölgədə davam etməkdə olan və əsası qoyulacaq digər layihələr türk dövlətləri arasında inteqrasiyaya öz töhfəsini bundan sonra da verəcəkdir. Zəngəzur dəhlizinin açılması və gələcəkdə Azərbaycanın digər tarixi məqsədlərinə çatması Türk dünyasının gələcəyində mühüm inkişaf olacaqdır.

Beləliklə, Azərbaycan xalqını yumruq kim vahid ideya ətrafında birləşdirən Prezident İlham Əliyev ölkəmizə qarşı əsrlərdir davam edən təzyiq siyasətinə, son 27 ildə davam edən işğalçılıq siyasətinə son qoydu. Eyni zamanda, türk dünyası xalqları tarixində yeni mərhələnin əsasını qoydu.

Sonra çıxış edən Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, son illərdə əldə etdiyi nailiyyətlər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ikiillik uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik etdilər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR