Prezidentin qərb rayonlarına səfəri zamanı verdiyi mesajlar - TƏHLİL

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 iyul 2021 12:57 (UTC +04:00)

Prezident İlham Əliyev iyulun 22-də Azərbaycanın bir sıra qərb rayonlarına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verdi. Dövlət başçısı 1 saata yaxın davam edən müsahibəsi zamanı olduqca vacib məqamlara toxunub.

Regionların sosial – iqtisadi inkişafı.

Goranboy, Naftalan, Daşkəsən rayonlarına səfər edən Azərbaycan Prezidenti burada bir sıra obyektlərin açılışında iştirak etdi. Ümumilikdə qeyd etmək lazımdır ki, postmüharibə dövründə Ermənistan ilə sərhəddə yerləşən bu rayonların infrastrukturunun inkişafına, sosial–iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına ciddi şəkildə diqqət yetirilməkdədir. Bu aylar ərzində Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında bir sıra layihələr icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb.

Ümumilikdə dünyada qlobal iqtisadi böhranın davam etməsinə baxmayaraq, Prezident İlham Əliyevin apardığı uzaqgörən iqtisadi – siyasi qərarlar nəticəsində iqtisadiyyatımızın artım tempi müsbət istiqamətdə təzahür etməkdədir. Misal üçün, son 6 ayın iqtisadi göstəricilərinə nəzər salsaq artım tempinin 2% olması dünyada bir sıra ölkələrlə müqayisədə müsbət haldır. Son göstəricilərə nəzər saldıqda qeyri–neft sektorunda 5%, kənd təsərrüfatında 5,6 faiz artım müşahidə edilib. Hazırda dünyada borclanmanın sürətlə yayıldığını nəzərə aldıqda bu sahədə də ölkəmizin vəziyyəti dünyada kifayət qədər yaxşı hesab edilir. Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, isə, dünyada çox nadir halda rast gəlinən məsələdir.

Yuxarıda sadalananlar bir daha onu göstərir ki, Azərbaycanın müharibədən çıxmasına və qlobal pandemiyanın dünyada dərin iqtisadi böhran yaratmasına baxmayaraq, respublikada hər sahədə olduğu kimi dövlət üçün vacib sayılan iqtisadi sahədə də inkişaf müşahidə edilməkdədir.

Azərbaycan Dövlət Televiziyasına müsahibəsi zamanı Prezident İlham Əliyev regionların sosial–iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı verdiyi tapşırıqların şəxsən özü tərəfindən bu kimi səfərlər zamanı yerindəcə yoxlanıldığını qeyd edərək, dövlətin bu sahəyə diqqətinin xüsusi olduğunu vurğulayıb. O qeyd edib ki, “Bu açılışlar, əslində, gördüyümüz işlərin həcmini göstərir”.

Xatırlatmaq yerinə düşər ki, pandemiyanın dünyada iqtisadi vəziyyəti ağırlaşdırmasına baxmayaraq, Azərbaycan dövləti tərəfindən sosial-iqtisadi siyasətdə ciddi işlər görülməkdədir, təkcə son aylar ərzində bir neçə infrastruktur layihələrinin, o cümlədən, sənaye müəssisələrinin, idman obyektlərinin, yolların, içməli su və kanalizasiya xətlərinin istismara verilməsinin şahidi olmuşuq. Yaxın vaxtlar da bu istiqamətdə işlər artan xətt üzrə davam edəcək. Bu kontekstdə, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi bölgənin sosial–iqtisadi inkişafı baxımından vacib haldır.

Dağ–mədən sektorunun inkişafı.

Qeyri–neft sektorunun inkişafını hədəfləyən Azərbaycan dövləti hazırda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm işlər aparmaqdadır. Təsadüfi deyil ki, hazırda qeyri–neft sektoru haqqında təhlillər aparılarkən kənd təsərrüfatı ilə yanaşı dağ–mədən sektorunun cəlbediciliyindən də danışılır. Xüsusən torpaqların işğaldan azad edilməsindən sonra dağ-mədən sahəsi respublikanın qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir. Yaxın perspektivdə ölkəmizdə qızıl və digər qiymətli metalların hasilatı istiqamətində böyük işlər aparılacaq ki, bu da dövlət büdcəsinin artması və iqtisadi potensialın dərinləşməsində xüsusi əhəmiyyət daşıyacaq.

Bununla bağlı danışan Prezident İlham Əliyev qeyd etdi ki, “Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq. Çünki son beş il ərzində, - verilən təqdimatda da bu, göstərilir, - təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalacaq”.

Əlbəttə ki, hazırda Azərbaycan qarşısında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yeni perspektivlər açılmaqdadır. Uzun müddət ərzində neft-qaz sektorunun inkişafına investisiyalar qoyan və bu sahəyə böyük diqqət edən Azərbaycan dövləti hazırda neft–qaz sahəsində yeni layihələri davam etdirməklə yanaşı digər sahələrə də investisiyaların cəlb edilməsi və inkişafı istiqamətində ciddi addımlar atmaqdadır. Dağ–mədən sahəsində Daşkəsənlə yanaşı işğaldan azad edilmiş rayonların da böyük potensialı var.

30 il ərzində Şərqi Zəngəzurun müxtəlif rayonlarında qanunsuz olaraq Azərbaycanın təbii sərvətlərini talan edən Ermənistan və bir sıra xarici kompaniyalar sözsüz ki, bu qanunsuz əməllərinə görə cavab verəcəklər. Bu məsələyə toxunan dövlət başçısı bir daha xarici şirkətlərə xəbərdarlıq edərək aşağıdakıları qeyd edib: “Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik”.

Göründüyü kimi torpaqların işğaldan azad edilməsi ilə Azərbaycan qarşısında həm də yeni iqtisadi imkanlar açılıb. Təsadüfi deyil ki, müharibənin cəmi 8 ay əvvəl bitməsinə baxmayaraq, ermənilər tərəfindən viran edilmiş rayonlarda surətli şəkildə yenidənqurma işlərinə başlanılıb. Sözsüz hədəf bəllidir. Azərbaycanın regionun surətlə inkişaf edən dövlət statusunu davam etdirmək, iqtisadi göstəricilərimizi daha da inkişaf etdirmək, xalqın rifahını yüksəltmək.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR