Sabahkı Almaniya seçkiləri haqqında nə bilirik? - TƏHLİL

Sabahkı Almaniya seçkiləri haqqında nə bilirik? - TƏHLİL
# 25 sentyabr 2021 20:52 (UTC +04:00)

Sabah, 26 sentyabrda almanlar seçkilərə gedir və beləliklə biz 16 illik Merkel erasının sonuna şahidlik edəcəyik. Təbii ki, seçkilərdən dərhal sonra Merkelin idarəetməsi dərhal başa çatmayacaq, yeni hökumət qurulana qədər o, hökumətə rəhbərlik edəcək. Bu proses bir neçə gün və ya ay davam edə bilər. Xatırladaq ki, 2017-ci il seçkilərdən sonra yeni hökumətin formalaşması üçün danışıqlar təxminən beş ay davam etmişdi. Bu ilki seçkilərlə bağlı sorğulara əsasən deyə bilərik ki hər hansı partiyanın mütləq qələbə qazanaraq təkbaşına yeni kabineti formalaşdırma ehtimalı görünmür.

Nəzərə alsaq ki, seçkinin nəticəsi Avropanın ən böyük iqtisadiyyatının gələcəyini şəkilləndirəcək, eyni zamanda Almaniyanın ABŞ, Britaniya kimi müttəfiqləri və Rusiya, Çin kimi rəqibləri ilə münasibətlərinə təsir edəcək, ona görə də bu seçkinin nəticəsi hər kəs üçün maraqlıdır. Kansler Merkelin son on ildə Avropa siyasətindəki aparıcı rolunu nəzərə alsaq, Almaniyanın növbəti liderinin seçilməsi Avropa İttifaqı (Aİ) üçün də xüsusi əhəmiyyət kəsb edir.

Seçkidən əvvəl keçirilən sorğuların nəticələrinə əsasən əsas üç partiya Bundestaqda çoxluğu qazanmağa və koalisiya hökumətini qurmağa iddialıdır.
Bunlar Merkelin mərkəz-sağ Xristian Demokratlar Birliyi (CDU/CSU), Yaşıllar Partiyası və mərkəz-sol Sosial Demokrat Partiyasıdır (SDP).

Hazırkı sorğu nəticələrinə görə SDP 25.4 faizlə birinci yerdədir, 2017-ci illə müqayisədə partiyaya dəstək 4.9 faiz artıb. Merkelin partiyası 22.2 faiz ilə ikinci yerdədir və CDU/CSU sonuncu seçkidə nisbətdə ən çox nüfuz itirən partiya hesab olunur  -  10.7 faiz. Yaşıllar partiyası 15.6 faizlə üçüncüdür və 2017-ci ilə nisbətdə partiyanı dəstəkləyənlərin sayında 6.7 faiz yüksəliş var.
Digər partiyalardan Azad Demokratlar Partiyasının (FDP) göstəricisi hazırda 11.6 faizdir və dördüncü yerdə qərarlaşıb, partiyanın dəstəkləyənlərin sayında 0.9 faiz artım var. Onu da qeyd etmək lazımdır ki, bu partiya koalisiya üçün açar partiya hesab olunur. Azad Demokratlar zəngin koalisiya keçmişi olan bir partiyadır.

Hazırda ana müxalifət olan AFD-nin isə 2017-ci il seçkisində qazandığı yerləri itirəcəyi, üçüncü yerdən beşinci yerə düşəcəyi ehtimal olunur. Digər partiyaların isə radikal sağ AfD ilə koalisiya qurmaq ehtimalı müzakirə mövzusu deyil.

Sol Partiya (Die Linke) sonuncu yerdədir və bu partiya üçün 5 faizlik baryerin altında qalmaq riski mümkün görünür. Sol Partiya Almaniyanın NATO-nu tərk etməsini istəyir və Almaniya ordusunun xarici missiyalarda iştirakına qarşıdır. “Silahlanmanı və militarizasiyanı təşviq edən, Bundesverin xaricdəki döyüş tapşırıqlarını yerinə yetirən və hərbi missiyalarına icazə verən bir hökumətdə iştirak etməyəcəyik. Uzunmüddətli perspektivdə ordusuz bir dünya vizyonuna sadiqik” Sol Partiyanın platformasında deyilir. Əlavə edək ki, Sol Partiya daha çox Rusiyaya loyal olmaqda ittiham edilir.
Məlumdur ki, seçicilər bir başa olaraq kansler seçmirlər lakin böyük partiyalar bu top posta öz namizədlərini müəyyənləşdirir. Seçki nəticələrinə görə daha çox səs toplayan partiya koalisiya qurmaq öhdəliyini öz üzərinə götürür və həmin partiyanın namizədi kansler postuna gəlir.

60 yaşlı Armin Laşet Merkelin Xristian Demokrat Birliyinin sədri və Almaniyanın ən çox əhalisi olan Şimali Reyn-Vestfaliya torpağının Baş naziridir. Laşet kansler postuna Xristian Demokrat Birliyinin və Xristian Sosial Birliyinin ortaq namizədi olmaq uğrunda mübarizədə Xristian Sosial Birliyinin liderinə qalib gəlib.

Laşetin bir neçə ay öncə Almaniyada sel bölgəsinə səfərində televiziya kameralarına gülərək düşməsi onun reputasiyasına ciddi mənfi təsir göstərib.
Sosial Demokrat Partiyasının namizədi 63 yaşlı Olaf Şolzd da almanlara tanış üzdür, o, hazırkı kabinetdə Maliyyə naziri və vitse-kanslerdir. Seçicilərə görə çox xarizmatik lider olmasa da, onun əsas üstünlüyü özünün də dəfələrlə vurğuladığı kimi siyasi idarəetmə təcrübəsidir.

40 yaşlı Annalena Baerbok isə Yaşılların irəli sürdüyü namizəddir. Hətta namizədliyinin irəli sürüldüyü ilk vaxtlarda onun Almaniyanın yeni kansleri olacağına güclü bir inam da vardı. Dünyanın iqlim dəyişikliyi və ondan qaynaqlanan problemlərlə mübarizə apardığı bir zamanda əsas prioriteti planet və onun qorunması olan bir partiyanın təmsilçisinin Almaniyada iqtidara gəlməsi pis səslənmir.

Lakin Annalena aylar öncəki populyarlığın zirvəsində deyil. Rəqiblərinin onun hökumət təcrübəsinin olmamasını dəfələrlə vurğulaması, ən əsası isə onun öz kitabında plagiarizmə yol verməsi ilə bağlı iddialar Yaşılların namizədinin populyarlığına təsirsiz qalmadığı görünür.

Bu aparıcı üçü partiyanın proqramlarına gəlincə miqrasiya və xarici siyasət istiqamətində fərqli yanaşmalar daha çox gözə çarpır.

CDU/CSU-nun proqramının əsas sloqanı “yaxşı olanları daha da yaxşılaşdıraq”dır. Bəs bu “daha yaxşı”nı əldə etmək üçün partiya seçicilərə nə vəd edir?

CDU/CSU Paris iqlim razılaşmasındakı hədəflərə çatmaq üçün “səmərəli bazar iqtisadiyyatı vasitələrinə” diqqət yetirməyi planlaşdırır. Bunu əslində yaşıl iqtisadiyyat kimi də başa düşmək olar.
CDU/CSU seçki proqramı sığınacaq almaq hüququnu təmin etməyə dair ölkənin öhdəliklərini təkrarlayır, lakin daha sərt məhdudiyyətlər tələb edir. Sığınacaq almaq hüququnu məhdudlaşdıran və sığınacaq müraciətinin təsdiqlənməməsi halında deportasiya oluna biləcək şəxslər üçün “təhlükəsiz ölkələr”in siyahısını genişləndirməyi planlaşdırır. Bu partiya Almaniyada cinayət törətmiş qaçqınların deportasiya edilməsinin vacibliyini vurğulayır.

Partiya manifestində özünü sosial bazar iqtisadiyyatının tərəfdarı elan edir. Xüsusilə pandemiya sonrası dövlətin daha çox azadlıq və daha az tənzimləmə tətbiq etməli olduğunun vacib olduğunu bəyan edir.

CDU/CSU Almaniyanın birləşməsi və digər xərcləri ödəmək üçün 1991 -ci ildə müvəqqəti olaraq tətbiq edilən şəxsi və korporativ gəlir vergisi  -  “həmrəylik haqqı” vergisini ləğv edəcəyinə söz verib. Kiçik və orta gəlirli sahibkarlar üçün vergilərin azaldılması ilə bağlı vədin təfərrüatları isə hələ açıqlanmayıb. Korporativ gəlir vergisinin 15%-dən 10%-ə endirilməsi də planlaşdırılır.
CDU/CSU manifestinin birinci fəslində xarici siyasət və təhlükəsizliklə bağlı bildirir ki, demokratik və avtokratik dövlətlər arasında qlobal mübarizə şəraitində Avropa ilə ABŞ qanunlara əsaslanan beynəlxalq sistemi yenidən gücləndirməlidir. “Bu məqsədlə, transatlantik tərəfdaşlarımızla əməkdaşlığı yenidən qurmaq və bütün dünyada, xüsusən Hind-Sakit okean regionu və Latın Amerikası ölkələrində demokratik tərəfdaşlarımızla birgə hərəkətimizə imkan yaradacaq yeni strukturlar inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq”, CDU/CSU-nun manifestində qeyd olunub.
Ümumilikdə CDU/CSU Almaniyanın dünya siyasətində aparıcı rol oynamasını dəstəkləyir. Partiya iqtidara yenidən gələcəyi təqdirdə beynəlxalq tərəfdaşlarla ticarət, iqlim siyasəti, mütəşəkkil cinayətkarlıq və terrorizmə qarşı mübarizədə hökumətin sıx əməkdaşlıq edəcəyini bəyan edir.

Partya Çinin artan nüfuzunu bir problem, Rusiyanı isə mümkün hərbi təhlükə kimi görürü.
SPD-in isə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində əsas hədəflərindən biri avtomobil emissiyalarının azaldılmasına nail olmaqdır. Onlar ölkədə daha çox elektrikli avtomobil sayının artmasını vacib sayır. SPD həm də dəmir yolu səyahətinin Avropada “hava yollarından daha ucuz və cəlbedici” olmasını istəyir və bunun üçün dəmir yolları şəbəksinin inkişafının vacibliyini vurğulayır.
İmmiqrasiya ilə bağlı SPD-nin yanaşması daha yumşaqdır. SPD immiqrasiya ilə bağlı məhdudiyyət istəmir. İnteqrasiyaya kömək etmək üçün SPD sığınacaq axtaranların ailə üzvlərinin Almaniyaya gəlməsinə icazə vermək istəyir.

SPD saatına minimum 12 avro (14,24 dollar) əmək haqqı, aşağı və orta gəlirli şəxslərin vergi yükünün azaldılacağını vəd edir. Partiya yaranacaq maliyyə boşluğunu doldurmaq üçün müvafq olaraq gəliri 90.000 avrodan yuxarı olanlar üçün vergini 45% -ə və 250.000 avrodan yuxarı olanlar üçün isə 48% -ə yüksəltməyi təklif edir.

SPD-nin xarici və təhlükəsizlik siyasətində “xarici təhlükəsizlik” anlayışı geniş sahəni əhatə edir, belə ki, bura həm iqlim dəyişikliyi ilə mübarizə, həm də ədalətli ticarətin təşviqi də daxildir. SPD inkişafa yardımın üçdə birini - ümumimilli gəlirin 0,2 % -ni ən yoxsul ölkələr üçün ayırmaq istəyir. SPD vahid Avropa ordusunun tərəfdarı olduğunu və eyni zamanda NATO -ya sadiqliyini bəyan edir.

CDU/CSU ilə müqayisədə SPD Rusiyaya qarşı kəskin tonda çıxış etmir, “Avropada sülhün Rusiyaya qarşı deyil, yalnız Rusiya ilə ola biləcəyini” ifadə edir. SPD Çində olan insan haqları pozuntularını pisləyir, eyni zamanda iqlim dəyişikliyi kimi sahələrdə bütün ölkələrlə əməkdaşlığa ehtiyac olduğunu vurğulayır.

Yaşıllar 2030-cu ildən başlayaraq yolda yalnız emissiyasız avtomobillərə icazə verilməsini istəyir. Partiya həmçinin Avropa daxilində uçuşları əvəz etmək üçün sürətli qatar şəbəkəsi qurmağın tərəfdarı olduğunu bildirir.

Miqrasiya siyasəti ilə bağlı Yaşıllar qanunvericiliyi tənqid edir, Almaniyanın bir immiqrasiya ölkəsi olduğunu, ancaq əslində immiqrasiyanı təşviq edən və onu daha da çətinləşdirməyən bir immiqrasiya qanununun olmadığını qeyd edir. Onlar bu sahədə bir sıra dəyişikliklər etmək, immiqrasiya və vətəndaşlıqla bağlı prosedurları asanlaşdırmaq istəyir.

Yaşıllar gəlir vergisindən azad olan minimum gəlirin miqdarını qaldıraraq aşağı və orta gəlirli vətəndaşlar üzərindəki maliyyə təzyiqini azaltmaq niyyətindədir.
Yaşıllar ÜDM-nin 2 fazinin müdafiəyə xərclənməsini tənqid etsə də NATO-nu dəstəkləyir.

Partiya insan haqlarının pozulmasına görə Çin və Rusiyanı tənqid edir.

Zümrüd Paşkin
Pərvin Bəhramoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR