Sərhəd məsələsini süni şəkildə şişirdən Ermənistan məqsədinə çatmadı - TƏHLİL

Sərhəd məsələsini süni şəkildə şişirdən Ermənistan məqsədinə çatmadı - TƏHLİL
# 18 may 2021 18:45 (UTC +04:00)

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Dövlət başçıları Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət barədə də danışıblar.

Azərbaycan Prezidenti son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb. Prezident bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Dövlət başçısı ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığında da bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib.

Prezident İlham Əliyev C. Sallivanın Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

İlham Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Artıq bir həftədir, Ermənistanda nəinki post-konflikt mərhələsində Paşinyana təzyiq etməyi qarşısına məqsəd qoyan müxalifət, eyni zamanda hakim partiya da sərhədlərin demarkasiya və delimitasiya məsələsində özünü qeyri-adekvat aparmaqdadır. N. Paşinyan müharibənin gedişində olduğu kimi, yenə telefona sarılıb, hər gün müxtəlif ölkələrin liderlərinə zəng vurub, dil tökməklə məşğuldur.

Müxtəlif qaynaqların məlumatına görə, N. Paşinyan sərhəd məsələsinə yardım edilməsinə görə nəinki KTMT liderlərinə, Minsk qrupu ölkələrinə, eyni zamanda nə qədər paradoksal səslənsə də, NATO Baş katibinə belə müraciət edib. Bundan başqa, Ermənistanın xaricdəki nümayəndəliklərinə Azərbaycanın “aqressiyası” ilə bağlı həmin ölkələrdə geniş anti – Azərbaycan təbliğatı aparmaq tapşırılıb.

Burada belə bir sual ortaya çıxır. Ermənistanda hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq, Rusiyanın kurasiyası ilə sona çatmalı olan Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiya məsələsini şişirtmək kimin maraqlarına cavab verir? Axı həm Nikol Paşinyan, həm də Robert Koçaryan və digər müxalifət liderləri yaxşı başa düşürlər ki, ortada reallaşdırılması mütləq olan öhdəliklər var. Noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanmasından sonra bölgədə yeni münasibətlərin qurulması üçün mütləq sərhəd problemlərini də həll etmək lazımdır. Zəngəzur dəhlizinin işə salınmasının və Azərbaycanla Ermənistan arasında sülhün qorunması sərhədlərin delimitasiyası və demarkasiyası olmadan mümkün deyil. Azərbaycan tərəfinin Üçtərəfli Bəyanat və ondan sonrakı prinsipial mövqeyi nəticəsində Rusiya tərəfinin də, yaşıl işıq yandırdığı Azərbaycan və Ermənistan arasında sərhədlərin qurulması prosesinə dekabr ayından start verilib.

May ayının əvvəlindən sərhəd postlarının qurulmasının ikinci mərhələsinə start verilib (Birinci mərhələ Azərbaycanın cənub - qərb torpaqları ilə Ermənistanın cənub - şərq torpaqları arasında sərhədlərin çəkilməsi həllini tapdı). Lakin birinci mərhələdən fərqli olaraq, indi məlum mövzu ətrafında Ermənistan hakimiyyəti daha ciddi spekulyasıyalara gedir. Spekulyasiyaların başında isə Ermənistan müxalifəti, müxalifətin liderlərindən sayılan Robert Koçaryana yaxın media qrupları və yerli nümayəndələr dayanır. Sərhədlərin müəyyənləşdirilməsi prosesi Rusiyanın başçılığı altında davam etdiyindən R. Koçaryan bu məsələ haqqında şərh etməkdən çəkinsə də, məlum mövzu ona yaxınlığı ilə tanınan şəxslərin ciddi şəkildə siyasi hakimiyyətə qarşı seçkiqabağı təbliğatda əsas təzyiq alətinə çevrilib.

Öz növbəsində, Nikol Paşinyan sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə cığallıqla yanaşaraq, geosiyasi kartlardan istifadə etmək qərarına gəlib. Bu kontekstdə Paşinyan hakimiyyətinin Fransa və ABŞ-la fasiləsiz dialoqu diqqət çəkir. Ələlxüsus, Fransa tərəfinin hadisələrə birtərəfli qiymət verməsi kimlərin son günlər davam etməkdə olan süni gərginlikdə maraqlı olduğunun göstəricisidir. Buna cavab olaraq Azərbaycan XİN "Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır'', - deyə bəyan edib.

Buna baxmayaraq, Ermənistan tərəfinin kömək üçün KTMT və Rusiyaya hərbi kömək üçün müraciət etməsi çox gülünc görünür. Təsadüfi deyil ki, KTMT-nin lideri və Üçtərəfli bəyanatın arbitri sayılan Rusiya Ermənistanın bu sayıqlamalarına həm XİN, həm də Prezident Administrasiyası səviyyəsində bir neçə dəfə adekvat cavab verib, bütün açıqlamalarda Üçtərəfli Bəyanatın bəndlərin tərəflər tərəfindən yerinə yetirilməsinin vacibliyi qeyd olunub. Sonuncu dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, sərhəddə bircə güllə belə atılmayıb, bircə toqquşma belə baş verməyib. “Oturublar və sakitcə bu situasiyanı necə həll etməklə bağlı danışıqlar aparıblar. Bizdən də danışıqlarda iştirak üçün xahiş ediblər, bizim hərbçilər də iştirak edib və razılıq əldə olunub. Mən burda hisslərlə oynamaq və insanları qıcıqlandırmaq üçün heç bir səbəb görmürəm, məsələni sakitcə həll edirik”, - deyə S. Lavrov vurğulayıb.

Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə emosiyaları gərginləşdirməyə səbəb görmür. Bu, birbaşa hazırda sərhəd məsələsində emosional davranan və məsələni süni şəkildə böyüdən müxalifətli-iqtidarlı Ermənistana aiddir.

Rusiya və KTMT-nin Ermənistanın bu davranışına ciddi yanaşmadığı bir dönəmdə, hadisələrə ən həssas yanaşma Fransadan eşidilməkdədir. Hətta əgər Paşinyanın dediklərinə inansaq, onunla telefon danışığı zamanı Makron bölgəyə hərbi dəstək göndərməyə də hazır olduğunu qeyd edib. Bu isə o deməkdir ki, Qərbdə Fransa başda olmaqla bəzi dairələr üçün bölgədə sülhün möhkəmləndirilməsi, Zəngəzur dəhlizinin tez bir zamanda reallaşması Rusiya və Türkiyə ilə geosiyasi qarşıdurma kontekstində arzuolunmaz hesab edilir.

Eyni zamanda, Ermənistanın kapitulyasiyası ilə nəticələnən Üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi Zəngəzur dəhlizinin açılması və bu dəhlizin işə salınması üçün vacib məqamlardan olan sərhədlərin demarkasiya və delimitasiya prosesinin sürətləndirilməsi həm Ermənistanın daxilindəki, həm də xaricdəki bəzi qüvvələrin maraqlarına cavab vermir, onlar regionda sülh və sabitliyin güclənməsini öz şəxsi ambisiyalarına qurban verməyə hazırdırlar. Lakin hər kəs əmin olsun ki, 10 noyabr tarixindən sonra bölgədə yeni geosiyasi və geoiqtisadi əlaqələrin formalaşmasına start verilib, Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə vadar ediləcək.

Sərhədlərin demarkasiya və delimitasiya prosesinin tez bir zamanda başa çatması Qafqazda sülh və sabitliyə töhfə verməklə yanaşı, Azərbaycan və Ermənistan arasında sərhədlərlə bağlı gələcək mübahisələrə son qoyacaq, eyni zamanda bölgədən keçəcək yeni nəqliyyat layihələrinin reallaşmasını sürətləndirəcək.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR