Türk dünyası üçün əhəmiyyətli qərarlarla zəngin tarixi İstanbul Zirvəsi - TƏHLİL

Türk dünyası üçün əhəmiyyətli qərarlarla zəngin tarixi İstanbul Zirvəsi - TƏHLİL
# 13 noyabr 2021 15:00 (UTC +04:00)

12 noyabrda Türkiyənin İstanbul şəhərində türk dünyasının liderlərinin növbəti tarixi toplantısı baş tutdu.

İstanbulda müstəqil türk respublikalarını təmsil edən liderlərin toplantısı zamanı olduqca mühüm olan “Türk dünyasına baxış - 2040” konsepsiyası qəbul edildi və liderlər arasında Bəyannamə imzalandı.

Türk dünyası dövlətlərinin gələcək hədəflərini müəyyənləşdirən sənəd və bəyannamədə çox maraqlı məqamlar var. Ümumilikdə, əlbəttə ki, 12 noyabr tarixində baş tutan Türk Şurası İstanbul Sammitində ən mühüm qərar – ad dəyişikliyə ilə bağlı idi. Belə ki, bundan sonra türk liderlərinin birliyi Şura deyil, Təşkilat adlandırılacaq və türkdilli ifadəsi türk dövlətləri ifadəsi ilə əvəzlənəcək.

Beləliklə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilib.

Qeyd edək ki, Türk Dövlətlərindən ibarət təşkilatın yaradılmasının əsasları Naxçıvan Bəyanatında öz əksini tapmışdı. 12 il ərzində yol xəritəsi qismində çox mühüm irəliləyişlər əldə edən Şura nəhayət yeni ad, status, proqram və hədəfləri ortaya qoyaraq dünən mühüm qərarlar qəbul etdi. Xatırladaq ki, 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçiləri kimi türk dövlətləri arasında əməkdaşlığın və strateji tərəfdaşlığın yeni formatını müəyyənləşdirmişdilər. 1992-ci ildən davamlı şəkildə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 12 ildir ki, müstəqil türk respublikaları və xalqları arasında təhsil, elm və mədəniyyət, iqtisadiyyat, nəqliyyat, turizm sahələrində tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platforma kimi çıxış edirdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardına çevrilməsi üçün mühüm addımlar atmışdır. Şuranın indiyə qədər keçirilmiş bütün zirvə görüşündə Azərbaycan yüksək səviyyədə təmsil olunmuşdur.

Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu. 2020-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilmişdir. Eyni zamanda, son 3 ildə mütəmadi olaraq türk dövlətlərinin səhiyyə, turizm, iqtisadiyyat, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığının gücləndirilməsinə istiqamətlənən nazirlərin iştirakı ilə onlayn tədbirləri baş tutmuşdur.

Doğrudan da, Bakı üçün türkdilli dövlətlər hər zaman xarici siyasətdə prioritet istiqamətlərdən olub. 2019–cu ildə Bakıda baş tutan Zirvə Toplantısındakı çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu coğrafiyanın bizim üçün olduqca önəmli olduğunu bir daha iştirakçıların diqqətinə çatdırmışdı. O qeyd edirdi: “Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.

Dünən baş tutan İstanbul Sammitində Türk dövlətləri arasında münasibətlərin yeni statusa çevrilməsi və əməkdaşlıq formatının Təşkilat adlandırılması, sözsüz ki, həmin xalqların tarixi üçün çox əhəmiyyətli hadisədir. Sirr deyil ki, uzun müddət idi türk dövlətlərinin dialoq formatının vahid təşkilata transfer olmasına qarşı müəyyən Avrasiya dövlətləri tərəfindən süni maneələr törədilirdi.

Türk Dövlətləri Birliyinin yaradılması üçün böyük imkanlar mövcud idi. Artıq reallığa çevrilən bu təşkilat heç şübhəsiz bundan sonra dünyada mühüm faktora çevriləcək, əsas hərəkətverici qüvvələrdən biri kimi sülhün qorunmasında, bəşəri və milli-mənəvi dəyərlərin təbliğində əsas rol oynayacaq, eyni zamanda, türk dövlətlərinin bir–birinə sistemli inteqrasiyasına, siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində birliyini daha da gücləndirəcək.

Təsadüfi deyil ki, hazırda bir sıra qüvvələr Türk Dövlətləri Təşkilatının gələcəkdə vahid ordu yaratmasından, təşkilatın Avropa Birliyi kimi sayılıb – seçiləcək beynəlxalq aktora çevrilməsindən çəkinirlər. Ancaq reallıq ondan ibarətdir ki, doğrudan da Avrasiyanın orta xəttində mühüm güc olan türk xalqlarının birləşməsinə start verildi və bundan sonra heç kim türk xalqlarına qarşı təzyiq və təhdid siyasəti əsasında onların müstəqilliyinə zərbə vuracaq davranış sərgiləyə bilməyəcək.

Türk xalqlarının ətrafında davan edən qısqanclığa toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışı zamanı həmin dövlətləri mane olmamağa, əksinə, Birliyə qoşulmağa səslədi.

“Heç kim Türk Dövlətləri Təşkilatının varlığından narahat olmamalıdır, tam əksinə bu təşkilatın bir üzvü olmağa çalışmalıdırlar. Ortaq tarixə və mədəniyyətə sahib qardaşları ayıra biləcək heç bir hüdud yoxdur. “Soyuq müharibə” dövründə bir-biri ilə qucaqlaşmağı xəyal edən qardaşlar bu gün birlik və bərabərlik içərisində ortaq gələcəklərini inşa edirlər”, - Türkiyə Prezidenti vurğulayıb.

Məlumdur ki, son 2 əsrdə, ələlxüsus I Dünya müharibəsinin sonlarında türk dünyası arasında nifaqın salınması, xalqları öz soykökündən ayrılması istiqamətində SSRİ, Britaniya, ABŞ və digərləri tərəfindən addımlar atılmaqda idi. Eyni zamanda, sirr deyil ki, hələ vaxtilə islam xilafətinin coğrafiyasının genişlənməsi, islam ideologiyasının türk xalqlarına yeridilməsi dünyanın ən qədim sivilizasiyasına sahib olan toplumun milli–etnik bağlardan bir qədər uzaqlaşmasına səbəb olmuşdur. Avrasiyada min illərlə mövcud olan, tarixdə möhtəşəm dövlətlər, imperiyalar, mədəniyyətlər yaratmış, müxtəlifləşsə də öz təməl qaynaqlarından üzülməyən türk sivilizasiyasının belə bir Vəhdətə mənəvi haqqı var. Eyni sivilizasiya mənsubiyyəti, etnik kök birliyi və ortaq mədəniyyət təməlində yaranan cazibə gücü və ümumtürk varlığının rasional dərki öz təkzibolunmaz məntiqi ilə bu gün bütövləşmə uğrunda ümumtürk intellektual hərəkatını, ümumtürk özünüdərki gücləndirir. Təbii ki, son zamanlar türk dövlətlərinin liderləri tərəfindən atılan addımlar birliyə istiqamətləndirilən amilləri daha da gücləndirir.

Dünən baş tutan Zirvə Toplantısı zamanı mühüm diqqətedici məqamlardan biri də məhz qəbul edilən Yekun Bəyannamə ilə bağlıdır. İstanbulda keçirilən VIII Zirvə Görüşünün Bəyannaməsində Türk İnvestisiya Fondunun yaradılması, yaşıl texnologiyalar və ağıllı şəhərlər üzrə çoxtərəfli əməkdaşlıq, kosmik texnologiyalar layihələri sahəsində əməkdaşlıq və koordinasiya, media, QHT, ictimai rəy yaradanlar, alimlər və deputatlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və sair kim mövzular üzrə inteqrasiya prioritet kimi götürüldü.

Eyni zamanda, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək ifadə olunub. Üzv və müşahidəçi dövlətlərin işğal sonrası ərazilərin bərpası və inkişafına töhfə verməyə hazır olduqları bəyan edilib. Eyni zamanda, Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsi və Qarabağ torpaqlarının işğaldan azad edilməsi münasibətilə təşkilata üzv dövlətlər, eləcə də qurumun Baş katibi adından təbrik edilib və Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi alqışlanıb. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətində əldə edilən uğurlar da bəyanatda öz əksini tapıb və bu istiqamətdə qazanılan nailiyyətlərin məmnuniyyətlə qarşılandığı bildirilib. Bununla yanaşı, Azərbaycan Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi münasibətilə də təbrik alıb. Ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Bundan başqa, Bəyannamədə Üzv və Müşahidəçi dövlətlər Asiya və Avropa arasında Fiber Optik yüksəksürətli internet xəttinin tikintisini nəzərdə tutan Digital Hub layihəsinin həyata keçirilməsində Azərbaycana dəstək verməyə dəvət edildilər. Eləcə də, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində Zəngəzur dəhlizi yeni yaranan fürsət kimi vurğulandı və üzv dövlətlərin müvafiq qurumları Azərbaycan Respublikası Hökumətinin dəhlizin tezliklə fəaliyyətə başlaması üçün səylərini dəstəkləməyə çağırıldı.

Sammitdə həmçinin Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında Qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair Qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında Qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında Qərar imzalanıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR