“Xarıbülbül” festivalı: Dünyaya sülh, sabitlik, dostluq və tolerantlıq mesajları - TƏHLİL

Şuşada “Xarıbülbül” festivalı

© APA | Şuşada “Xarıbülbül” festivalı

# 15 may 2021 13:26 (UTC +04:00)

Artıq bir neçə gündür ki, regionun və ətraf ölkələrin gözləri bütün Qafqazın incisi olan Şuşa şəhərinə fokuslanıb. Müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusunu darmadağın etməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsində azad edilməsindən 6 ay keçməsinə baxmayaraq, artıq Şuşada çox böyük əks-səda doğuran “Xarıbülbül” festivalı keçirildi. Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən və iki gün davam edən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatıb. Regionda münaqişənin yarandığı illərdən başlayaraq 30 ildən artıq müddətdə keçirilməsi dayandırılan bu festivalın indi keçirilməsi heç də təsadüfi deyildi. Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edərkən orada ənənəvi olaraq keçirilən bütün tədbirlərin, xüsusilə də “Xarıbülbül” festivalının və Vaqif poeziya günlərinin bərpa ediləcəyini qeyd etmişdi. Artıq həmin əhəmiyyətli tədbirlərdən biri - “Xarıbülbül” festivalı çox yüksək səviyyədə və elə Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan Şuşanın adına layiq şəkildə keçirildi. Müharibədən sonra intensiv olaraq işğaldan azad edilmiş ərazilərimizə baş çəkən Prezidenti müşayİət edən birinci xanımla yanaşı, onların ailə üzvləri də tədbirdə iştirak edirdilər. 12-13 may tarixlərini əhatə edən festivala Azərbaycan dövlətinin bir sıra yüksək rəsmiləri, tanınmış incəsənət nümayəndələri, media mənsubları və bir çox ziyalıları ilə bərabər Şuşa sakinləri də qatıldı.

Festivalının ilk günü - 12 mayda keçirilən açılışda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkənin fərqli bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar. Tədbirin açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

Tədbirin ikinci günündə Azərbaycanın xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Alim Qasımov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Polad Bülbüloğlu və digərləri çıxış etdilər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və Azərbaycanın digər dahi bəstəkarlarının möhtəşəm əsərləri təqdim olundu. Eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında fikirlərini, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını əks etdirən videoçarx təqdim edilib.

Tarixən Qarabağ bölgəsinin mərkəzi hesab olunan Şuşa özünün tarixiliyi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və strateji əhəmiyyəti ilə daim Azərbaycan dövlətinin və xalqının diqqət mərkəzində olub. Təsadüfi deyil ki, 1977-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdı. Elə bu strateji əhəmiyyətinə görə idi ki, Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan 1992-ci il mayın 8-də Şuşa şəhərini tutmaqla demək olar ki, Qarabağı işğal etmək istəyinə nail oldu.

“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 17 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Bütün müharibələrdə olduğu kimi, İkinci Qarabağ müharibəsinin taleyini də strateji bir hədəf həll edirdi ki, bu da Şuşa idi. Məhz buna görə 44 günlük müharibədə çox böyük uzaqgörənlik nümayiş etdirən müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşən ordunun böyük hissəsini Şuşa istiqamətində səfərbər etdi. Şuşa qələbəsindən sonra azğın düşmən ağ bayraq qaldıraraq təslim oldu, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı, hələ azad olunmamış üç rayonla yanaşı, bir neçə kəndimizi boşaltmaq öhdəliyini üzərinə götürdü və Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edildi.

“Xarıbülbül” festivalı ilə 30 il ərzində vəhşi və işğalçı düşmənin əsarəti altında inildəyən Şuşanın yerləşdiyi dağlarda və meşələrdə artıq bədbəxtlik gətirən silah səsləri deyil, yenidən şux muğam və musiqi səsləri əks-səda verməyə başladı. Bununla da Azərbaycan həm regiona, həm də bütün dünyaya göstərdi ki, işğalçı və təcavüzkar Ermənistandan fərqli olaraq o, sülh, sabitlik, təhlükəsizlik və mədəniyyət kimi bəşəri dəyərlərin tərəfdarıdır. Azərbaycan bəyan etdi ki, monoetnik Ermənistandan fərqli olaraq, multikultural dəyərlərə, tolerantlığa və hər bir xalqın milli-mədəni irsinə hörmət prinsiplərinə sadiqdir. Qalib dövlətin Prezidenti və müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyev Şuşadan regiona və dünyaya bir sıra sülh çağırışları etdi. Azərbaycan bu festivalla bəyan etdi ki, regionun təhlükəsizliyi, stabilliyi və inkişafı üçün sülhə hazır olmaqla yanaşı, həm də sülhün təminatçısı kimi çıxış etmək iqtidarındadır.

Çox gözəl bir deyim var ki, “Siyasi xadimlər gələcək seçkilər üçün, dövlət xadimləri və ictimai xadimlər isə dövlətin, xalqın və millətin inkişafı üçün fəaliyyət göstərirlər”. Zamanında xalqının mütləq Şuşaya və digər işğal edilmiş ərazilərə qayıdacağını və buna nail olmağı özünün varisinə vəsiyyət etməklə Ümummilli Lider Heydər Əliyev və onun bu vəsiyyətini uğurla həyata keçirməklə İlham Əliyev də əsl dövlət xadimi və ictimai xadim olduqlarını sübuta yetirmiş oldular.

Prezident İlham Əliyev indi də işğaldan azad edilmiş ərazilərin bərpası üçün böyük əzm və iradə ilə çalışmaqla bir daha uzaq gələcəyə hesablanmış addımlar atan, uzaqgörən siyasətçi olduğunu, bununla da dövlətə və dövlətçiliyə xidmət etdiyini bir daha nümayiş etdirir.

Xəyal Bəşirov,

Siyasi və Hüquqi Strateji araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR