“Qonşularla sıfır problem”dən “dəyərli yalnızlıq” dayanacağınadək qət edilən yol - TƏHLİL

“Qonşularla sıfır problem”dən “dəyərli yalnızlıq” dayanacağınadək qət edilən yol - <span style="color: red;">TƏHLİL
# 23 avqust 2013 12:51 (UTC +04:00)

3 iyuldakı çevrilişdən sonra başda ABŞ və AB olmaqla – lakin ad çəkmədən - qlobal oyunçuları Misir xalqının “seçki qutusu” iradəsinə hörmətsiz yanaşmaqda günahlandıran Ərdoğanın beynəlxalq miqyaslı yaylım atəşlərindən Nobel komitəsi nəsibini bu sözlərlə almışdı: “Eyyy Nobel! Sən necə mükafat verirsən ki, bu adamlar hərbi çevriliş edənlərin vitse-prezidenti olur?” O çevriliş iqtidarının vitse-prezidenti vəzifəsinə təyin edilən və o vaxt hələ istefa verməmiş Məhəmməd əl-Baradeyi nəzərdə tuturdu. Xatırlada bilərik ki, Məhəmməd-əl Baradey Atom Enerjisi Beynəlxalq Agentliyinin başqanı ikən dəfələrlə İrana getmiş və Tehranın kimyəvi silaha sahib olmadığına dair hesabatlar hazırlamışdı. Mayın son günündə İstanbulun Gəzi Parkında başlayan etiraz aksiyasının dalğa-dalğa Türkiyəyə yayılması baş nazir Ərdoğanın ürəyini kifayət qədər sıxdığı kimi, iyulun əvvəlində ordunun Misirdə hakimiyyətə əl qoyması ikinci bir sıxıntı sahəsi yaratmaqla qalmadı; Tayyip bəy Gəzi Parkındakı dinc müqaviməti öz iqtidarına real təhlükə şəklində dəyərləndirməyə başladı; Gəzinin Təhriri nə dərəcədə “tətiklədiyini” demək çətindir, amma sanki Osmanlı imperiyasının hansı küncündəsə bir üsyanı basdırıbmış kimi, Gəzi Parkının boşaldılmasının Ərdoğan tərəfindən “Türk polisi dastanlar yazdı” şəklində dəyərləndirilməsi beynəlxalq ictimaiyyətin ciddi etirazına səbəb oldu. Dünyaca məşhur 30 sənət adamı və alimin “İndependent” qəzetinə göndərdiyi məktubda Ərdoğanın öz tərəfdarlarını meydanlara və stadionlara yığmasını “Hitler faşizimi” ilə müqayisə etməsi və cavabında Ərdoğanın onları “ağıl, zehin və vicdanlarını satanlar” sözləri damğalaması Gəzi və Təhririn Türkiyə baş naziri üzərində yaratdığı psixoloji durumun dışarıya əks etməsi idi. Hökumət başçısı kimi Rəcəb Tayyip Ərdoğanın Nobelə müraciət etməsi nə dərəcədə məntiqlidir, hansı matematikanın məhsuludur? Elə burdan davam etsək:

1) Ərdoğan hökumətinin Türkiyədə elmə, sənətə, ədəbiyyata nəinki dəyər vermədiyi, əksinə gün keçdikcə daha çox təzyiq altına aldığı bir ortamda “Baradeyə mükafat vermiş” Nobel Komitəsinə etiraz etməsi ilə ünvanı səhv saldığını görməkdəyik. Ölkədə yeni yaradılan Elmlər Akademiyası üzvlərinin üçdə ikisini hökumət təyin edirsə, hökumətin bəzi addımlarını dəstəkləmədiyinə görə (məsələn, ölkənin duayen sosioloqu professor Şərif Mardin 2008-ci ilin yanvarında Məclisdə qəbul edilən “Baş örtüsü qanunu”nun başı açıqlar üzərində “məhəllə təzyiqi” yaradacağını dediyi üçün) ölkənin ən sayğılı alimlərinin Elmlər Akademiyası üzvlüyünə qəbulunun yolu bağlanırsa, hər gün yenisi açılan özəl və dövlət universitetlərindəki təhsilin səviyyəsi getdikcə aşağı düşürsə, Türkiyə baş nazirinin Nobeldən umacağı nə ola bilər?

2) Türkiyənin yeganə Nobel mükafatı laureatı olan yazıçı Orhan Pamuk 2006-cı ildə mükafata layiq görülməzdən əvvəl - 2005-ci ilin yanvarında - İsveçrə jurnalına verdiyi müsahibədə “Türklər 1 milyon erməni və 30 min kürd öldürdü” - demiş, bir çox insan ədəbiyyat sahəsində Pamukun Nobel mükafatı almasında məhz o sözlərinin həlledici rol oynadığı nöqtəsində həmfikir olmuşdu. Elə isə Əl-Baradeyin Misir vitse-prezidentliyini qəbul etməsinə görə Nobel Komitəsini yaylım atəş altına alan Türkiyə baş nazirinin bu sualdan qaçması mümkün görünmür: “Türklər 1 milyon erməni, 30 min kürd öldürdü” sözlərinin ədəbiyyat sahəsində Nobel mükafatı almasına böyük təsiri olduğu hamı tərəfindən etiraf edildiyi halda, niyə Tayyip bəy o vaxt Nobel Komitəsinə “Eyyyy Nobel... Sən mənim ölkəmin tarixinə böhtan atıb ləkə sürtən bir adama mükafat verməyi öz nüfuzuna necə rəva görürsən?” - deyə etiraz etmədi? Yoxsa Türkiyənin baş naziri üçün ölkəsinin keçmişini, bu gününü və gələcəyini ən yaxından ilgiləndirən bu məsələ bir problem deyil, onu sadəcə və sadəcə , “Müsəlman qardaşlar” və hərbi xuntanın iqtidardan saldığı Mursi maraqlandırır? Orhan Pamukun “Türklər 1 milyon erməni, 30 min kürd öldürdü” sözlərinə o vaxt iqtidardan ədliyyə naziri və hökumət sözçüsü Cəmil Çiçəkin “Pamukun bu ölkəyə bunları yapmağa haqqı yoxdur” şəklində verdiyi sərt reaksiyanı xatırlayıram. Cəmil bəydən başqa Ərdoğan hökumətinin o vaxtkı üzvlərindən heç kim Orhan Pamukun sözlərinə qarşı səsini yüksəltməmişdi (Pamuku məhkəməyə verib onun əleyhinə məhkəmələrin qabağında dinc aksiyalar təşkil edənlərin bu gün ömür boyu həbs cəzası aldıqlarını mötərizə içində olsa da, xatırlatmadan keçmək istəmirəm).

3) Qərb və Suriya dövlət başçısı Bəşər Əsədi devirmək üçün çox yaxın münasibət qurduğu Körfəz ölkələri ilə arasındakı körpüləri “Müsəlman qardaşlar”a və Mursiyə görə yandıran Türkiyə baş nazirinin son macalda Misirdəki çevrilişin arxasında İsrailin olduğu iddiasını ortaya atmasına həm İsrail, həm də ABŞ-dan aldığı sərt cavabın təsəllisi xarici işlər naziri Əhməd Davudoğlunun təzəlikcə tədavülə daxil etdiyi “dəyərli tənhalıq” ritorikası ola bilər. “Qonşularla sıfır problem”dən sonra çatdıqları “dəyərli yalnızlıq” dayanacağı, Türkiyənin daxili və xarici siyasətinin məcmusunu sərrast ifadə edən bir termindir; çünki Misirdəki hərbi çevriliş Tayyip Ərdoğanın Məhəmməd Mursiylə əl-ələ verərək inşa etmək istədiyi regional siyasi islam iqtidarının (bunu bölgədəki qatı sünni iqtidarı qurmaq cəhdi kimi oxumaq daha düzgün olacaqdır) iflasıdir. Türkiyə baş nazirinin həm daxildə, həm də xaricdəki aqressivliyinin səbəbini bu nöqtədə axtarmaq onun psixoloji həsb-halını düzgün dəyərləndirməyə də kömək edəcəkdir. Necə ki, “Vatan”dan Zülfü Livaneli də istər Türkiyədə, istərsə də bölgədə cərəyan edən prosesləri eyni prizmadan dəyərləndirməkdədir : “Amma son günlərdə Qərbin böyük bir strategiya dəyişikliyi etdiyi görünür. “Müsəlman qardaşlar”dan dəstəyin çəkilməsi, modern və dünyəvi bir islama vurğu yapılması kimi gündəlik gəlişmələr bu cür oxunmalıdır. Ankarada narahatlıq yaradan, panika havası verən görüntünün və getdikcə sərtləşən sözlərin altında bu var”.

İstər “Müsəlman qardaşlar”, istərsə də AKP-nin timsalında radikallaşan islamın yerinə “modern və dünyəvi bir islam” modelinin gətiriməsi üçün illərdən bəri hazırlanan “alət” isə artıq bəlldir: bunun Türkiyədəki keçmiş adı “icma”, yeni adı isə “xidmət”dir. Əlbəttə ki, Qərb, AKP-yə limitsiz dəstək vermək yolu ilə çıxdaş etməyə çalışdığı kamalizmi yenidən geri qaytarmağa heç vaxt hərarətli baxmayacaq, ona görə də bundan sonra bu coğrafiyadakı ideoloji mübarizələrin daha da şiddətlənəcəyini proqnozlaşdırmaq heç də çətin deyil.

4) Məhəmməd əl-Baradeyin Misirin vitse-prezidenti olmağı qəbul etməsinə görə (ordunun törətdiyi qətliamlara etiraz əlaməti olaraq Baradeyin qısa müddətdə istefa verməsinə Ərdoğan və adamları nədənsə, münasibət bildirmədilər) Türkiyə baş nazirinin Nobel Komitəsini suçlamasının başqa bir məntiqsiz tərəfinə isə “Cumhuriyet” qəzetindən Ali Sirmen etiraz edərək demişdi ki, Ərdoğanın özünə sələf saydığı iki siyasətçidən biri olan Turgut Özal da ( birincisi Adnan Menderesdir) 12 sentyabr 1980-ci il dövlət çevrilişindən sonra qurulmuş hökumətdə baş nazir Bülənt Ulusunun müavini idi. Nobeli suçlama məntiqi ilə yanaşırsa, onda gərək Ərdoğan Özala heyranlığından da vaz keçə.

5) Türkiyə iqtidar partiyasının 30 sentyabr 2012-də keçirilən qurultayının baş rol ifaçıları Məhəmməd Mursi, Məsud Bərzani və Xalid Məşal ildilər. Qurultay barədə düşüncələrimi yazarkən Azərbaycan iqtidar partiyasının oraya təmsilçi göndərməməsini təqdir etmişdim. “Müsəlman qardaşlar”ın (növbəti mərhələdə bəlkə AKP-nin də) timsalında radikal siyasi islamın çıxdaş edilməsi prosesinin Türkiyə-Azərbaycan münasibətlərinə daha müsbət təsiri olacağını düşünmək səhv olmayacaqdır. Türkiyənin indiki iqtidar partiyası bundan sonra daha yaxşı anlamalıdır ki, Azərbaycana “din qardaşlığı” pəncərəsindən baxmaq Bakıdakı dünyəviliyin sərt qayasına çarpılacaqdır.

Azərbaycanın 160 ildən bəri keçib gəldiyi mədəniyyət yolu bunun ən önəmli sığortasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR