Ombudsmanın nümayəndələri Quba rayonlararası psixonevroloji reabilitasiya mərkəzi və Quba Xüsusi peşə məktəbinə başçəkmə həyata keçiriblər

 Ombudsmanın nümayəndələri Quba rayonlararası psixonevroloji reabilitasiya mərkəzi və Quba Xüsusi peşə məktəbinə başçəkmə həyata keçiriblər
# 28 noyabr 2012 12:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanın Milli Preventiv qrupunun üzvləri Quba rayonlararası psixonevroloji reabilitasiya mərkəzinə və Quba Xüsusi peşə məktəbinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Quba rayonlararası psixonevroloji reabilitasiya mərkəzindəki inzibati, müalicə və müayinə otaqlarına, palatalara, habelə mətbəxə baxış keçirilib, burada saxlanılan və müalicə olunanların vəziyyətini araşdırılıb. Eyni zamanda qrupun üzvləri bu müəssisələrdə xəstələrə gündəlik qidalanma və dərman preparatları üçün ayrılan vəsaitlə maraqlanıblar. Monitorinq zamanı mərkəzin əsaslı təmirə, həmçinin dərman təminatının artırılmasına ehtiyacı olduğu müəyyən edilib.

Quba Xüsusi peşə məktəbinə başçəkmə zamanı yataqxanalara, sinif, tərbiyə və istirahət otaqlarına, kitabxanaya, mətbəxə, yeməkxanaya, hamama, inzibati otaqlara və ümumi əraziyə baxış keçirilib, saxlanma şəraiti və müəssisədəki uşaqlarla rəftar, onların təhsil alması və asudə vaxtlarının təşkili məsələsi araşdırılıb.

Müəssisədə saxlanılan 13 uşaqla təkbətək söhbət aparılıb, onlara hüquqları izah edilib. Uşaqlar saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər. Eyni zamanda qeyd olunmalıdır ki, həmin uşaqların 18 yaşı tamam olandan sonra onların bu müəssisəni tərk etmələri və harada yerləşdirilməsi məsələsinin açıq qalması, həll olunmaması müəyyən narahatlıq doğurur. Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR