Abbas Abbasov Kremlin azərbaycanlı miqrantları sıxışdırmaq siyasətinin dəstəkçisi rolunda - TƏHLİL

Abbas Abbasov Kremlin azərbaycanlı miqrantları sıxışdırmaq siyasətinin dəstəkçisi rolunda - <span style="color: red;">TƏHLİL
# 22 noyabr 2013 14:52 (UTC +04:00)

Miqrantlara qarşı təzyiqlərə başlanması bu prosesin ilk mərhələsidir, ikinci mərhələ onları vətənlərinə köçə məcbur etmək, üçüncü mərhələ isə Kremlin nəzərində sosial narazı kütlə olan miqrantlardan yerli hakimiyyətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Başqa sözlə, Moskva evə qayıdan miqrantlardan “beşinci kolon” yaratmaq istəyir və bu prosesə bəzi etnik əsaslarda formalaşan qurumları da cəlb edib. Bunlardan biri də Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətidir (“AzerRos”). Bu quruma Azərbaycan baş nazirinin sabiq müavini Abbas Abbasov rəhbərlik edir. “Milyarderlər İttifaqı”nın yaradıcısı, ilhamvericisi olan Abbas Abbasov...

“Milyarderlər İttifaqı”nı yaradanlar qurumu ictimai rəyə Rusiyada yaşayan və işləyən azərbaycanlıların hüquqlarını müdafiə edəcək təsisat kimi təqdim etməyə çalışır, bu kontekstdə soydaşlarımızın ciddi problemlərlə üzləşdiklərini öz plana çəkirdilər. Bu problemlər həmişə mövcud olub, lakin indiki kimi total deyil, lokal xarakter daşıyırdı. Lakin Qərbi Biryulevo hadisələri əmək miqrantlarına gerçək münasibəti üzə çıxardı, bu, Moskvanın qeyri-slavyan mənşəli miqrantlara yürütdüyü siyasətin pik nöqtəsi idi. Kreml bazarlarda reydlərə başlamaqla, azərbaycanlıları miqrasiya qanunvericiliyini əsas gətirərək bazarlardan çıxarmaqla gerçək üzünü açığa çıxarmış oldu.

Səhnəyə azərbaycanlı əmək mühacirlərinin hüquqlarını müdafiə bayrağı ilə çıxan “Milyarderlər İttifaqı” isə meydanda yox idi. Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri, həmçinin “Milyarderlər İttifaqı”nın təsisçilərindən Abbas Abbasov bu proseslərə dair açıqlaması ilə “özünü yandırmış” oldu. “Azərbaycanlılara xəbərdarlıq edirik ki, bir müddət restoranlara getməsinlər” deyə “bəyanat” verən Abbas Abbasov əslində həm problemin mahiyyətini anlamadıqlarını (yaxud anlamaq istəmədiklərini) ortaya qoydu, həm də “Milyarderlər İttifaqı”nın guya miqrantların problemini həll etmək üçün yaradıldığı barədə sabun köpüyünü partlatmış oldu.

Sual olunur: “Bu müddət ərzində Abbas Abbasov miqrantların üzləşdiyi problemlər, onların həll yolları ilə bağlı hansı tədbir keçirib, azərbaycanlılara qarşı qeyri-insani münasibətlə bağlı hansı bəyanatı verib?” Azərbaycan cəmiyyəti bu problemlə bağlı Abbasov tərəfindən hər hansı addımın şahidi olmayıb. Əvəzində isə Abbas Abbasovun təşəbbüsü ilə Rusiyanın dövlət miqrasiya siyasətinə dəstək vermək üçün “Prezident otel”də tədbir keçirilir və baş nazirin sabiq müavini o tədbirdə çıxış edərək Kremlin miqrasiya siyasətini (oxu: Azərbaycana və azərbaycanlılara qarşı təzyiq siyasətini) dəstəklədiyini bəyan edir.

Rusiyanın miqrasiya siyasəti qeyri-slavyanlara qarşı təzyiq siyasətidir, sənəddə əksini tapmasa da, qanunların icrası bunu aşkar şəkildə göstərir. Bu siyasət miqrantları ölkələrinə göndərməklə həmin dövlətlərdə stabilliyi pozmaq məqsədi güdür. Moskva köçə zorlanan miqrantları, bu sosial narazı kütləni onların ölkəsinə qarşı alət kimi istifadə etməyə çalışır və Abbas Abbasov bu siyasəti dəstəklədiyini açıqlayır. Məsələ Abbasovun niyə belə etməsində deyil. Sual olunur: “Əgər gerçək niyyətini gizlətmək istəyirsənsə, bunu “azərbaycanlı miqrantların hüquqlarını qorumaq” kimi bir anlayış altında kamuflyaj etmək nəyə lazım idi?” “Milyarderlər İttifaqı” öz niyyətini gözə və qulağa xoş gələn başqa bəhanələrlə kamuflyaj edə bilərdi, amma siyasi səhnəyə ilk addımlarını “miqrant hüquqları”nın arxasında gizlənməklə atdı və özünü elə ilk addımdaca, Biryulevo hadisələrində ifşa etdi.

Demək səmimi deyillər, demək niyyət başqadır. Gerçək niyyəti təxmin etmək çətin deyil, bu niyyət Moskvanın Azərbaycanı Gömrük Birliyinə qoşmaq niyyəti ilə üst-üstə düşür. Başqa sözlə, “Milyarderlər İttifaqı” kimlərinsə əlində alətdir və Abbas Abbasov toplantıda söylədiyi fikirlərlə alət olduğunu gizlətmir də. Məsələn, “Azərros”un Ağsaqqallar Şurasının sədri bildirir ki, hər bir miqrantın taleyi yalnız onu qəbul edən ölkədən yox, həm də onun gəldiyi ölkə və ya regionun məsuliyyətindən asılıdır. Yəni, Abbas Abbasov Rusiyada bu gün azərbaycanlı miqrantlara qarşı təzyiqlərin davam etməsinə görə məsuliyyəti öz iqtisadi və siyasi müstəqilliyini Kremlə güzəştə getmək istəməyən rəsmi Bakının üzərinə atır. Səbəb məlumdur - Kreml azərbaycanlı miqrantları sıxışdırmaqla onların Azərbaycana qayıdışını təmin edə bilsə də, onları sosial narazı kütlə kimi rəsmi Bakıya qarşı qoya bilmədi. Bu missiyanı üzərinə götürən Abbas Abbasov artıq ona bəslənən ümidləri doğrultmadığına görə Kremlin etimadını itirmək üzrədir. Bu səbəbdən o indiyədək yürütdüyü siyasəti darmadağın edəcəyini bilməsinə rəğmən tədbir keçirərək Moskvanın miqrasiya siyasətinə açıq şəkildə dəstək verdiyini bildirir. Abbasovun buna ehtiyacı var, çünki məşhur bir filmdə deyildiyi kimi, “on ne opravdıval okazannoye im visokoqo doveriya”. Bir tədbirlə bu etimadı bərpa ediləcəyini düşünmək isə... Artıq bu, Abbasovun öz problemidir.

Qeyd edək ki, Abbas Abbasov APA-nın əməkdaşının tədbirlə bağlı sualını eşidən kimi telefonu məşğul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR