Dolayı diplomatiya: Türkiyənin Ermənistanla üçüncü sərhəd qapısı planı - TƏHLİL

Dolayı diplomatiya: Türkiyənin Ermənistanla üçüncü sərhəd qapısı planı - <span style="color: red;">TƏHLİL
# 24 noyabr 2014 12:43 (UTC +04:00)

Bu mərhələni şərtləndirən əsas amil qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Ankaranın məruz qaldığı psixoloji təzyiqlərdir. 2015 ərəfəsində təzyiqlərin artacağını proqnozlaşdıra bilməyən və buna qarşı A, B, C planları olmadığı təəssüratı yaranan Türkiyə nəticədə Ermənistanla münasibətlərdə malik olduğu mövqeləri bir-bir əldən verməkdədir.

Ankaranın bu məsələdə əlində olan kartlar sərhədlərin bağlı olması, diplomatik münasibətlərin qurulmaması, Sürix protokollarının məhz Ermənistanın imtinası səbəbilə həyata keçirilməməsinin qazandırdığı psixoloji üstünlük, müştərək tarixi komissiyanın yaradılması dair təşəbbüslərin İrəvan tərəfindən rədd edilməsinin gətirdiyi dividentdir.

Qondarma “erməni soyqırımı” iddialarına qarşı Türkiyənin istifadə edə biləcəyi başqa obyektiv resurslar da var ki, onlardan biri Anadoluda ermənilərin türklərə qarşı törətdiyi soyqırımının nəticəsi olan kütləvi məzarlıqların açılması, ASALA terror təşkilatının törətdiyi cinayətlərdən və Xocalı soyqırımı faktından dünya miqyasında Ermənistana qarşı təbliğatda istifadə olunmasıdır. Təəssüf ki, ötən illər ərzində bu resurslardan istifadə olunmayıb, əksinə təslimçi mövqe tutan Türkiyənin Ermənistanla sərhədlərin açılması ilə bağlı təzyiqlərə boyun əydiyini təəssüflə izləməkdəyik.

Digər tərəfdən, Ankaradakı Ermənistan lobbisinin fəallaşması, ermənilərin Türkiyə siyasətinin ən dərinliklərinə belə nüfuz edə bilmək imkanı qazanması (Etyen Mahçupyanın baş nazirin baş müşaviri təyin olunması, Ankarada Ermənistanın maraqlarını lobbiləşdirmək məqsədilə silsilə tədbirlərin keçirilməsi, Ermənistanla sərhədlərin açılmasının zəruriliyi istiqamətində ictimai rəy formalaşdırılması prosesinin intensivləşməsi, bu prosesə Türkiyə-Ermənistan gizli danışıqlarının əsas iştirakçısı olan diplomatların (Ünal Çeviköz) cəlb olunması və s. gerçəkliyi var. Türkiyənin Ermənistan siyasətini təəssüf ki, uzaqgörən siyasətə əsaslanan obyektiv faktorlar deyil, qeyd etdiyimiz bu gerçəkliklər müəyyənləşdirməkdədir.

Situasiyanın analizi göstərir ki, Ankara Ermənistan sərhədlərinin açılması məsələsində üç faktoru əsas hesab edir:

a) Qərbin təzyiqləri,

b) Azərbaycanın maraqları ilə hesablaşma zərurəti,

c) Ermənistanla artan ticarət həcmi.

Əslində sonuncu obyektiv faktor sayıla bilməz, çünki Türkiyənin xarici ticarət dövriyyəsində Ermənistanın payı son dərəcə azdır. Ermənistanla qeyri-rəsmi ticarət Türkiyənin Qərbin təzyiqlərinə qarşı istifadə etdiyi “kozırdır” və Ankara təzyiqləri azaltmaq üçün bu amilin obyektiv faktor kimi qəbul olunmasında maraqlıdır. Türkiyə “de-yure” Ermənistanla sərhədləri bağlı saxlasa da, bu ölkə ilə üçüncü ölkə vasitəsilə ticarət əlaqələri qurub və Sürix protokollarının imzalanmasından keçən müddət ərzində iki ölkə arasında ticarətin həcmi nəzərəçarpacaq dərəcədə artıb.

Və qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində artan təzyiqləri neytrallaşdırmaq üçün Ankara “unikal” addım atır. Bu addım nədir və “unikallığı” nədən ibarətdir? Söhbət Gürcüstanla sərhəddə, Ərdəhan ərazisində yeni Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin açılmasından gedir. Bu keçid məntəqəsi əslində Ermənistanla sərhədlərin “de-fakto” açılması deməkdir. Çünki...

Türkiyədən Ermənistana yüklərin daşınması əsasən Gürcüstan sərhədindəki Sarp keçid məntəqəsi vasitəsilə həyata keçirilir. Bu məntəqədən keçən yük maşınları 264 kilometr məsafəni qət edərək Gürcüstan-Ermənistan sərhədində yerləşən Ninoçminda/Bavra keçid məntəqəsinə daxil olur, gömrük proseduralarını gerçəkləşdirdikdən sonra Ermənistan ərazisinə keçirlər. Bu, Türkiyə ilə Ermənistan arasında on milyon dollarlarla ölçülən ticarət dövriyyəsinin gerçəkləşdirildiyi əsas marşrutdur. Türkiyə-Gürcüstan sərhədində inşa olunan Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin açılışı Ermənistana yüklərin daşınmasını asanlaşdıracaq. Ermənistana yük aparan maşınlar Gürcüstan ərazisinə Sarpdan deyil, Çıldırdan daxil olacaq və 30 kilometr sonra Gürcüstan-Ermənistan sərhədindəki Ninoçminda/Bavra məntəqəsinə çatacaq. Beləliklə, Türkiyədən Ermənistana yüklərin daşınması marşrutu 8 dəfə (!) azalmış olur. Nəqliyyat xərclərinin azalması isə Ermənistana ixrac edilən malların maya dəyərinin azalması, alıcılıq qabiliyyəti aşağı olan ermənilərin daha ucuz türk malları ilə təmin olunması deməkdir. Ağır iqtisadi böhran yaşayan, qiymət artımından boğulan Ermənistan üçün bu, bir nəfəslikdir və havasızlıqdan boğulan Ermənistana bu nəfəsliyi açan təəssüf ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyədir.

Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin inşası Ermənistanla sərhədlərin açılması məsələsində Ankaranın üzləşdiyi üç obyektiv faktoru neytrallaşdırmağa imkan verir.

Birincisi, Ankara Qərbə daxili və xarici faktorlar səbəbilə Doğukapı sərhəd məntəqəsini aça bilməsə də, faktiki eyni dəyərə sahib digər məntəqəni açmaqla Ermənistanla sərhədlərin açılmasında maraqlı olduğu mesajını verir.

İkincisi, Çıldır-Aktaş sərhəd keçid məntəqəsi Ermənistanla deyil, Gürcüstanla sərhəddə yerləşdiyinə görə Azərbaycana da birbaşa narazı qalmaq haqqı tanınmır. Türkiyə Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin açılmasını Sarp məntəqəsindən yük daşıma həcminin azaldılması məqsədi ilə əsaslandıra bilər. Ankaranın nəzərində heç nə dəyişmir: sərhədlər açılmayıb, diplomatik münasibətlər qurulmayıb, Azərbaycanın maraqları nəzərə alınmaqda davam edir, yeni məntəqənin açılmasının Ermənistanla birbaşa əlaqəsi yoxdur, əksinə bu, Gürcüstan və Azərbaycana, o cümlədən bu ölkələrdən Türkiyəyə yük daşıma həcmini artırmağa xidmət edir və s.

Üçüncüsü, Ermənistanla ticarət əlaqələri quran iş adamlarına dolayı dəstək verməklə onların İrəvanla ticarət əlaqələrini genişləndirmək niyyətini stimullaşdırır və ticarət dövriyyəsinin həcmini artımına nail olur (Türkiyə 100 illik ərəfəsində bu faktora da Qərbin təzyiqlərinə cavab amili kimi baxır).

Göründüyü kimi, verdiyi rəsmi bəyanatlara rəğmən Ankara “100 illik” xofundan qurtula bilməyib. Türkiyənin içindəki erməni lobbistləri məsələni Ermənistanın qələbəsi ilə bitirməyə iddialı görünürlər.

Türkiyə mediasının formalaşdırmaq istədiyi ictimai rəyin ana xəttini “Ankaranın alternativ yolu qalmayıb” fikri təşkil etsə də, əslində yeganə uğurlu və uzunmüddətli alternativin Azərbaycanın maraqlarını nəzərə almaq olduğunu Ankara kuluarlarında hər kəs bilir. Bu alternativə tapınmaq üçün yalnız bir şey tələb olunur – siyasi iradə nümayiş etdirməkErmənistanın Türkiyədə öz maraqlarını lobbiləşdirməyin qarşısını almaq (məhdudlaşdırmaq).

Çünki nə qədər acı gerçək olsa da, Türkiyədə hazırda Ermənistanın maraqlarını siyasət, ticarət və mediada müdafiə edən bir erməni lobbisi var. Təkcə baş nazir Əhməd Davudoğlunun baş müşavirinin milliyyətcə erməni Etyen Mahçupyan olması, Ermənistanla sərhədlərin açılmasının zəruriliyini önə çəkən “Möhürlü qapı” konfransının məhz bu şəxs (dövlət təmsilçisi) tərəfindən təşkili buna sadəcə bir misaldır.

Türkiyənin öz xarici siyasətində Azərbaycanın maraqlarını kənara atması deyə bir şey yoxdur, hər iki ölkə istisnasız olaraq bütün sahələrdə münasibətləri qarşılıqlı maraqlara əsasında inkişaf etdirirlər. Sadəcə, Türkiyədəki bəzi dairələr maraqların toqquşduğu bəzi nöqtələrdə (o nöqtələr ki, Azərbaycan üçün son dərəcə önəmlidir) Azərbaycanın maraqlarını dolayı yolla zərbə altına qoyur. Özəlliklə Ermənistan siyasəti, sərhədlərin açılması kimi məsələlərdə Azərbaycanın mövqeyinin nəzərə alınması son dərəcə vacibdir.

Türkiyənin regionda xüsusi çəkisini artıran, ona “enerji dövləti”, “Şərqlə Qərb arasında yük nəqli və enerji daşımalarında ən vacib ölkə statusu qazandıran layihələrin məhz Azərbaycan tərəfindən gerçəkləşdirilməsi gerçəyi heç zaman göz ardına vurulmamalıdır. Türkiyə Azərbaycanın gerçəkləşdirdiyi layihələr hesabına əldə etdiyi dividentlərdən təkcə regionda deyil, Yaxın Şərq, Avropa Birliyi və ABŞ-la münasibətlərdə yararlanır. Faktiki olaraq Türkiyənin nəzərində tərəzinin Azərbaycan gözü Ermənistan gözündən çox ağır gəlir, Ankaranın bu obyektiv faktoru nəzərdən qaçırmaması lazımdır. Ələlxüsus, Ermənistanla dolayı münasibətlər qurmağın tərəzidə balans deyil, disbalans yaradacağı gerçəkliyi Türkiyənin xarici siyasətində mütləq hesablanmalıdır.

Və mütləq nəzərə almaq lazımdır ki, Etyen Mahçupyan və Türkiyədəki digər erməni lobbistlərin iddia etdiyi kimi Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü qondarma “soyqırımı” iddialarıdır. Türkiyə bu gerçəyi qəbul etməyə və strateji əməkdaşlıq ruhuna uyğun olaraq “Ermənistanla bağlı məruz qaldığımız təzyiqlərin əsas səbəbi Azərbaycandır” tezisini rəsmi Bakıya qarşı istifadə etməməlidir.

APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR