Suriya məsələsinin ürək açmayan mənzərəsi - TƏHLİL

Suriya məsələsinin ürək açmayan mənzərəsi - <span style="color: red;">TƏHLİL
# 22 oktyabr 2013 07:48 (UTC +04:00)

1. “Yeni Osmanlıçılıq”ın da iflasımı?

İstanbul. Mayis Əlizadə - APA. 2011-in martında Türkiyə bu işə “Yeni Osmanlıçılıq” (Neoosmanizm) həvəsiylə girmişdi. O vaxtlar hökumətə tərəfdar medianın “Türkiyənin Henry Kissingeri” kimi təqdim etdiyi xarici işlər naziri Əhməd Davudoğlu bu işin “tender”ini öz üstünə götürəndə Qərblə razılaşdırmışdımı, yoxsa Qərbi bu işə razı salmağa çalışırdımı? O ilin iyulunda nazir Davudoğlu Dəməşqdə prezident Bəşər Əsədlə 6 saatlıq görüşündən narazı şəkildə ayrılıb Ankaraya dönəndən sonra baş nazir Ərdoğan “Qurban bayramı namazını Dəməşqdə qılacaqlarını” anons etsə də, işlər əsla və qətiyyən Türkiyənin istədiyi kimi getmədi. Qəddafi ilə hesablaşmadan sonra Qərb Suriyaya hərbi müdaxiləyə könülsüz yanaşdı (bunu ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klintonun, mərhum Nəcməddin Ərbakanın təbiriylə desəm, “ikidə bir benzin stansiyasına baş çəkərmiş kimi” Türkiyəyə baş çəkərkən iştirak etdiyim 10-a yaxın mətbuat konfransında gördüyüm əyani mənzərəyə görə deyirəm), Türkiyənin Qərbi hərbi müdaxiləyə razı sala bilməməsi beynəlxalq terror siyahılarının başında duran təşkilatların bölgədəki fəallığının artmasını da özü ilə gətirib-gəldi (kimlər tərəfindən şərait yaradıldığı da uzun müddət sorğu-suala çəkilmədi). Buna gərək vardımı, Ankaranın “Əsədi nə bahasına olursa-olsun devirmə” təkidi Türkiyənin cənub sərhədlərinin beynəlxalq terrorçuların sərbəst dolaşma sahəsinə çevrilməsinə kim və nədən ehtiyac hiss edə bilərdi? Əsas müttəfiq ABŞ-ı da ciddi şəkildə narahat edən bu dolaşımda Türkiyənin qazancyla zərərinin balansını çıxaranda qazanc xanəsinə nə yazıla bilərdi?

Prosesləri yerində izləmək üçün Suriya sərhədinə getmədim, ancaq oralara daima gedib-gələn əcnəbi jurnalistlərdən aldığım məlumatlara əsaslanaraq Türkiyənin bölgədəki qazanc-zərər xanəsini müsbət yöndən xarakterizə etməyin mümkün olmadığı açıq-aşkar idi. 36 ildən bəri Orta Şərqi əvvəlcə Türkiyədən (1977-1991), indi isə Beyrutdan izləyən “İndependent”in duayen yazarı Robert Fisk “Türkiyə Orta Şərqin Pakistanı olacaqmı?”- sualını verərkən (17 sentyabr) bölgədəki mənzərənin qorxunc olmasına işarə etmirdimi? Görünür, proseslər o qədər sürətlə getdi ki, Robert Fiskin 1 aydan sonra Türkiyəni “Orta Şərqin Pakistanı” elan etməyə tərəddüdü qalmadı. Bölgəni yaxından izləyən mütəxəssislərin müşahidələrini bir tərəfə qoyun, bir sentyabrın 20-də BMT Baş Assambleyasının toplantısına gedərkən prezident Abdulla Gülün təyyarədə jurnalistlərə təsvir etdiyi bu mənzərəyə nə deməli? “Bizim üçün böyük bir təhlükəsizlik təhdididir. Tankla, topla sərhədi gözətlədiyimiz halda belə, terrorçuların girməsinə mane ola bilmirik”. (Xatırlatmaq pis olmazdı ki, ABŞ-ın terror təşkilatları siyahısında olan “Əl-Nusra” adlı təşkilatın bölgədə törətdiyi vəhşiliklərə görə xarici işlər naziri Əhməd Davudoğlu mesaj yayımlayaraq “bölgədə ekstremist hərəkətlərlə məşğul olmamağı” çağırmışdı. Nazir Davudoğluna görə, “Əl-Nusra” terror təşkilatı yox, “radikal islamçı təşkilat”dır. Baş nazir Ərdoğan isə getdiyi hər vilayətdə ana müxalifət lideri Kamal Kılıçdaroğlunu “əliqanlı terrorçu Bəşər Əsədin kürəyini oxşamaqda” günahlandırır.)

Haradan baxsanız, ABŞ-da olduğu bir həftəlik müddətdə prezident Gülə verilən 2 sualdan birinin “başda Əl-Qaidə” olmaq üzrə terror təşkilatlarının Türkiyə-Suriya sərhədində sərbəst dolaşmasına”, o biri isə iyun ayında İstanbulda cərəyan edən Gəzi Parkı hadisələrinə dair olduğunu görəcəksiniz. Siyasətin əmrlərini yerinə yetirməkdən başqa zərrə qədər də təşəbbüs haqqı qalmamış ordunun da o günlərdə bölgədəki hərəkətliliyini görmək mümkün deyildi. Keçən ilin oktyabrında Moskvadan Şama uçan təyyarə “silah apardığına” görə, Ankara aeroportuna endirildi, nazir Davudoğlu diplomatiya tarixində nadir rast gəlinən bir üslub ilə elə aeroportda verdiyi açıqlamada “ciddi mənbələrdən kəşfiyyat məlumatı gəldiyini, təyyarədə silah olduğuna görə endirildiyini” vurğulasa da, Rusiya tərəfi bu günə qədər təmkinini pozmadan “təyyarədəki silahların siyahısının açıqlanmasını və silahların xalqa nümayiş etdirilməsini” tələb edir. Cavab yoxdur. 22 iyun 2012-də Aralıq dənizinin üstündə vurulan türk hərbi təyyarəsinin kim tərəfindən vurulduğu hələ də aydınlığa qovuşdurulmayıb; bunun əvəzində isə nazir Davudoğlu 40 gün əvvəl “Sərhədi pozan vertolyotun vurulmasının bundan sonra hamıya yaxşı dərs olacağını, bundan sonra heç kimin Türkiyənin sərhədlərini pozmağa cəsarət etməyəcəyini” açıqladı. Ancaq o günlərdə sosial mediada yayılan görüntülərdə “Əl-Nusra” terrorçularının vertolyotun pilotlarından birinin başını kəsdiyi görünürdü. Türkiyə-Suriya sərhədinə kim hakim idi: ordu, yoxsa terrorçular? Türk köşə yazarlarının da son 1 ayda problemi eninə-boyuna analiz etməyə başladığını hesaba qataraq yaranmış vəziyyətə göz atanda “Hürriyet”dən Sedat Erginin aşağıdakı təsbitiylə razılaşmamağın mümkün olmadığını görürük: “Təəssüf ki, Türkiyə üçün son dərəcə sıxıntılı və çox baş ağrıdıcı bir dönəm başlayır. Suriyadakı vətəndaş müharibəsi başlanğıcda heç hesabda olmayan bir şəkildə “Əl-Qaidə” reallığını Orta Şərqin göbəyinə və Türkiyənin sərhədlərinin azacıq o tərəfinə daşımış olur. Bu reallıq, Türkiyənin “təhdid”ə dair dəyərləndirmələrini sürətlə gözdən keçirməsini vacib qılır”. (28 sentyabr)

Suriyanın “öz kimyəvi silahlarını üçüncü ölkəyə təhvil verməsi üçün” ABŞ və Rusiyanın razılığa gəlməsi nəticəsində ölkəyə hərbi müdaxilənin dayandırılması prosesindən Türkiyənin tamamilə kənarda qoyulması, sizcə, bu bəsit sualı da özü ilə gətirib-gəlmirmi: Bu qədər ciddi-cəhddən sonra Suriya məsələsinin həlledici mərhələsində oyundan kənarda qalmaq naminə dünyanı hər an qana boyama təhlükəsi olan terror təşkilatlarını sərhəddə yerləşməsinə uzun müddət səssiz qalmaq nəyə, hansı məqsədə xidmət etdi? Təkcə Türkiyə mətbuatının deyil, Qərbin də ciddi şəkildə narahatlıq ifadə etdiyi, “başda “Əl-Qaidə” olmaqla, terror təşkilatlarının Türkiyə-Suriya sərhədinə yerləşməsi və Suriyada rejimin dəyişməsi durumunda radikal islamçı qrupların qabağının alına bilinməyəcəyinə” dair gerçəkçi proqnozlar, nəhayət, Türkiyəni sərt addım atmağa məcbur qoydu və bir neçə gün qabaq türk ordusu bölgədəki terrorçu qrupların düşərgələrini vurdu. Təxminən 300 min suriyalı qaçqının Türkiyənin müxtəlif bölgələrindəki macərasının isə sonu görünmür; macəraçı siyasətin acı sonu bu olsa gərək...

2. Hökumət bu işə niyə bu qədər “angaje” oldu?

Ölkəni ən yüksək səviyyədən idarə edən qurumlardan birinin yüksək vəzifəli əməkdaşı ilə söhbət edirəm. Lap əvvəldən bəri prosesləri ən yaxından təqib etdiyinə əminəm.

- Şamla münasibətlər prezidentin nəzarətində ikən hər şey Türkiyənin mənafeyi baxımından daha sabit və təhlükəsiz şəkildə davam etmirdimi? Birdən-birə nə dəyişdi ki, təşəbbüs hökumətə keçdi və proseslər tamamilə tərsinə döndü?

- Haqlısan, ancaq unutma ki, hökumət də bu işdə xeyli müqavimət göstərdi, ancaq axırda təzyiqlərə davam gətirə bilməyib bugünkü siyasəti izləməyə məcbur oldu...

Demək ki, Türkiyənin Suriya ilə bağlı siyasətini 180 dərəcə dəyişdirməsinə təzyiqlər səbəb olub. Təzyiqlər Qərbdən başqa haradan gələ bilərdi ki? Xarici işlər naziri Əhməd Davudoğlunun isə bütün variantlar qarşısında Suriya dövlət başçısı Bəşər Əsədə olan qəzəbi keçib-getmir: Ankaradakı bir ziyafətdə söhbət edərkən Əsədin Cenevrə konfransından kənarda tutulmasını vazkeçilməz şərt kimi təkrar-təkrar vurğulayır:

- Əgər Əsəd Cenevrəyə gedərsə, xalqının bir qisminin gözündə legitimlik qazana bilər. Cenevrəyə Suriya iqtidarından başqa bir adamın qatılması isə Əsədin qeyri-legitimliyini həm xalqa, həm də dünyaya nümayiş etdirməklə qalmayacaq, Cenevrədəki toplantıda iştirak edəcək olan şəxs bundan sonrakı dönəmdə də Qərb ölkələri tərəfindən tərəf-müqabili kimi qəbul ediləcək və beləliklə, Əsədin Suriyadakı gücü daima zəifləyəcəkdir. Türkiyə Əsədin qatılacağı heç bir beynəlxalq tədbirdə iştirak etməyəcəkdir.

3. Şimal xəbərləri

Son 1,5 ildə Kreml divarları arasından xəbərlər ala bilən bir neçə təcrübəli jurnalistlə Suriyadakı proseslər və Türkiyənin mövqeyi barədə söhbət etmək imkanım oldu. “Müsəlman qardaşlar”ın Misirdə hakimiyyətə gəlməsindən sonra Türkiyəyə təşrif gətirən (ondan əvvəl dəfələrlə Suriyada olan) jurnalistə görə, Rusiyanın Əsədi müdafiə etməsinin səbəbi təkcə Aralıq dənizindəki yeganə hərbi bazasından məhrum olma təhlükəsi deyil. Bölgəyə radikal islamçı cərəyanların hakim olma təhlükəsi Rusiyanı çox narahat edir. Diktatura olsa da, Suriyadakı dünyəvi rejim Moskvaya bu və ya digər şəkildə sərf edir. Türkiyədəki dünyəvi rejim isə Rusiya üçün qaladır, əgər Suriyaya radikal dini qruplar hakim olub, Türkiyənin dünyəvi rejimi də bundan zədə alarsa, Rusiya çox böyük sıxıntılarla üzləşəcək. Narahatlıq həm də buna görədir. Gəzi Parkında cərəyan etmiş prosesləri rus mediasının yaxından izləməsinin səbəbini soruşanda isə bu cavabı almışdım: “Bu hadisələr bu gün olmasa da, yaxın 1-2 ildə Rusiyada da mütləq baş verəcək, korrupsiyanın qarşısının alınmaması xalqın küçələrə çıxmasına səbəb olacaq”.

Gəzi Parkı hadisələriylə bağlı fikrini soruşduğum başqa bir jurnalist isə “Kreml Əsədi öz gələcəyindən əndişə duyaraq müdafiə edir, çünki Əsədin getməsinin Rusiya üzərində də psixoloji təzyiq yaradacağını bilirlər. Bəlkə Əsədi müəyyən yerə qədər müdafiə edəcəklər, ancaq bu işin sonu yoxdur axı, hara qədər müdafiə edə biləcəklər?” - sözləriylə öz baxışını ortaya qoyduqdan sonra bölgədə cərəyan edən proseslərin iqtisadi səbəbini gündəmə gətirərək belə demişdi: “ABŞ artıq daxili istehlakı üçün xaricdən qaz almağı dayandırıb. Yaxın vaxtlara qədər dünyanın ən böyük şirkəti sayılan “Qazprom”un bazardakı dəyəri xeyli aşağı düşüb. İndi ABŞ Katarın qazını Suriyadan keçirərək Avropaya özü satmaq istəyir, bunun üçün Əsədin getməsi və Suriyada ABŞ-ın mənafeyinə xidmət edəcək iqtidarın gəlməsi lazımdır. Bu baş tutarsa, Rusiyanın qazının xeyli hissəsi əlində qalacaq, Kreml həm də buna qarşı mübarizə aparır”.

4. “Strateji dərinlik”dən “qiymətli tənhalığa”, o da kifayət etmədi, “strateji muxtarlığa”...

Suriya məsələsində Türkiyənin son 2 ildə “sovrulduğu” məfhumların “güzərgahı” bundan ibarətdir. Rusiyasız heç bir addım atmayan Bəşər Əsədin ölkədəki kimyəvi silahları başında bir Türk diplomatın – Əhməd Üzümcünün - olduğu Kimyəvi Silahların Yasaqlanması Təşkilatına (OPCW) verməyi qəbul etməsi Qərb tərəfindən alqışlanmaqla qalmadı, Nobel komitəsi builki sülh mükafatını məhz bu təşkilata verdi. Bir anda paradoksal bir mənzərə ortaya çıxdı: “strateji dərinlik” paroluyla bölgədə təsir gücünü artırmağa çalışan Türkiyə xarici işlər nazirinin bu ciddi-cəhdləri nəticə verməyərək ölkəni “qiymətli tənhalığa”, oradan da “strateji muxtariyyət”ə doğru sovururkən, türk diplomatın rəhbərlik etdiyi beynəlxalq təşkilat həm bölgəni savaşdan xilas etdi, həm də Nobel mükafatına layiq görüldü.

2,5 illik zəhmətdən sonra isə Türkiyəyə Suriya sərhədindəki radikal islamçı qruplarla savaşmaq və 300 min Suriya qaçqınının dərdlərinə çarə tapmaq üçün çırpınmaq qaldı. Nəzər-diqqətlər Cenevrə konfransının 23 noyabrda keçiriləcək ikinci turuna çevrilərkən Bəşər Əsədin ölkənin şimalındakı kürd icmasıyla gizli təmasda olduğuna və “onların haqlarını verməyə hazır olduğuna” dair xəbərlər gəlir. İnsanın ağlına istər-istəməz “Yoxsa Türkiyə o cinahda yürütdüyü cəhdlərdən də heç bir nəticə almadan təşəbbüs Əsədin tərəfinə keçdi?” - sualı gəlir.

Türkiyə üçün bu arzuedilməz tablo AKP hökumətinin “Yurdda sülh, cahanda sülh” siyasətinə qayıtması üçün ən ciddi səbəbi təşkil edəcəkmi?..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR