Yeni bir Türkiyəyə oyanarkən... - TƏHLİL

Yeni bir Türkiyəyə oyanarkən... - <span style="color: red;">TƏHLİL
# 03 iyun 2013 14:03 (UTC +04:00)

“Sağlığa faydalı qaz”

Rejissor Zəki Öktənin çəkdiyi, baş rolda Kamal Sunalın oynadığı “Qapıçılar kralı” filmində kooperativ binanın idarəçisi olan polkovnik qapıçı Seyidi rahat qoymamaq üçün ona tapşırıq verir ki, həyəcan siqnalı verilən kimi yanğınsöndürmə cihazını alıb yanğının baş verdiyi yerə kimyəvi toz püskürdəcəksən. Binadakı uşaqlar həyəcan zəngini səhv çalınca qapıçı Seyid həm də idarəçi polkovnikin xoşuna gəlmək üçün yanğınsöndürmə cihazını divardan çıxarıb mənzillərinin qapılarını açan sakinlərin üstünə kimyəvi toz püskürdür, dıgir tərəfdən, həyəcan siqnalını özü vermədiyi üçün çaşbaşlıqla qapını açan polkovnik də Seyidin püskürtməsindən nəsibini alır, nəhayət, həyəcan siqnalını polkovnikin yox, uşaqların verdiyi anlaşılınca qapıçı Seyid toxdayır, ancaq bu dəfə polkovnikin daha sərt qəzəbinə məruz qalır.

Türk polisinin son illərdə yeri oldu-olmadı, 5 nəfər bir araya gəlib aksiya keçirdiyi yerə bibər qazı püskürtməsinin adi hal alması heç bir istisnaya mahal vermədən mənə qapıçı Seyidin (Kamal Sunalın) yanğını söndürmək məqsədiylə bina sakinlərinə kimyəvi maddə püskürtməsini xatırladır. Yeri oldu-olmadı, vətəndaşa bibər qazı sıxmaq keçmiş daxili işlər naziri İdris Naim Şahinin vaxtında ənənəvi hal aldı; hətta nazir Şahin Avropa Birliyindən aldıqları bibər qazının vətəndaşların səhhətinə zərər vurmamasıyla öyünəcək dərəcədə bu işə özünü aludə etmişdi. (“Cümhuriyyət”in yazarı Bəkir Coşkunun keçmiş nazirə “Cənab Fıs” adı qoyması da İdris Naim bəyin öyünməsinə verilmiş sərrast cavab sayıla bilərdi).

İnsan haqq və özgürlükləriylə bağlı İstanbulun simvolu halına gəlmiş Taksim meydanı, Gəzinti parkı və İstiklal caddəsində aksiyalarda vətəndaşların üzərinə “insan səhhətinə zərərli olmayan” bibər qazı sıxılması son illərdə o qədər adi hal aldı ki, insanlar qaz sıxılmasına etiraz etmək yerinə qazdan zəhərlənməyə qarşı təsirli tədbirlər görməyin yol və metodlarını tapmağa başladılar. Taksimdə axırıncı böyük bibər qazı sıxma aksiyası bu ilin 1 may bayramında yaşanmışdı, sonuncusu mayın axırına düşdü...

Tayyip Ərdoğan:Parlamentar demokratik rejimimizin təminatı polisdir”

3 noyabr 2002-dəki seçkidən sonra təkbaşına hakimiyyətə gələn AKP-nin birinci iqtidar dönəmi Türkiyənin Avropa Birliyinə tamhüquqlu üzv olmaq üçün atdığı radikal addımlarla keçdi; həyata keçirilən islahatlar sayəsində təbii sərvətləri olmadan böyümək məcburiyyətində olan ölkə iqtisadiyyatına külli miqdarda əcnəbi investisiya gəldi. Demokratik rejimlərin naturasına uyğun olaraq, nə qədər güclü olsa da müəyyən müddətdən sonra iqtidarların reytinqinin aşağı düşməsi qaçılmaz olur - 2007-ci ilin payızında keçirilməsi planlaşdırılan seçkiyə təxminən 1 il qalmış aparılan rəy sorğuları AKP-nin səslərini 25% göstərmişdi. Müxalifətin də təkidi ilə hökumət parlament seçkisini 2007-ci ilin martına alaraq (bu barədə rəsmi açıqlama olmasa da, kulisləri izləyənlər proseslərdən xəbərdar idilər) mayda yeni prezidenti yeni parlamentin seçməsi məsələsi üzərində razılığa gəlsə də, bir anda bundan vaz keçildi və seçki normal vaxtına qaldı. Aprelin ortalarında AKP xarici işlər naziri Abdullah Gülü prezidentliyə namizəd göstərdi, 26 apreldəki ilk turda Gül seçilə bilmədi, ikinci tur gəlmədən - aprelin 27-də gecə Baş Qərargahın internet saytına daha sonra ordu generalı Yaşar Büyükanıtın “özüm yazdım” - dediyi ultimatum düşdü: ordu Abdullah Gülün prezident seçilməsinə açıq şəkildə qarşı çıxmışdı. Aləm bir-birinə dəydi, mayın əvvəlində Konstitusiya Məhkəməsi seçkinin ilk turunun nəticəsini də ləğv edincə Məclis 22 iyulda seçki keçirmək barədə qərar qəbul etdi. 4 mayda baş nazir Ərdoğanla Baş Qərargah rəisi Yaşar Büyükanıt Dolmabahçe Sarayında ikilikdə təxminən 2 saat görüşdülər, o görüşdə nələr barədə danışıldığı bu günə qədər sirr olaraq qalsa da, xüsusilə ordu generalı Büyükanıtla bağlı ciddi iddialar getdikcə gündəmi daha çox məşğul etməkdədir. 12 iyunda İstanbulun Ümraniyə bölgəsindəki bir gecəqonduda tapılan bombalar Türkiyənin müasir tarixinin yol xəritəsini kökündən dəyişdirdiyi kimi, baş nazir Ərdoğanın da 180 dərəcə fərqli - sərt pozisiya almasına səbəb oldu. 22 iyuldakı seçkidən güclənərək çıxan AKP, Abdullah Gülü yenidən prezidentliyə namizəd göstərdi, 28 avqustda Abdullah Gülün Çankayaya çıxmasından sonra Tayyip Ərdoğanın sərt mövqeyi ilk meyvələrini verməyə başladı; “Abdullah Gül mənim yox, qarnını qaşıyan adamın prezidenti olacaq” - deyən “Hürriyyət”in yazarı Bəkir Coşkuna baş nazirin təhdidi gecikmədi: sənin prezidentin olmayacaqsa, ölkəni tərk et (qeyd: Gül, Ərdoğan, Arınç, AKP haqqında kitabların müəllifi olan Ərgün Poyraz 27 iyul 2007-də həbs edilmişdi, indiyə qədər haqqında məhkəmə hökmü oxunmayıb).

2008-in yanvarında “Hicab qanunu” AKP və MHP-nin əməkdaşlığıyla Məclisdən keçdi, 2 həftədən sonra Konstitusiya Məhkəməsi qanunu ləğv edincə baş nazir Ərdoğan sərtləşmənin dozasını daha da artırdı və yanvardan başlayaraq 2008-ci il başdan axıra qədər “Ergenekon” adı verilmiş əməliyyatın ölkəyə qorxu saçan dalğalarıyla keçdi; Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə ordu generalları həbs edildi, siyasi partiya liderləri, alimlər, jurnalist-yazarlar, QHT sədrləri bir anda həbsxanaya atıldılar. O dönəmdə baş nazir Ərdoğanın həm ehtiyat etdiyi, həm də mübarizə aparmaqdan çəkinmədiyi 2 qurum vardı: ordu və məhkəmələr. Həbslərin əhatə dairəsi genişləndikcə Tayyip Ərdoğan da özünün ən böyük dayağı kimi polisi görür və artıq bunu gizləmirdi; məsələn, 2009-un iyununda İstanbulun Cevizlibağ səmtindəki Polis Təhsil və Konqres Mərkəzinin açılış mərasimindəki çıxışında (oradakı 12 ədəd bal mumu heykəllərinin müəllifi azərbaycanlı sənətkar Sənan Eynullayevdir) artıq “Türkiyədə demokratik rejimin təminatı polisdir” - anonsunu verməyi heç də qəbahət bilmirdi. (Parlament sədri Köksal Toptanın “Türkiyədə demokratik rejimin təminatı Məclisdir”- sözü isə Tayyip bəyin yeni dönəm üçün səsləndirdiyi manifestin yanında ciddi rezonans yarada bilmədi).

12 sentyabr 2010-da keçirilən Konstitusiya dəyişikliyi referendumu isə AKP iqtidarının növbəti dəfə sərtləşməsinə səbəb olan yeni bir stimul idi: ordunun müqavimətini böyük ölçüdə qıran hökumət ölkənin ən güclü icmasının dəstəyi ilə o referendumdan sonra məhkəmələri də özünə bağlı duruma gətirməyi bacarmışdı. 12 iyun 2011-ci ilədək növbəti seçki ərəfəsində hökumət “torba qanunu” ilə özünə sərf edən xeyli qanunu bir gecədə Məclisdən keçirdiyi kimi, qəbul etdiyi başqa bir qərarla oktyabra qədər Məclisin funksiyasını öz üzərinə götürdü və Məclisə müraciət edərək qanun hökmündə qərarlar qəbul etmək səlahiyyəti aldı. Hərbi çevriliş dönəmləri nəzərə alınmazsa, Türkiyə siyasət tarixi ilk dəfə qanunverici orqanın funksiyasının hökumət tərəfindən alınmasıyla qarşılaşmışdı. Ərdoğanın “tək adam” olma xəyallarına ilham pompalayan gəlişmələr isə 12 iyun 2011-ci ildəki seçkidən sonra daha da sürətləndi; seçicilərin tən yarısının AKP-yə səs verməsi Türkiyə baş nazirini “dünyəvi rejimlə hesablaşacaq qədər” irəli gedən xəyallar qurma nöqtəsinə qədər apardı; seçki axşamının növbəti “balkon nitqi”nin bəlağətdən başqa heç nəyə yaramayacağını AKP-yə səs verməyən 50% seçici qısa müddətdə görəcəkdi...

“Ustalıq hökuməti”nin gəldiyi nöqtə

2011-in yayında yeni hökumət qurular-qurulmaz Ərdoğan Cənubi-Şərq bölgələrində terror təşkilatının dalbadal aksiyalarıyla qarşılaşınca terrora qarşı sərt tədbirlərə əl atdı və terrorla mübarizənin o mərhələsi üçün işin öhdəsindən böyük ölçüdə gəldi. ”Ustalıq dönəmi hökuməti” üçün ən mühüm addımlardan biri təhsil qanununda edilən radikal dəyişiklik oldu. Qanun layihəsi ortaya çıxanda məlum olmuşdu ki, layihədən Milli Təhsil Nazirliyinin də xəbəri olmayıb, baş nazir Ərdoğanın da məzun olduğu Dini təmayüllü məktəblər dərnəyinin hazırladığı layihə Məclisə təqdim edilib. Ərdoğanın “Dindar və kindar nəsil yetişdirəcəyik” - açıqlamasının yaratdığı effekt altında qəbul edilən qanuna görə, 66 aylıq uşaqlar məktəbə gedəcək, 4 il oxuyandan sonra (yəni 9 yaşında) tədris könüllü olacaq, istəyən qiyabi məktəbə davam edə biləcək. Mədəniyyətin fəaliyyət sahəsini daraltmağa çalışan baş nazir Ərdoğan teatrların özəlləşdiriləcəyini müjdələdi. Elm sahəsindəki müstəqillik tamamilə aradan qaldırılaraq Türkiyə Bilim və Teknik Araştırma Kurumu (TÜBİTAK) sənaye naziri Nihat Ərgünün tabeçiliyinə verildi. Məhkəmələrin öz müstəqilliyini itirməsinə dair iddialar kəllə-çarxa vurdu, 12 dekabr 2012-də artıq “Arxipelaq QULAQ” kimi simvola çevrilən Silivridə ədalətsizlik iddialarına qarşı xalq üsyanı baş verdi, daxili işlər naziri “insan səhhətinə faydalı bibər qazı və AB standartındakı dəyənək”lərdən Silivridəki hər məhkəmə günü gen-bol istifadə etməyə başladı.

”Ustalıq dönəmi hökuməti”nin xarici siyasəti isə başdan axıra başarısızlıqlar zənciri idi: bir vaxtların “Qonşularla sıfır problem”inin yerini “Qonşuların hamısıyla problem” almış, Qərbin təlqiniylə Suriyadakı hakimiyyəti devirmək missiyasını öz üzərinə götürmüş hökumətin bunu bacara bilməməsi, bacara bilməməsi bir yana, bölgədə savaşmaq üçün başda “Əl-Qaidə” olmaq üzrə dünyanın ən qanlı terrorçularının Türkiyə torpaqlarını özlərinə məskən seçməsi xalqın hökumətə qarşı olan təpkisinin hər gün daha çox artmasına səbəb oldu. Keçən ilin payızından başlayaraq baş nazir Ərdoğanın üzərində durduğu yeganə məsələ isə ölkədə prezident üsuli-idarəsinə keçmək və 2014-cü ilin yayındakı prezident seçkisində xalq tərəfindən seçilərək Çankayaya çıxmaq oldu. 2011-in payızında Məclisdə təmsil edilən 4 partiyanın üzvlərindən qurulan Konstitusiya uzlaşma komissiyasının vəzifəsi ölkənin yeni əsas qanununu hazırlamaq olsa da, iqtidar partiyası millət vəkillərinin məsələni dönüb-dolaşdırıb “prezidentlik niyyəti”nə indeksləmələri yeni Konstitusiyanın yazılması istiqamətində əldə edilən nəticənin solda sıfıra bərabər olmasına gətirib çıxardı: “tək adam” ciddi-cəhdləri ölkənin üzərinə daha çox çökdükcə, əks təsir mexanizmləri də açıq və ya gizli şəkildə tədavülə girdi və hər gün, hər saat ölkənin müxtəlif bölgələrində özünü göstərən, polisin “sağlığa zərər verməyən bibər qazı və AB standartındakı dəyənək”ləriylə bu və ya digər şəkildə yatırılan etiraz aksiyaları İstanbulun Taksim bölgəsindəki Gəzinti parkında öz qərarlılğını nümayiş etdirdi...

“Gəzinti dərsləri”

Prosesləri Gəzinti Parkındakı ağacların kəsilib bölgədə yeni ticarət mərkəzi tikilməsinə etiraz kimi bəsit bir çərçivədə dəyərləndirənlər müdhiş dərəcədə yanılırlar. Gəlişmələri “Türkiyədə xaos yaratmaq istəyənlərin cəhdi” şəklində görənlərə də Allahın verdiyi bir cüt gözün kifayət etmədiyini düşünürəm. Baş nazir Ərdoğanın “İstəsəm, mən də meydana 1 milyon insan çıxararam, Atatürk Mədəniyyət Mərkəzini söküb təzəsini tikəcəyəm, Taksimdə məscid tikmək üçün CHP-dən və bir neçə bandit-quldurdan icazə alacaq deyiləm, icazəni məni seçkidə dəstəkləyən xalqım verib” - sözlərinə sayğı duymaqdan başqa çarə yoxdur, əgər baş nazir Ərdoğan prosesləri Taksimin çərçivəsinə həbs edərək dəyərləndirmə yapırsa, özünün biləcəyi bir işdir. Mən isə sadəcə bu nöqtələrə diqqəti cəlb etmək istəyirəm:

- 1988-ci ilin noyabrında Bakının Azadlıq və 2007-ci ilin aprelində İstanbulun Çağlayan meydanında bu qədər dinamik topluluq görmüşdüm. 1988-in noyabrındakı Azadlıq meydanı bizim istiqlalımıza doğru gedən yolumuzun təməlini atmışdı. 2007-nin Çağlayanının təşkilatçıları olan Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinin başqanı, professor Türkan Saylanın evinin basılaraq “terrorist” şəklində damğalanması, haqqında ömürlük həbs cəzası tələbiylə cinayət işi qaldırılması, məhkəməsini gözləyərkən vəfat etməsi, “terrorçu” damğasıyla 5 il əvvəl jurnalist-yazar Tuncay Özkanın həbs edilməsi və bunun kimi yüzlərlə, minlərlə örnək Türkiyə Cümhuriyyətinin AKP hökumətini sevməyən vətəndaşlarının gözünü qətiyyən qorxutmayıb. Tayyip bəy hələ də “mənə səs verənlər mənə bütün səlahiyyət vermişdir” - məntiqində təkid edirsə, məncə, əsaslı dərəcədə yanılır. Təkrar edirəm: Taksimdəki aksiya orda kəsiləcək ağacları xilas etmək üçün deyil, basqı və təzyiq rejiminə, Tayyip bəyin “tək adam” olma istəyinə qarşı baş qaldırmaq, üsyan etməkdir. Bu, indiyə qədər Türkiyənin müxtəlif yerlərində hər gün, hər saat cərəyan edən lokal aksiyaların toplamıdır, cəmidir.

- Gəzinti parkı aksiyası Tayyip Ərdoğanın “prezidentlik üsuli-idarəsi tək adam” xəyallarını alt-üst etmiş, insanlar bazar günü yeni bir Türkiyədə oyanmışlar.

- İstanbulun Taksim bölgəsindəki Gəzinti parkında başlayıb dalğa-dalğa Türkiyəyə yayılan aksiyaların dünya tərəfindən alqışlanmasının əsas səbəbi dünyada baş vermiş dijital devrimlərə rəğmən “tək adam” rejimlərinin artıq ayaqda qala bilməyəcəyinin göstəricisidir: beynəlxalq səviyyədəki həmrəyliklər diktator rejimlərə qarşı mübarizənin başlıca faktoruna çevrilmişdir. Tayyip Ərdoğanın bunu düzgün oxuya bilməyərək fərqli həvəslərə düşməsi dirəkdən dönmüşdür. Bu, qlobal imperializmin Türkiyədə təbiəti vəhşi talanlarına, təhsil haqqının qəsbinə, hüquqa sayğısızlığa, diktatura meyllərinə..... qarşı xalqın keçid verməməsidir.

Əziz vətənimə Taksimdən sevgilərimlə...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR