Yarıtmaz həmsədrlər öz ampluasında: Rusiya, ABŞ, Fransa nə istəyir? - TƏHLİL

Yarıtmaz həmsədrlər öz ampluasında: Rusiya, ABŞ, Fransa nə istəyir? - TƏHLİL
# 12 iyul 2021 11:30 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfərləri təşkil olunub. Səfər çərçivəsində diplomatlar və beynəlxalq təşkilatların təmsilçiləri iyulun 9-da Füzulidə beynəlxalq hava limanının tikintisinin gedişi və “Füzuli” yarımstansiyası ilə tanış olublar. Füzulidən sonra isə, onlar Şuşaya səfər edərək Saatlı, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa məscidlərində, tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidə olub, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllərini ziyarət edib, Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə, Qazançı kilsəsinə baxış keçiriblər.

Digər işğaldan azad olunmuş rayon və şəhərlərə səfərlərdə olduğu kimi, Şuşa səfərinin də təşkil edilməsində əsas məqsədlərdən biri diplomatları işğal dövründə Ermənistanın bölgədə apardığı vandalizm aktları ilə tanış etmək və postmüharibə dövründəki bir neçə ay ərzində Azərbaycan dövlətinin apardığı abadlıq-quruculuq və təmir-bərpa işləri ilə tanış etmək idi.

Şuşaya səfər zamanı diplomatlar öz gözləri ilə buradakı vəziyyətlə tanış oldular və bir daha agah oldular ki, Şuşa da daxil olmaqla heç bir ərazidə işğal dövründə ermənilər tərəfindən quruculuq işlərinin aparılmaması onu göstərir ki, bütün bu ərazilər ermənilər üçün yad olub. Ona görə də işğal dövründə onlar yalnız talanla məşğul olublar.

Hərçənd, Şuşa o şəhərdir ki, ermənilər Qarabağda ən çox bu şəhərin adını çəkərək uydurma erməni tarixinin təbliğatı ilə məşğul olurdular. Nədənsə Şuşanı qədim erməni torpağı sayan ermənilər 30 il ərzində bu şəhərdə də heç bir abadlaşdırma işi aparmayıblar.

Erməni işğalına son qoyan Azərbaycan dövləti isə müharibənin başa çatmasından az vaxt keçməsinə baxmayaraq, tez bir zamanda abadlaşdırma və yenidənqurma işlərinə başladı. 44 günlük müharibə dövründə qələbənin təmin olunmasında olduğu kimi, bu gün aparılan bərpa işlərinə də şəxsən Azərbaycan Prezidenti İlham Əliyev özü rəhbərlik edir.

Təsadüfi deyil ki, səfər əsnasında xarici dövlətlərin bir çox diplomatı az bir zaman kəsiyində görülən yenidənqurma, təmir-bərpa işlərinə heyran qaldıqlarını gizlətmədilər. Şuşaya səfəri ilə bağlı sosial mediadakı paylaşımına görə ermənilərin aqressiyası ilə qarşılaşan Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!" - deyə özünün “Twitter” hesabında paylaşımında bildirib.

Çinin ölkəmizdəki səfiri, xanım Qo Min isə Qarabağa, Şuşaya səfərdən çox məmnun olduğunu qeyd edərək aşağıdakıları söyləyib: “Mən çox heyrətləndim. Qısa müddətdə bu qədər nəhəng işlər görülüb. Təəssüratlarım çox zəngindir”

Təəssüflər olsun ki, Şuşa şəhərində ermənilərin törətdiyi vandalizm və Azərbaycanın başlatdığı yenidənqurma işləri ilə tanış olan xarici diplomatlar arasında ATƏT-in Minsk qrupunu təmsil edən üç ölkənin səfiri yox idi.

Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri səfərə qatılmışdılar.

Münaqişənin sülh yolu ilə nizamlanmamasının birbaşa məsuliyyətini daşıyan ABŞ, Rusiya və Fransanın səfirləri Şuşaya gedərək, Qarabağdakı vəziyyətlə tanış olmağı daha çox istəməli olduqları halda, onların Azərbaycanın təklifini süqutla qarşılamaları birmənalı şəkildə ictimaiyyətimizin ciddi qınağı ilə qarşılaşmalı oldu.

Hərçənd, Azərbaycan ictimaiyyəti Minsk qrupunun təmsil edən 3 səfirin Şuşaya səfər etməməsinə o qədər də təəccüblənmədi. Biz hələ də Qarabağda davam edən “erməni məsələsi”nin kimlərin cızdığı ssenariyə uyğun olduğunu çox yaxşı bilirik. XIX əsrdən başlayaraq erməni məsələsi adı altında Qafqazda öz milli maraqlarını həyata keçirən elə yuxarıda adı çəkilən bu üç dövlətdir. Məhz Rusiya, ABŞ və Fransanın köməyi ilə 1918-ci ildə bölgədə heç vaxt mövcud olmamış süni Ararat Respublikası yaradıldı. Sovetlərin qurulduğu sonrakı illər ərzində də Azərbaycan torpaqlarının ermənilərə pay verilməsi, saxta erməni soyqırımı ətrafında Türkiyəyə təzyiq bu üç dövlətin bölgədəki əsas siyasəti idi.

Nəhayət, 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi dövründə SSRİ-nin sonuncu lideri Qorbaçov və Rusiyanın ilk prezidenti Yeltsin, ABŞ konqresindəki demokratlar və Fransanın ictimai-siyasi elitası Şuşa da daxil olmaqla, Azərbaycan torpaqlarının işğalında vacib rol oynadılar.

Təbii ki, Paris, Vaşinqton və Moskva tərəfindən bir zamanlar qurulan erməni dövlətinin düşdüyü bugünkü məğlub durum fonunda işğaldan azad edilən Şərqi Zəngəzur və Qarabağ torpaqlarına Azərbaycan dövlətinin yanında olaraq ayaq basmaq, görünür, məlum diplomatların paytaxtlarındakı şefləri tərəfindən qəbuledilməz sayıldı. Hərçənd, digər 40-dan çox diplomatlarla birgə Şuşaya səfər etmək həmin diplomatları ədalətin və haqqın yanında əyləşdirə bilərdi.

Lakin Minsk qrupunun üç üzvü postmünaqişə dövründəki bu addımları ilə Qarabağın dağlıq hissəsi ilə bağlı məsələləri yenidən qəlizləşdirmək xəttini seçdiklərini ortaya qoydular. Şuşaya səfər etməməklə ermənilərin revanşist qüvvələri üçün gələcəyi olmayan ümidlər yaradan diplomatlar Qarabağın beşiyi sayılan bu şəhər də daxil olmaqla bölgənin bütün torpaqlarının artıq həqiqi yiyəsinə qayıtdığını unutmamalıdırlar. ABŞ, Rusiya və Fransa həm də onu bilməlidir ki, onların Minsk qrupunun həmsədrləri kimi həmrəylik nümayiş etdirdikləri bu davranış təmsil etdikləri təşkilatın Azərbaycan ictimaiyyətində olmayan nüfuzunu daha da aşağı saldı və rəsmi Bakının qurumun bundan sonrakı açıqlama və bəyanatlarını kağız parçası kimi sayacağı ehtimalını gücləndirdi.

Ötən il müharibənin başlanması ehtimalının yüksək olduğunu bilən və buna baxmayaraq, Ermənistana heç bir təzyiq metodlarından istifadə etməyən Minsk qrupu son davranışlarına görə də bundan sonra rəsmi Bakının adekvat rəftar görəcək.

Başqa bir məsələ də odur ki, həmsədr dövlətlər 44 günlük müharibə vaxtı olduğu kimi, postmünaqişə dövründə də bölgədəki proseslərdən kənarlaşdırıldığını artıq anlamalıdır. Daha doğrusu, Minsk qrupunun apardığı səriştəsiz siyasətin onu postmünaqişə dövründəki proseslərdən də kənarda saxladığını başa düşməli və qəbul etməlidir. Artıq Azərbaycanın daxili işi sayılan Qarabağın aran və dağlıq hissəsi ilə bağlı məsələlər heç bir halda Bakı və İrəvan arasında dialoqun predmeti olmayacaq. Başqa sözlə, özünü vasitəçi hesab edən, diplomatını Şuşaya göndərməməklə, hazırda Rusiya sülhməramlıların nəzarətində olan əraziləri gələcək danışıqların predmetinə çevirmək niyyətini ifadə etmək məqsədi güdən Paris, Moskva və Vaşinqton xam xəyallardan əl çəkməli, reallığa dönməli, Azərbaycanın Xankəndi və digər ərazilərin statusu məsələsini heç vaxt müzakirə etməyəcəyini birdəfəlik qəbul etməlidir. Azərbaycan Prezidenti də dəfələrlə bunu bəyan edib: artıq Dağlıq Qarabağ anlayışı yoxdur, artıq status məsələsi yoxdur.

Dünyadakı bəzi qüvvələr həm də onu anlamalıdırlar ki, indiki məqamda gələcəyə baxmaq, bölgə xalqları arasında əməkdaşlıq münasibətlərinin qurulmasına və gücləndirilməsinə töhfə vermək lazımdır. Əks halda bölgədə Qarabağ ətrafındakı postmünaqişə proseslərinə xələl gətirilərsə, Xankəndi və ətrafı ilə bağlı cığallıq nümayiş olunarsa, Azərbaycan bir addımlığında olduğu Mehri dəhlizi, Zəngəzurun qərbi ilə bağlı tarixi ədalətin bərpa edilməsi haqqında real addımlar ata bilər.

Bizim Rusiya, ABŞ və Fransanın yer aldığı Minsk qrupu və Ermənistanla vahid formatda müzakirə edə biləcəyimiz bir mövzu var: Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması. Bu isə o deməkdir ki, Rusiya, ABŞ və Fransa Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığı ilə barışmalı, gələcəyə baxaraq sülh sazişi üzərində işləməlidir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR