Azərbaycanda parlament seçkiləri: Beynəlxalq missiyaların rəyi - TƏHLİL

Azərbaycanda parlament seçkiləri: Beynəlxalq missiyaların rəyi - TƏHLİL
# 11 fevral 2020 14:30 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il dekabrın 5-də imzaladığı sərəncamla Milli Məclisin beşinci çağırışı buraxıldı və parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi. Milli Məclisin tərkibinin peşəkar komanda səviyyəsində yenilənməsi zərurətə çevrilmişdi. Hakimiyyətin hər üç qolunun (icra, qanunverici və məhkəmə) işində qarşılıqlı çeviklik artırılması baxımından bu seçkilər önəmli idi. Yeni deputat korpusu ilə qanunverici hakimiyyətin dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirməsi üçün faydalı iş əmsalını artıracağı gözlənilirdi.

Bu baxımdan, 9 fevral seçkilərini beynəlxalq təşkilatlar və aparıcı dünya mediası da diqqətlə izləyirdi. Beləliklə, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Artıq beynəlxalq təsisatlar seçkilərin nəticələrinə ilkin rəylərini verib. Rəylərdə, əsasən, seçki prosesinin təşkili, namizədlərin qeydiyyatı, Mərkəzi Seçki Komissiyasının işi, təbliğat-təşviqat prosesinin əsasən yaxşı təşkil olduğu vurğulanıb. Bir neçə beynəlxalq təşkilatın ilkin rəyində diqqət çəkən bəzi dairələrdə səslərin sayılma prosesində baş verən qanun pozuntularının məyusedici olduğu, bunun araşdırılmasının vacibliyi vurğulanıb. Öz növbəsində, Azərbaycan MSK 7 dairədə seçkinin nəticələri ilə bağlı araşdırma başlanıldığını, 300-dən çox video materialın araşdırıldığını qeyd edib.

Artıq bir çox ölkələrin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, ölkə rəhbərini yeni qanunverici orqanın formalaşması münasibətilə təbrik ediblər.

Prezident İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bəyan edib ki, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir: “Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik abı-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, - bu, əslində, belədir, siz də bunu qeyd etdiniz, - seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur”.

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fevralın 10-da ilkin qənaətlərini açıqlayıblar və bəzi tənqidlərə baxmayaraq, hesabatda bir sıra müsbət məqamlar da öz əksini tapıb.

ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov vurğulayıb ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir.

Gerasimov səsvermənin gedişində hər hansı qayda pozuntusu ilə rastlaşmadığını bildirib. DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler isə qeyd edib ki, yeni parlamentin legitimliyini tanımaq onların mandatına aid deyil. Vurğulayaq ki, beynəlxalq missiya tənqidlərlə yanaşı, bir sıra müsbət məqamları da qeyd edib. Beynəlxalq müşahidəçilər bildiriblər ki, namizədlərin qeydiyyatı prosesində ciddi pozuntular qeydə alınmayıb, 19 siyasi partiyanın təmsilçisi Milli Məclisə seçkilərə qatılıb, 77790 yerli, 883 beynəlxalq müşahidəçinin rəsmən qeydiyyatdan keçib. Vurğulayaq ki, 125 yer uğrunda 1314 namizəd mübarizə aparıb. Beynəlxalq müşahidəçilər də qeyd edib ki, bu, 2015-ci ildəki son parlament seçkilərindən iki dəfə çoxdur. Seçkilərdə 19 siyasi partiyadan 246, təşəbbüs qruplarından 11 və bitərəf olan 1057 namizəd iştirak edib. Seçicilərin fəallığı 47,81% olub, səsvermədə 2 milyon 547 min 982 nəfər iştirak edib.

Seçki məntəqələrinin resurslarla təmin edilməsi, MSK-nın müşahidə edilən pozuntulara dərhal reaksiya verməsi, beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı münasibətin mövcud olması bütün rəylərdə vurğulanır. Beynəlxalq missiya seçkilərlə bağlı keçirilən toplantıların müşahidəçilər və mediaya açıq olmasına xüsusilə diqqət çəkib. Qərarların bir qayda olaraq həmrəyliklə qəbul edilməsi, məlumatların qanunda göstərildiyi zaman kəsiyində saytda yerləşdirilməsini şəffaflığın təmin edilməsi kimi qiymətləndirən beynəlxalq müşahidəçilər onu da vurğulayırlar ki, şəffaflıq məqsədilə seçki məntəqələrində mindən çox kamera yerləşdirilib.

Bütün bu amillərlə yanaşı, bir fakt da diqqəti çəkdi. Mətbuat konfransı sivil qaydada, aqressiyadan uzaq bir şəraitdə keçdi və bu, ötən seçkilərdən sonra yaşanmış xoşagəlməz haldan sonra çox yaxşı haldır.

ATƏT DTİHB-nun budəfəki dəyərləndirməsində tənqid, qeyd etdiyimiz kimi, daha çox bəzi məntəqə və dairələrdə səslərin sayılması zamanı baş vermiş pozuntularla bağlıdır. Həmin dairələrdə araşdırma aparıldığını isə MSK da vurğulamışdı.

Burada bir məqama da diqqət yetirək. Bəzi müxalifətçilərin Azərbaycan nümayəndə heyətinə Avropa Şurasında səlahiyyət verilməməsi məsələsinin qaldırılmasına hətta AŞPA nümayəndəsi Frank Şvabe də skeptik yanaşdı. O, bunun AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra mümkün olmayacağını vurğuladı.

Nəzərə almaq lazımdır ki, DTİHB-in seçkilərlə bağlı tənqidləri yalnız Azərbaycana münasibətdə özünü göstərmir. Ümumiyyətlə, missiyanın məqsədi ATƏT məkanında olan ölkələrdəki seçki prosesinin daha çox təkmilləşdirilməsi üçün nöqsanları daha qabarıq şəkildə deməkdir. Demokratik institutların inkişaf etdiyi Qərbi Avropa ölkələrində keçirilən seçkiləri missiya daha sərt tənqid edir və daha ciddi problemlərin mövcudluğu açıqlanır.

Beləliklə, Milli Məclisin yeni tərkibi demək olar ki, bəllidir. Bəzi dairələrdəki nəticələrə yenidən baxıla bilər, lakin bu, seçkinin ümumi nəticəsinə təsir göstərməyəcək. Bir sözlə, artıq yeni parlamentin formalaşdığını bəyan edə bilərik.

Gözləntilərə görə, yeni Milli Məclis yenilənən və adekvatlaşan dövlət idarəçiliyi sisteminin bir parçasına çevrilməyi bacaracaq, bu siyasətin tərkib hissəsi kimi qanunverici bazanın möhkəmlənməsinə xidmət edəcək.

Prezident Administrasiyası, Nazirlər Kabineti, icra hakimiyyəti başçıları ilə bağlı həyata keçirilən dəyişikliklər fonunda iqtisadi sahədə də ciddi addımlar atılmışdı. Vergilər, Əmlak Məsələləri Dövlət Komitəsi, digər iqtisadi qurumların birləşdirilməsi, habelə, sosial blokun islahatları - maaşların, pensiyaların, müavinətlərin və s. artırılması müşahidə edilirdi. Lakin islahatlar davam etməli idi və bu baxımdan, Milli Məclisin də yenilənməsinə zərurət yaranmışdı. Yeni parlamentin tərkibində 40 nəfərə qədər yeni sima var. Ən maraqlısı isə odur ki, yeni seçkilərin önəmini sadə vətəndaşlar da anlayır və odur ki, bu həssas məqamda ölkədə sabitliyin əsas təminatçısı kimi məhz vətəndaş çıxış edir. İnsanlar islahatların davam edəcəyinə inanır...

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR