Cenevrədə 11 saatlıq görüş: Ermənistan yenə öz ampluasında - TƏHLİL

Cenevrədə 11 saatlıq görüş: Ermənistan yenə öz ampluasında - TƏHLİL
# 31 yanvar 2020 17:04 (UTC +04:00)

Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə yanvarın 28-30-da görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub. Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqlar müzakirə olunub. Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar.

ATƏT-in Minsk Qrupunun həmsədrləri də Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlarla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər, nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələlərini müzakirə ediblər. Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllini tapmağa kömək etməyə dair tam öhdəliklərini, nizamlama prosesində məxfilik prinsipinə tam sadiq olduqlarını, habelə ədalətli və davamlı sülhə nail olmaq üçün yaradıcılıq və kompromis ruhunun lazım olduğunu bir daha təsdiqləyiblər. Nazirlər isə həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə dair razılığa gəliblər.

Danışıqlar ümumilikdə 11 saat çəkib. Bu, tərəflərin 2020-ci ildə ilk təması idi. Görüşün ilk gün 7 saat, növbəti gün 4 saat davam etməsi diqqətlərin yenidən problemin həlli ilə bağlı danışıqlar prosesinə yönəlməsi kimi qəbul oluna bilər. Lakin məlumdur ki, Qarabağ danışıqlarında hələlik irəliləyiş yoxdur, Ermənistanın mövqeyində dəyişiklik olmayana qədər də belə görüşlərin müsbət nəticə verəcəyinə inanmaq sadəlövhlük olardı.

Nazirlərin 11 saat ərzində konkret hansı modeli müzakirə etdikləri məlum deyil.

Ötən danışıqlarda münaqişənin həlli ilə bağlı mümkün bütün planlar ortaya qoyulub və bu baxımdan, danışıqlardan real nəticə gözləyə bilmərik. Yəni, Ermənistan hakimiyyəti mərhələli həll planı ilə hələlik razılaşmır və Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağı düşünmür.

Vasitəçilər isə yeni savaşın alovlanmasını istəmirlər, odur ki, prosesi "ölü nöqtə"dən tərpətməyə çalışırlar. Lakin bunun mümkün olması üçün Ermənistanın danışıqlarda səmimi və konstruktiv olması vacibdir.

Biz isə bunu müşahidə edə bilmirik. Ermənistanın növbəti dəfə danışıqları pozmaq cəhdi dediklərimizin təsdiqi sayıla bilər. Bu cəhdi bu dəfə düşmən ölkənin rəhbəri, Baş Nazir Nikol Paşinyan etdi. O, görüş ərəfəsində Qafanda keçirdiyi mətbuat konfransında danışıqların bəzi detallarını açıqladı, nizamlanmanın mərhələləri barədə açıqlama verdi. Həm Ermənistan, həm də Azərbaycanda insanlar hər nə qədər danışıqların detalları barədə daha artıq şey bilmək istədiklərini dilə gətirsələr də, belə problemlərin həllinə dair danışıqların diplomatik yolla və konfidensial aparıldığı qəbul olunmuş norma sayılır. Paşinyanın belə bir açıqlama ilə çıxış etməsi, özü də bunu məhz vacib görüş ərəfəsində etməsi müəyyən gümanların yaranmasına gətirib çıxarır.

Təsadüfi deyil ki, Ermənistan Baş Nazirlinin bu açıqlamaları danışıqlara vasitəçilik edən həmsədrləri də ciddi narahat edib. Vasitəçilərin görüşün yekunlarına dair bəyanatlarında münaqişənin sülh yolu ilə həlli və nizamlama prosesində məxfilik prinsipinə əməl etməyin vacibliyini tərəflərə xatırlatmaları belə deməyə əsas verir. Nikol Paşinyanın bu addımının həmsədrlərin ciddi narahatlığına səbəb olduğu barədə erməni mətbuatında da xəbərlər dərc olunur. Mətbuatın yazdığına görə, həmsədrlər Minsk qrupunun strategiyası ilə ziddiyyət təşkil edən fikirləri Paşinyanın növbəti özfəaliyyət cəhdi kimi qəbul ediblər.

“Həmsədrlər Paşinyanın Qarabağla bağlı dediklərinə görə Cenevrədə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla kifayət qədər sərt danışıblar”, - deyə erməni mətbuatı yazır.

Həmsədrlərin bu xatırlatmasının məhz Ermənistan tərəfinə, konkret Paşinyana ünvanlandığı şübhəsizdir. Çünki Azərbaycan rəsmiləri tərəfindən bu məzmunda heç bir açıqlama olmayıb. Lakin narahatlıq doğuran başqa bir məqam odur ki, həmsədrlər yenə də konkret ünvan göstərmir, konfidensiallıq prinsipini məhz Ermənistan rəhbərliyinin pozduğunu demirlər. Bu isə işğalçını işğalçı adlandırmayan, təcavüzkarla təcavüzə məruz qalanı eyniləşdirən həmsədrlərin növbəti ikiüzlülüyü kimi qəbul oluna bilər.

Paşinyanın açıqlamasından çıxan digər nəticə isə odur ki, o, danışıqların bəzi detallarını ictimailəşdirməklə Ermənistan vətəndaşları, xüsusən isə Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan erməni əhalisi arasında nizamlanma prosesinə etirazların baş qaldırmasına çalışır. Onun mətbuat konfransında Dağlıq Qarabağ ermənilərinə səslənərək, “indi özünüz seçin, bu nizamlanmanı qəbul edirsinizmi” kimi xitablar etməsi məqsədin aranı qızışdırmaq, danışıqları pozmaq olduğunu aydın göstərir.

Ümumiyyətlə, Paşinyanın hakimiyyətə gələndən sonra münaqişənin nizamlanması istiqamətində bir müsbət addım belə atmadığı məlumdur. Odur ki, Cenevrə danışıqlarının da əvvəlki danışıqlar kimi sadəcə, “daha bir görüş keçirildi” silsiləsindən olması ehtimalı daha yüksəkdir.

Bu məsələdə əsas yük yenə də vasitəçilərin üzərinə düşür. Razılaşdırılmış adi prinsipi pozan tərəfin, indiki halda Ermənistan Baş Nazirinin adını belə çəkməyə cəsarət etməyən qorxaq vasitəçilərdən daha qətiyyətli addımlar gözləmək heç cür mümkün deyil. Ermənistan pozuculuq fəaliyyətini davam etdirdikcə, həmsədr ölkələr və vasitəçi diplomatlar bu pozuculuğa və işğalçılığa dözdükcə, danışıqların nəticəsi də olmayacaq. Görüş istər 11 saat, istər 11 gün çəksin...

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR