Ermənistanın informasiya müharibəsindəki dezinformasiyaları - TƏHLİL

Ermənistanın informasiya müharibəsindəki dezinformasiyaları - TƏHLİL
# 29 sentyabr 2020 19:05 (UTC +04:00)

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəd rayonları atəşə tutmaqla, habelə, işğal altında olan Dağlıq Qarabağda açıq təxribatlara əl atmaqla vəziyyəti gərginləşdirib.

Azərbaycan Silahlı Qüvvələri əks-hücum hüququndan istifadə edərək, öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün cavab tədbirləri görüb. Ermənistanın silahlı birləşmələri mülki şəxslərin yaşadığı Azərbaycan ərazilərini müasir texnikadan istifadə etməklə atəşə tutub, nəticədə dinc əhali arasında itkilər müşahidə edilib. Həmişəki kimi beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən ermənilər hərbi cinayətlərini gizlətmək üçün ən müxtəlif təxribatlara əl atır. Dinc insanları qətlə yetirən təcavüzkar ölkə Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi aparır. Məsələn, Vardenis rayonunda ermənilərə məxsus avtobusun pilotsuz uçan aparatla vurulması ətrafında hay-küy qaldıran erməni təbliğatı əsl həqiqəti gizlədir. Bu avtobusda Azərbaycan ərazilərinə daşınan erməni yaraqlıları olub və Bakı əks-hücum nəticəsində dinc əhalinin təhlükəsizliyi təmin etmək üçün düşmənin hərbi qüvvəsini məhv edib. Xatırladaq ki, 2016-cı ildə Azərbaycan Ordusunun tarix yazdığı 2016-cı ilin aprel savaşları zamanı da cəbhəyə könüllüləri daşıyan avtobus kamikadze dron ilə vurulmuşdu. Azərbaycan dinc əhalini hədəf seçmir, yalnız silahlı qruplaşmaları cəzalandırır.

Erməni təbliğatının və yalanının biri də Azərbaycan ordusunun əks-hücumunda guya Yaxın Şərqdən gətirilmiş muzdlu döyüşçülərin vuruşması barədə dezinformasiyalardır. Azərbaycan Ordusu erməni işğalı altında olan ərazilərini öz gücü ilə azad edir və heç bir xarici qüvvə bu döyüşlərdə iştirak etmir. Erməni hərbi birləşmələri isə xaricdən gətirilmiş muzdluların və terrorçuların köməyindən istifadə edir və bunu təsdiqlənmiş fotoları da var.

Ermənistan hökuməti PKK və digər terror təşkilatları ilə açıq əməkdaşlıq hərəkətləri sərgiləyir. Son zamanlar Livan ermənilərinin işğal altındakı Azərbaycan torpağı olan Dağlıq Qarabağa köçürülməsindən sonra terror təşkilatının “xüsusi tapşırıqlar yerinə yetirən dəstə”lərini Dağlıq Qarabağda yerləşdirmək qərarına gəldiyi barədə təkzibolunmaz faktlar mövcuddur.

Ermənistan Baş naziri Nikol Paşinyan işğal altındakı Azərbaycan ərazilərində demoqrafik landşaftı dəyişmək siyasətini davam etdirməklə yanaşı, Dağlıq Qarabağdakı işğalın mövcudluğunun əsası olan hərbi tərkibi də gücləndirir. Livandakı erməni terror qruplaşmaları və PKK-nın Suriya qanadı olan PYD/YPG-nin xüsusi dəstələri erməni ordusunun tərkibində vuruşur.

Ermənistan informasiya ruporları və havadarlarının başqa hərbi güclərin əks-hücum əməliyyatlarında iştirakı haqda mif yaratması da daxili ictimai rəyi ovutmağa yönəlib.

Ermənistan özünün başlatdığı bu müharibədə məğlub olduğunu anlayır və odur ki, münaqişənin miqyasını böyütməyə, başqa ölkələrin adını hallandırmağa çalışır. Lakin məsələnin mahiyyətində bu dayanır: Azərbaycanın dostları və hərbi, strateji müttəfiqləri var. Azərbaycanın haqq işinə mənəvi, siyasi və beynəlxalq müstəvidə dəstək verən ölkələr var.

Azərbaycan Ordusu isə işğal altındakı torpaqları terrorçulardan azad etmək üçün hər qarış uğrunda rəşadətlə döyüşür. Silahlı Qüvvələrimiz beynəlxalq hüquqla təsbit olunmuş normalara uyğun şəkildə əks-hücum əməliyyatlarına başlayıb və qısa zamanda separatçı rejim və təcavüzkar ölkə ciddi itkilər verib.

Azərbaycan Ordusunun qısa zaman kəsiyində növbəti dəfə erməni silahlı qüvvələri haqda mifi darmadağın edərək, düşmənin müdafiə xəttini yarması təcavüzkar ölkə daxilində böyük narahatlıq, təşviş və qorxu yaradıb. Artıq bütün siyasi qüvvələr Nikol Paşinyanın istefasını tələb etməyə başlayıb. Bu tendensiyanı durdurmaq üçün Paşinyan mediası növbəti dəfə yalanlara əl atır.

Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. İrəvan gözəl bilir ki, Azərbaycanın uğurla apardığı əks-hücum qarşısında tab gətirə bilməyəcək. Erməni siyasi və hərbi elitasını acı məğlubiyyət gözləyir. Bu məğlubiyyəti əsaslandırmaq üçün isə Azərbaycanın xarici hərbi qüvvədən dəstək alması, muzdlu cəlb etmək kimi yalanları öz mediasında və sosial şəbəkədə yayan Ermənistan iqtidarı özünü sığortalamaq niyyətindədir. Bu günə qədər ermənilər heç bir fakt göstərə bilməyiblər. Erməni təbliğatı özünü daha da ağır duruma salır və artıq ölkə daxilində Paşinyandan narazıların sayı artır.

Baş verənlər isə onu göstərir. Bu dəfə Paşinyan və Ermənistandakı kriminal rejim xilas ola bilməyəcək.

APA Analitics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR