Müharibə sınağında yerli media

#
# 13:15
3 oktyabr 2020

Müharibə və fövqəladə hallarda medianın gücü daha çox bilinir. Belə ki, əhalini zəruri informasiya ilə vaxtında və aydın formada təmin etmək lazımdır. Eyni zamanda, müharibə dövründə media qurumlarının operativ informasiya yayımı ilə məşğul olması həm də onların informasiya müharibəsindəki yerini möhkəmləndirir. Bunun üçün isə müharibə dövründə media qurumlarının xüsusi informasiya və menecment strategiyası olmalı, həmçinin, onun tətbiqinə iradəsi və gücü olmalıdır.

Nəzərə aldıqda ki, 27 Sentyabr 2020-ci ildən etibarən başlayan “2-ci Qarabağ Müharibəsi” dövründə milli təhlükəsizliyin təmin olunması üçün ölkədə internet şəbəkəsi məhdudlaşdırıldı, bu yerdə diqqət yenə də ənənəvi medianın fəaliyyətinə yönəldi. Demək olar ki, bütün TV və radiolar öz yayım strategiyalarını müharibə vəziyyəti kommunikasiyasına uyğun formalaşdırdı. Müharibənin ilk günlərində tam olmasa da, növbəti günlərdə Respublikada fəaliyyət göstərən bütün TV və radiolar öz efir strategiyalarında xüsusi dəyişiklik edib, müxtəlif təyinatlı verilişləri də cəbhə gündəminə uyğunlaşdırdılar. Buna İctimai TV-də yayımlanan “Dikdaban”, İctimai Radioda yayımlanan “AvtoStop”, Antenn FM-də yayımlanan “Düzgün hərəkət”, ASAN Radioda yayımlanan “OyanASAN” və s. kimi çox saylı verilişləri nümunə göstərə bilərik.

Əslində, belə hallarda müxtəlif təyinatlı verilişlərin yayım strategiyasını dəyişməkdənsə, onların efirdən kənarlaşdırılması daha asan görünür. Amma media qurumları böyük menecment riski ilə üzləşsələr də bu asan yolu seçmədilər. Buna nümunə kimi sürücülərə hesablanmış “AvtoStop” verilişində Tural Yusifovun öz efirini avtomobillərə, yol hərəkəti qaydalarına yox, cəbhədə gedən hadisələrə, əhalinin ruh yüksəkliyinin artırılması və qorunmasına yönəldilməsini nümunə göstərə bilərik.

İndiki müharibə periodunda istifadə olunan bu təqdirəlayiq kommunikasiya modeli həm əhalinin cəbhədə baş verən hadisələrlə bağlı geniş məlumat əldə etməsinə, həm də informasiya müharibəsində baş verə biləcək kənar hücumlardan qorunmağa hesablanan uğurlu addımdır. Xüsusilə, bu fəaliyyətdə innovativ imkanlarla ənənəvi media resurslarını birləşdirərək, öz yayım siyasətini qısa müddətdə 180 dərəcə dəyişmiş olan 107.7 Avto FM-in strategiyasına diqqət etmək lazımdır. Belə ki, ənənəvi yayım günlərində yalnız musiqi və yollarla bağlı maarifləndirmə strategiyasına malik olan radio, hadisələr başladığı günün ilk saatlarından etibarən öz yayım strategiyasını tamamilə dəyişib. Avto FM-in efirində bütün janrlarda səslənən yerli və xarici musiqilər öz yerini vətənpərvərlik ruhu aşılayan yerli ifalara verib. Eyni zamanda, bu günə qədər xüsusi xəbər təcrübəsi olmayan radio hər gün səhər 07:30-dan gecə 03:00-a qədər hər yarım saatdan bir xəbərlərin xüsusi buraxılışını yayımlayır, cəbhəyə ezam olunmuş müxtəlif tanınmış media əməkdaşlarını efirə qoşur. Artıq radionun efirindən incəsənət xadimlərinin deyil, deputatların, ictimai xadimlərin fikirləri eşidilir, hazırlanan xüsusi cəbhə podkastları isə həm radionun efirindən, həm də digər media resurslarından mütəmadi yayımlanır. Bu hadisə Avto FM kimi xüsusi ixtisaslaşmamış radio stansiya üçün inqilabi dəyişiklikdir.

Eyni zamanda, media qurumlarının arasında yaranmış xüsusi əməkdaşlıq münasibətlərini də təqdir etmək lazımdır. Məhz 107.7 Avto FM-in xəbər buraxılışlarında görürük ki, AzTV, ARB TV, Real TV, ASAN Radio və digər media qurumları, onların əməkdaşları milli ruh altında birləşərək, reytinq mübarizəsini kənara qoyub, öz eksklüziv məlumatlarını bir-biriləri ilə bölüşməyə başlayıblar. Bu Azərbaycan media qurumları, onların əməkdaşlarının informasiya müharibəsi şəraitinə hazır olduqları və informasiya cəbhəsində çiyin-çiyinə savaşdıqlarının nümunəsidir.

Təqdirəlayiq haldır ki, media qurumları efir siyasətində bu köklü dəyişiklikləri etməsinə baxmayaraq, onların əksər sponsorları, reklam verənləri hadisənin həssaslığını anlayır və öz əməkdaşlıqlarını davam etdirirlər.

Azər Nəzərov

PR və Media mütəxəssisi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR