156 nəfər hakimliyə namizəd imtahan verib 

156 nəfər hakimliyə namizəd imtahan verib 

© APA | Məhkəmə-Hüquq Şurası

# 23 iyul 2021 21:08 (UTC +04:00)

Prezident İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir. Müsabiqənin bütün mərhələlərində uğur qazanmış 44 nəfər hakimliyə namizəd cari ilin fevral ayında dövlət başçısının Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.

Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, eyni zamanda test, habelə yazılı və şifahi imtahanları müvəffəqiyyətlə vermiş daha 41 namizəd hakim vəzifəsinə hazırlanmaları üçün tədris kurslarına cəlb olunublar.

Hakimlərin Seçki Komitəsi bildirir ki, müsabiqə davamlı xarakter alıb və mətbuatda xəbər verildiyi kimi növbəti test imtahanında müvəffəqiyyət qazanmış 156 nəfər hakimliyə namizədlə yazılı imtahan keçirilib. Namizədlər tərəfindən cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılıb.
Onların cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Bu zaman qanunun məzmununu açmaq və izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 84 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilib (ünvan: www.jlc.gov.az).

Hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və artıq 100-dən çox hüquqşünas sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi hüquqşünasları müsabiqədə iştiraka dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR