21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 09 iyun 2021 14:25 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanlar 15 şəhər və rayonda keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 96 imtahan binası, 1638 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 96 ümumi imtahan rəhbəri, 271 imtahan rəhbəri, 2048 nəzarətçi-müəllim, 192 buraxılışı rejimi əməkdaşı (mühafizə), 96 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 21423 şagirdin iştirakı gözlənilirdi.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 4 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

06:00

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bugünkü imtahanlarda 21423 şagirdin iştirakı gözlənilir. İmtahanlar Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında keçiriləcək.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, iyunun 9-10-da imtahan keçirilicək şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3333 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 549 imtahan rəhbəri, 4166 nəzarətçi-müəllim, 394 buraxılışı rejimi əməkdaşı (mühafizə), 197 bina nümayəndəsi ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR