“25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbir keçirilib

Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş tədbir

© APA | Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş tədbir

# 25 noyabr 2021 13:37 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə aidiyyəti dövlət orqanlarının əməkdaşları, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının rəhbərləri, bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edən Komitə sədri Bahar Muradova qeyd edib ki, məişət zorakılığı bütün dünyada rast gəlinən problemdir. Onun sözlərinə görə, bu problemin qarşısını tam olmasa da, müəyyən qədər almaq mümkündür: “Qanunvericilik sahəsində boşluqlar var. Bunların aradan qaldırılması üçün təkliflərimiz ortadadır”.

Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Sabunçu rayonundakı vəziyyətdən danışıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov milli Fəaliyyət planından söz açıb. O bildirib ki, zorakılıqla bağlı bu fəaliyyət planı çox vacib sənəddir: “Bu planda bir çox qurumlar birgə işləyir. Konkret tapşırıqlar qoyulub. Fəaliyyət planının faydalarını görürük. İki il ərzində gözlənilən nəticələri əldə edəcəyik”.

Daha sonra ekspert Abil Bayramov Komitəyə ünvanlanmış müraciətlər əsasında araşdırmanı təqdim edib.

Ekspert bildirib ki, qadınların zorakılıq halları ilə bağlı sorğuya cəlb olunmuşlar arasında 21-35 yaş arasında olanların zorakılıq hallarına daha çox rast gəlinir: “Onların göstəricisi 62 faiz, 20 yaşdan aşağı olanların göstəricisi 4 faiz, 36-50 arası olanlar 30 faiz, 51-70 yaş arası isə 4 faizdir. Cinsi mənsubiyyət üzrə məişət zorakılığına daha çox qadınlar məruz qalır. Və bu halların 78 faizi işsizlər arasında olur”.

Onun sözlərinə görə, zorakılığa məruz qalanların 92 faizi qadınlar, 8 faizini kişilər təşkil edir: “Zorakılıq qurbanlarının təhsil səviyyəsində orta təhsilli və təhsilsiz şəxslər üstünlük təşkil edir. Zorakılığa məruz qalma daha çox qadınların əri və ya keçmiş əri tərəfindən olur. Həmçinin bir neçə nəfər tərəfindən olan zorakılıq halları da olur. Qurbanların 78 faizi fiziki, 84 faizi psixi, 33 faizi iqtisadi, 11 faizi seksual zorakılığa məruz qalır".

A. Bayramov deyib ki, zorakılığın səbəbləri müxtəlifdir: “Zorakılıq halları daha çox streotiplərlə bağlıdır. Bu göstərici 72 faizdir. Sorğu nəticəsində aydın olub ki, 31 faiz insan zorakılığa məruz qaldıqdan sonra müraciət etməyib. Məlum olub ki, onların müraciət etməməsinə səbəb el qınağı və ya təkrar zorakılığa məruz qalma və ailənin dağılma qorxusudur”.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Saleh Hacıyev deyib ki, zorakılıq hallarının bir çox faktorları var: “Cəmiyyətdə belə reallıq var ki, insanların əksər hissəsi digərlərinin işinə müdaxilə edir. Zorakılığın sosial psixoloji faktorları da var. Maarifləndirmə olmalıdır ki, hər kəs öz işiylə məşğul olsun. Digər məsələ isə mənəvi faktordur. Bu, birbaşa adət ənənələrlə əlaqəlidir. Bununla bağlı hüquqi tənzimləmə metodları çoxdur”.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bu sahədə görülən tədbirlərdən danışıb. O DİN-in fəaliyyət göstərən qaynar xəttindən və daxil olan müraciətlərdən söz açıb.

Tədbir müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR