ABŞ səfiri: "Nizami Gəncəvinin unikal yaradıcılığı sərhədləri aşaraq ədəbiyyatın inkişafına təsir göstərib”

Li Litzenberger, ABŞ-ın Azərbaycandakı səfiri

© APA | Li Litzenberger, ABŞ-ın Azərbaycandakı səfiri

# 27 oktyabr 2021 14:46 (UTC +04:00)

“Gözəl və tarixi şəhər olan Gəncədə olduğuma görə şadam. Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir, bu şəhərin mədəni və tarixi önəmi böyükdür”.

APA-nın xəbərinə görə, bunu Gəncədə səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

Səfər çərçivəsində Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiyini bildirən səfir bunları bildirib: “Gəncənin ən qürurverici övladlarından biri Nizami Gəncəvin abidəsini ziyarət etdiyimə görə şadam. Bu görkəmli şairin yalnız Azərbaycan ədəbiyyatına deyil, dünya ədəbiyyatına da töhfələrinə hörmət ifadə etmək üçün bu il Azərbaycan Nizami Gəncəvinin 880 illiyini qeyd edir. Onun unikal poetik, universal və yenilikləri əhatə edən yaradıcılığı sərhədləri aşaraq Azərbaycandan kənarda da ədəbiyyatın inkişafına təsir göstərib”.

Diplomat Gəncəyə səfəri çərçivəsində yerli hakimiyyət nümayəndələri, həmçinin icra başçısı ilə görüşdüyünü qeyd edib: “Biz Gəncənin iqtisadi imkanlarını və göstərilən səyləri müzakirə etdik. Azərbaycan və ABŞ arasında yalnız dostluq münasibətləri deyil, strateji tərəfdaşlıq barədə də danışdıq. Biz həm də insanlararası əlaqələrin inkişafına dəstək verə biləcək, ABŞ səfirliyinin maliyyələşdirdiyi mübadilə və mədəni proqramlar barədə də müzakirə apardıq. Burda olduğum müddətdə ABŞ-ın mübadilə proqramlarının məzunları ilə görüşdüm, fikirlərini dinlədim, həmçinin Gəncə barədə məlumatlar aldım. Bundan başqa, burada bir sıra vacib tədbirlərə qatıldım. USAİD və BMT Miqrasiya Təşkilatı tərəfindən birgə təşkil olunmuş insan alverinə qarşı mübarizə ilə bağlı təşkil olunan tədbirdə çıxış etdim”.

Səfir Gəncədə yerləşən Amerika Mərkəzini ziyarət etdiyini də diqqətdə çatdırıb: “Bu mərkəz Gəncə şəhər Mərkəzi Kitabxanası və ABŞ səfirliyi tərəfindən maliyyələşir. Burada olarkən Gencədə məskunlaşmış qaçqın və məcburi köçkün icmalarından olan uşaqlarla da gördüm, onlar bu Mərkəzdə ingilis dili öyrənilər. Bu uşaqlarla görüşdüyümə görə qürur hissi keçirdim. Hesab edirəm ki, onların ingilis dili bacarığı gələcəkdə iqtisadi inkişaf və təhsil imkanları üçün körpü rolunu oynaya bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR