Abşeronda yeni qravimetrik stansiya quraşdırılacaq

Abşeronda yeni qravimetrik stansiya quraşdırılacaq
# 25 may 2021 10:47 (UTC +04:00)

AMEA-nın Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri Abşeron yarımadasında yeni qravimetrik stansiyanın qurulmasına hazırlıq görürlər.

AMEA-dan APA-ya bildirilib ki, Türkan qravimetrik stansiyasının qurulmasından məqsəd qravitasiya sahəsinin zaman və qabarma variasiyalarının tədqiqi, geoloji quruluşun öyrənilməsi, müxtəlif geofiziki məsələlərin həlli olmaqla yanaşı, həm də beynəlxalq layihələrə cəlb olunmaqla fundamental elmi tədqiqatların aparılmasıdır. Müşahidələr zamanı ABŞ-nın ZLS şirkətinin istehsalı olan LaKoste-Romberq yay sisteminə əsaslanan avtomatlaşdırılmış Burris B-14 qravimetrindən istifadə olunacaq. Hazırda dünyada bu tip qravimetrlər istehsal edən bir neçə şirkət mövcud olsa da, ZLS Burris qravimetrinin digərlərindən əsas üstün cəhəti onun yay sistemində olmasıdır. Yay sisteminə malik bu cihaz öz analoqlarından fərqli olaraq, çox kiçik histerezisə (faza gecikməsi) və sürüşməyə malikdir. Tədqiqatlar göstərib ki, zaman keçdikcə bu tip sistemdə daha az sürüşmə baş verir. ZLS Burris tamamilə avtomatlaşdırılmış ölçü sisteminə malik olmaqla, fasiləsiz müşahidə aparma funksiyasına da malikdir. Hazırda Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsi beynəlxalq qravimetrik tədqiqatların aparılması sahəsində İtaliyanın Triest Univeritetinin Riyaziyyat və Yer elmləri şöbəsinin professoru Karla Braytenberq, Almaniyanın Fridrix-Şiller adına Yer Elmləri İnstitutunun professoru Gerhard Yenç və Moskva Dövlət Universitetinin Şternberq Astronomiya İnstitutunun professoru Vadim Milyukov ilə əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR