Afaq Əliyeva: “Bu günə müayinə olunmuş heç bir xəstədə qrip virusu aşkarlanmayıb”

Afaq Əliyeva

© APA | Afaq Əliyeva

# 01 dekabr 2021 14:19 (UTC +04:00)

“Hazırda müşahidə olunan respirator virus infeksiyalarıdır, bu, mövsümə xas olan xəstəlikdir”.

Bunu APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

A. Əliyeva bildirib ki, bu xəstəlikləri qrip adlandırmaq olmaz: “Çünki ağır gedişli respirator infeksiyalı xəstələrdən, qripəbənzər, oxşar əlamətlər olanlardan yaxma götürülüb Respublika Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasına göndərilir. Bu günə müayinə olunmuş heç bir xəstədə qrip virusu aşkarlanmayıb. Aşkarlansa, o vaxt onu qrip kimi qeydiyyata alırıq. Bildiririk ki, Azərbaycanda hər hansı virus tərəfindən törədilən qrip var. Hələ ki, qrip deyə bilmirik, çünki virusoloji təsdiq olunmuş qrip hadisəmiz yoxdur”.

A. Əliyeva qeyd edib ki, hazırda payız-qış aylarına xas olan respirator virus infeksiyaları qeydə alınır: “Hələ ki, böyük artım yoxdur, ötənilki səviyyədədir. Mövsümə uyğun olaraq bu infeksiyalar həmişə olur, olmalıdır da... 2 ildir, Azərbaycanda da COVID-19 pandemiyasına görə insanların əksəriyyəti iş yerində, məktəbdə, ofisdə maskadan istifadə edir. Vəziyyəti başa düşən insanlar mümkün qədər məsafəni gözləyir. Gigiyenik qaydalara əməl etmə halları daha çoxdur. Buna görə də 2019-cu ilə nisbətən bütün infeksiyalar demək olar ki, azalıb, yox səviyyəsinə enib. Gözlənilən gigiyenik qaydalar xəstəliklərin yayılmasının qarşısını alır.

Arada havanın soyuması ilə əlaqədar bu virus infeksiyalarına yoluxma hallarında artım olur. Amma hazırda elə bir ciddi artım yoxdur. Hazırda COVID-ə yoluxma halları var və bu say elə də az deyil. Günlük 2000-ə yaxın yoluxma halı, bəzən daha çox olur. Bu xəstəliklərin klinikası oxşardır”.

Direktor müavininin sözlərinə görə, xəstəliklərin diferensasiyası üçün mütləq laborator müayinə aparılmalıdır: “Hər hansı ağır əlaməti, qripə şübhəli olan xəstələrin, ilk növbədə, COVID müayinəsi aparılır, qripəbənzər əlamət olarsa, buna görə də yaxma götürülür. Hələ ki, ağır gedişli xəstələrdə COVID infeksiyası aşkarlanır. Respirator virus infeksiyaları isə havanın temperaturunun enməsi, müxtəlif səbəblərdən müşahidə olunur. Qripin hər hansı ölkədən gətirilmə halı ilə da müşahidə olunması mümkündür. Lakin qaydalara riayət olunarsa, onun da qarşısı alına bilər. Bu günə vəziyyət sabitdir, narahatlıq yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR