Agentlik sədri: "Qazilərə kifayət qədər həssaslıqla yanaşılır"

Anar Bayramov

© APA | Anar Bayramov

# 19 noyabr 2021 12:29 (UTC +04:00)

"Qazilərə əlillik təyinatı müştərək komissiya tərəfindən həyata keçirilir. Komissiyaya bizim agentliklə yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyi daxildir. Bu komissiya obyektiv şəkildə qərar qəbul edir".

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müəyyən hallarda qazilər əlillik dərəcəsindən narazı qalaraq müraciət edir, onlar yenidən hərbi komissiyaya dəvət edilir və komissiya qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə video müşahidə ilə yenidən əlilliyi qiymətləndirir: “Bu zaman həmin qazinin sağlamlıq vəziyyəti hansı qrupun meyarına uyğun gəlirsə, ona uyğun əlillik verilir. Əlillik təyinatından sonra həmin qazinin səhhətində hər hansı ağırlaşma olarsa, o, yenidən müraciət edə bilər. Bu zaman ekspert komissiyası yenidən vəziyyəti dəyərləndirəcək, haqqı hansı qrupa çatırsa, o qrupla da təmin olunacaq. Elektron sistemdə müəyyən uyğunsuzluq ola bilər, çünki yalnız səhiyyə müəssisəsinin verdiyi sənəd əsasında qərar verilir. Hərbi komissiya ilə müayinə isə əyani aparılır və burada səhv aparılma mümkün deyil. Qazilərə kifayət qədər həssaslıqla yanaşılır, heç bir növbədə gözləmədən sağlamlıq vəziyyəti dəyərləndirilir. 2200 nəfər qazi ilə bağlı təyinat aparılıb, onlar da təyinatından razıdır. Travması olan, amma vəziyyəti əlilliyə uyğun gəlməyən qazilərə əlillik təyinatı aparılmır, qazilər də bundan narazı olur. Nazirlər Kabinetinin qərarının müvafiq meyarına görə, travma, orqanizm funksiyanın pozulması təyinata uyğundursa, bu zaman vaxt itirmədən təyinat aparılır, haqqı çatan əlillik dərəcəsini almalıdır. Hər hansı qazi yenə də narazıdırsa, yenidən dəvət edib yoxlaya bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR