Ali məktəblərdə təhsil sisteminin elektronlaşdırılması tələb olunacaq, “web” laboratoriyalar yaradılacaq

Ali məktəblərdə təhsil sisteminin elektronlaşdırılması tələb olunacaq, “web” laboratoriyalar yaradılacaq
# 29 oktyabr 2021 13:15 (UTC +04:00)

Ali təhsil sistemi elektronlaşdırılacaq.
APA-nın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Ümumilikdə 10 fəsildən ibarət qanun layihəsində IX fəsil ali təhsil sisteminin elektronlaşdırılması ilə bağlıdır. Bu fəsilə iki maddə - ali təhsil müəssisəsində informasiya təminatı (52-ci maddə) və məsafədən təhsil (52-ci maddə) daxildir.
Layihəyə əsasən, ali təhsil sistemində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi, vahid ali təhsil informasiya məkanının yaradılması təmin edilir. Ali təhsil müəssisəsinin korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə infrastrukturunun idarəetmə və nəzarət sistemi yaradılır. Elektron təhsil texnologiyalarının tətbiqi aşağıdakıların həyata keçirilməsini təmin edir:
- fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənməsini və təhsil müəssisəsinin elektron resurs bazasında (kitabxanasında) yerləşdirilməsini;
- elektron təhsil (e-learning) resurs bazasının, rəqəmsal təhsil mühitinin yaradılmasını və tədris prosesinə inteqrasiyasını;
- məsafədən təhsilin təmin edilməsini;
- vahid ali təhsil portalının yaradılmasını və mütəmadi dəstəklənməsini;
- elektron sənəd dövriyyəsinin təşkili.
Rəqəmsal universitet sisteminə keçidi təmin etmək məqsədilə ali təhsil sisteminin vahid informasiya resurs bazası yaradılır. Ali təhsil müəssisəsi yeni metod və texnologiyalar vasitəsilə tələbələrin və akademik heyətin, struktur bölmələrin əməkdaşlarının yenidənhazırlanma, ixtisasartırma və ömürboyu təhsil sistemini yaradır.
Ali təhsil müəssisəsində rəqəmsal təhsil mühiti yaradılır. Rəqəmsal təhsil mühitinin yaradılmasına qoyulan tələblər aşağıdakılardır:
- təhsil prosesi iştirakçılarının təhsil informasiya resurslarına çıxışının (əlçatanlığı) təmin edilməsi;
- ali təhsil müəssisəsinin beynəlxalq elektron təhsil resurslarına çıxışının təmin edilməsi;
- təhsil prosesi iştirakçıları arasında qarşılıqlı əlaqənin internet vasitəsilə təmin edilməsi;
- tədris prosesinin monitorinqinin elektron sisteminin yaradılması;
- ali təhsil müəssisəsinin beynəlxalq databazalara çıxışının təmin edilməsi;
- ali təhsil müəssisəsinin və müstəqil tədqiqatçıların elmi tədqiqat nəticələrinin toplanması məqsədilə saxlanc yerlərinin (repository) və açıq çıxış (open access) portallarının yaradılması;
- elmi məlumatlara çıxış imkanlarının təmin edilməsi;
- ali təhsil müəsisəsinin texnoloji imkanlarının biliyin yaradılması prosesinə tətbiqi.
Ömürboyu təhsil konsepsiyasının məsafədən təhsilalma formasında təmin edilməsi məqsədi ilə öyrənmənin idarəetmə sistemləri yaradılır və tətbiq edilir. Təhsil proqramlarının müasir informasiya texnologiyalarına inteqrasiya edilməsi, akademik heyətin müvafiq potensialının genişləndirilməsi və müvafiq infrasrukturun qurulması ali təhsil müəssəsi tərəfindən təmin edilir. Müxtəlif informasiya-kommunikasiya alətlərinin tətbiqi vasitəsi ilə ali təhsilin inklüzivliyi təmin edilir.
Ali təhsil müəssisəsi ali təhsil proqramlarını həyata keçirmək üçün elektron təlim və məsafədən təhsil texnologiyalarını tətbiq edə bilər. Ali təhsil müəssisəsində məsafədən təhsil zamanı təlim prosesi bir tədris ilinin yaz və payız semestrləri ərzində təşkil edilir. Məsafədən təlim prosesi sinxron, asinxron və ya sinxron və asinxron təlimin qarışıq və hibrid formasında həyata keçirilə bilər. Ali təhsil müəssisəsində ali təhsil proqramlarının elektron təlim və məsafədən təhsil texnologiyalarının tətbiqi ilə həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Elektron təlim (e-learning) resurslarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarəti təhsildə keyfiyyət təminatı qurumu həyata keçirir. Elektron təhsil resursları yaradılarkən müəllif hüquqları qorunur. Məsafədən təhsilin təşkili üçün tədris prosesini dəstəkləyən təlim materialının sistemləşdirilmiş və strukturlaşdırılmış elektron formasından ibarət elektron təhsil resursları, o cümlədən “web” laboratoriyaların sistemi yaradılır.
Elektron təlim sisteminin yaradılması və ondan istifadə aşağıdakı vəzifələri həll edir:
- müasir informasiya texnologiyaları əsasında vahid elektron ali təhsil məkanının yaradılması;
- ali təhsil proqramlarının gerçəkləşdirilməsinə verilən tələblərə uyğun təhsil prosesinin informasiya təminatının həyata keçirilməsi;
- informasiya texnologiyaları əsasında təlim prosesi iştirakçılarının ünsiyyət məkanının təmin edilməsi;
- təhsil prosesi iştirakçıları üçün bütün elektron təhsil resurslarının (təhsil proqramı, tədris planı, fənnin (modulun) işçi planı, elektron kitabxana və s.) əlçatanlığının təmin edilməsi;
- aralıq və cari qiymətləndirmənin şəffaflığının və səmərəliliyininin təmin edilməsi;
- tələbələrin fərdi-psixoloji xüsusiyyətlərini və sağlamlıq imkanlarını nəzərə almaqla elektron təhsil resurslarının adaptivliyinin təmin edilməsi;
- hər bir tələbənin elektron portfoliosunun yaradılması.
Elektron təlim resursuna elektron tədris kursu, elektron nəşrlər, elektron dərslik, elektron tədris vəsaiti, rəqəmsal kitabxana, elektron praktikum, biliyin qiymətləndirilməsinin nəzarət-ölçü materiallarının (test tapşırıqları bankı) elektron fondu, elektron trenajor (simulyator), virtual laboratoriya, 3D laboratoriya, açıq təhsil resursu və digər resurslar daxildir. Elektron portfolioda elektron vasitə və daşıyıcıların köməyi ilə tələbənin tədris prosesində əldə etdiyi fərdi müvəffəqiyyətləri toplanır. Məsafədən təhsilin təşkilini və tətbiqini təmin etmək məqsədi ilə ali təhsil müəssisəsində “Rəqəmsal tədris”, “Elektron imtahan mərkəzi” və rəqəmsal təhsilə dəstək üçün elektron təlim platformaları yaradılır. Məsafədən təhsilin təşkili və vahid ali təhsil informasiya məkanının yaradılması məqsədilə “Təhsildə telekommunikasiya və informasiya sistemləri mərkəzi” təşkil edilir. Ali təhsil müəssisəsi məsafədən təhsil texnologiyalarından tam və ya qismən istifadə edərək təhsil proqramlarını və ya onların hissələrini həyata keçirir. Ali təhsil proqramını məsafədən təhsil texnologiyalarının tam və ya qismən tətbiqi ilə başa vuran məzunlara təhsil haqqında dövlət sənədi – diplom verilir. Ali təhsil müəssisəsi auditoriya dərs yükünün həcmini və akademik heyətin tələbə ilə bilavasitə əyani dərslərin həcmi ilə elektron təlim və məsafədən təhsil texnologiyalarından istifadə etməklə təşkilini müstəqil olaraq müəyyən edir. Məsafədən təhsil texnologiyaları tam və ya qismən yalnız bakalavriat və magistratura səviyyələrində ali təhsil proqramlarının həyata keçirilməsi zamanı tətbiq edilir. Məsafədən təhsil formasında tədrisin təşkilinə icazə verilməyən ali təhsil proqramlarının, ixtisas və təhsil sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Məsafədən təhsil texnologiyalarından istifadə edərək ali təhsil proqramlarını və ya onların bir hissəsini həyata keçirərkən ali təhsil müəssisəsi məlumat və telekommunikasiya texnologiyalarından istifadə edərək tələbələrə məsafədən tədris və metodiki dəstəyi təmin edir. Məsafədən təhsil texnologiyalarından istifadə edərək ali təhsil proqramlarını və ya onların hissələrini həyata keçirən ali təhsil müəssisəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, təhsil prosesinin nəticələrini və daxili sənədləri elektron rəqəmsal formada qeyd edir və saxlayır.
Tələbələrin yerləşməsindən asılı olmayaraq məsafədən təhsil fəaliyyətinin həyata keçirildiyi yer təhsil müəssisəsinin yerləşdiyi yerdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR