“Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumunun açılışı olub - FOTO

“Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumunun açılışı

© APA | “Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumunun açılışı

# 05 noyabr 2021 17:22 (UTC +04:00)

Gənclər Fondunun dəstəyi, “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə tarixi qələbəmizə həsr olunan “Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumunun açılışı keçirilib.

APA-nın məlumatına görə, tədbirdən əvvəl “Qarabağ həqiqətləri fotolarda” sərgisinə baxış keçirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bir il əvvəl Azərbaycan Ali Baş Komandanın, Prezident İlham Əliyevin əmri ilə qəhrəman Ordumuzun qanı-canı bahasına torpaqlarımız işğaldan azad edilib: "Növbəti illərdə bu cür beynəlxalq forumlar Qarabağda təşkil ediləcək. Qarabağda böyük bərpa prosesi həyata keçirilir, abadlıq-quruculuq işləri görülür. Azərbaycan xalqı hər zaman sülhməramlı olub. Bizim üçün hər hansı insanın dininin, milliyyətinin fərqi yoxdur. Heç bir millət müharibə istəməz, amma heç bir millət də tarixi torpaqlarının işğal altında qalmasına icazə verməz. Azərbaycan bu münaqişənin sülh yolu ilə həlli üçün illərlə mübarizə aparıb. Ancaq ikili standartlara görə qəbul edilən qərarların, sənədlərin həyata keçirilməməsi Azərbaycanı müharibəyə məcbur edib və ölkəmiz qısa zaman ərzində tarixi ədaləti bərpa edib".

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib ki, forum tarixi dövrə təsadüf edir, bir il əvvəl Azərbaycan haqq savaşını həyata keçirməyə başlayıb: "Avropalı tərəfdaşlar, forumun qonaqları sülhün daha da sürətlənməsində, Qafqazda sülhün təmin olunmasında dəstəyini əsirgəməyəcək. Azərbaycanda gənclər siyasətinin mahiyyətində gənclərin mövcud dünyəvi dəyərlərə uyğun böyümələri qarşıya məqsəd qoyulub".

Tədbirdə bir çox ölkələrin səfirliklərinin nümayəndələri, Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının rəhbərləri iştirak ediblər. Forum iştirakçıları sülh, təhlükəsizlik və münaqişələrin həllində gənclərin roluna dair 3 mövzuda panel müzakirəsində iştirak ediblər.

Beynəlxalq təşkilatların nümayəndələri bir çox dövlət qurumlarında görüşlər keçirəcək, Vətən müharibəsi dövründə düşmən tərəfindən məqsədli şəkildə hərbi təcavüzə məruz qalmış Gəncə, eləcə də işğaldan azad edilmiş Ağdam şəhərlərinə səfərlər edəcəklər. Forumun yekununda Azərbaycanın Cənubi Qafqaz və regionda sülh, əməkdaşlıq, mehriban qonşuluq və təhlükəsizliyin bərqərar olunması ilə bağlı çağırışlarını dəstəkləyən Bəyannamənin qəbulu, 21 ölkənin gənclər təşkilatlarının qoşulması ilə mərkəzi Bakı şəhərində yerləşən “Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” adlı geniş tərkibli əməkdaşlıq platformasının təsis olunması nəzərdə tutulub.

Qeyd edək ki, forum 5-9 noyabr tarixlərini əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR