Azad olunmuş ərazilərdə meşə fondunun bərpası proqramı hazırlanıb

Muxtar Babayev

© APA | Muxtar Babayev

# 03 dekabr 2021 16:25 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə meşə fondunun genişmiqyaslı bərpasını nəzərdə tutan proqram hazırlanıb.

APA-nın məlumatına görə, bunu UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, proqram çərçivəsində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirləri nəzərdə tutulur: "Artıq həmin ərazilərdə ağacların əkilməsi və toxum səpini işlərinin aparılmasına başlanılıb. Qarabağda ərazilərin böyük hissəsinin minalanması genişmiqyaslı monitorinq və bərpa işlərinin aparılmasında imkanlarımızı məhdudlaşdırır. Minalardan təmizləmə prosesi sürətləndikdən sonra bərpa işləri daha intensiv şəkildə aparılacaq".

Nazir deyib ki, işğal dövrü ərzində 54 min hektar meşə ilə örtülü ərazi məhv edilib: "Orta və uzunmüddətli perspektivdə meşələrin ekoloji, su qoruyucu, iqlim tənzimləyici xassələrinin bərpa edilməsi planlaşdırılır".

Nazir eyni zamanda qeyd edib ki, iqlim prosesləri sərhəd tanımır: "Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz. İqlim hadisələrinin daha tez müəyyən edilməsi, risklərin əvvəlcədən qiymətləndirilməsi qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır. Bu baxımdan region ölkələri ilə informasiya mübadiləsinin daha səmərəli aparılması və təhlükəli hadisələrə qarşı adekvat tədbirlərin seçilməsində ölkələrin dayanıqlığını təmin etmək üçün “Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində regional əməkdaşlıq platforması”nın yaradılması nəzərdən keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR