"Azərbaycan dili" fənni üzrə ikinci imtahan keçiriləcək

"Azərbaycan dili" fənni üzrə ikinci imtahan keçiriləcək

© APA | Dövlət İmtahan Mərkəzi

# 22 iyun 2021 09:33 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 24-də “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində, ümumilikdə 12 binada aparılacaq.  

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İmtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər.

1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;

3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.

2-ci və 3-cü kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

İmtahanda, ümumilikdə 2432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirak nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR