Azərbaycan Rusiya və Türkiyə ilə COVID-19 pasportunun elektron qaydada qarşılıqlı tanınması üçün tədbirlər görəcək

Azərbaycan Rusiya və Türkiyə ilə COVID-19 pasportunun elektron qaydada qarşılıqlı tanınması üçün tədbirlər görəcək
# 05 iyun 2021 16:37 (UTC +04:00)

Azərbaycan Rusiya və Türkiyə ilə COVID-19 pasportunun elektron qaydada qarşılıqlı tanınması üçün tədbirlər görəcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Nazirlər Kabineti Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə bu ölkələrlə COVID-19 pasportunun elektron qaydada qarşılıqlı tanınması üçün tədbirlərin görülməsini təmin etməyi tapşırıb.

Qeyd edək ki, qərara əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına 2021-ci il 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir. Bu zaman bu ölkələrin yaşı 18-dən yuxarı olan vətəndaşları yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında, 1–18 yaş arasında olan vətəndaşları isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq sənəd əsasında Azərbaycana hava nəqliyyatı vasitəsi ilə səfər edə biləcəklər.

Ancaq Rusiya və Türkiyə vətəndaşlarından Azərbaycanı tərk edərkən COVID-19-a dair PCR testi tələb olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR