Azərbaycan vətəndaşlarının elektron sistemdəki məlumatları məxfi şəkildə qorunur

İlqar Məmmədov

© APA | İlqar Məmmədov

# 08 dekabr 2021 17:51 (UTC +04:00)

"Ədliyyə Nazirliyinin elektron əhali sistemində hər bir Azərbaycan vətəndaşı barədə məlumatlar mövcuddur. Bu məlumatlar tam məxfi şəkildə qorunur".

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, hər bir vətəndaş yalnız birinci dərəcəli qohumları barədə məlumatlar əldə etmək üçün müraciət edə bilər: "Sistemə toplanan məlumatlar tam məxfi şəkildə qorunduğu üçün 18 yaşını tamamlamış şəxslərin məlumatı valideynlərinə verilə bilməz. Çünki 18 yaşına çatan şəxs azad vətəndaşdır. Yalnız etibarnamə əsasında şəxsin məlumatları başqasına təqdim edilə bilər. Elektron əhali sistemində ad, soyad və ata ilə axtarış verildikdə 10 milyon əhali arasında eyni ad-soyada malik vətəndaşların siyahısı bir pəncərə sistemində göstərilir. Axtarılan şəxsi tapmaq üçün eyni ad-soyad olduqda əlavə olaraq doğum günü və ya fotoşəkil vasitəsilə tapmaq mümkündür. Bu sistem vasitəsilə bir şəxsin bütün qohumluq əlaqələri barədə məlumat bazada mövcuddur. Bu məlumatların yerləşdiyi bazaya giriş hüququ İdarənin yalnız iki əməkdaşına verilib. Digər ölkələrin məlumat bazalarından fərqli olaraq Azərbaycanda bu məlumatların hər hansı resursdan əldə olunması mümkün deyil. Sistemə giriş-çıxış qeydiyyata alınır. Bu məlumatlara icazəsiz daxil olmağa cəhd edən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb oluna bilər".

İ. Məmmədov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də güc strukturlarına bir sıra məlumatlar yalnız müəyyən istiqamətlər üzrə verilə bilər: "Məsələn, yeni elektron şəxsiyyət vəsiqələrinin hazırlanması zamanı vətəndaş barədə məlumatı vəsiqənin üzərindəki çipə yerləşdirə bilməsi üçün Daxili İşlər Nazirliyinə müəyyən məlumatlar verilir. Bu məlumatlar zamanla yenilənir. Pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial yardımlar verilib ki, həmin vətəndaşlar barədə məlumatı ƏƏSMN bizim İdarədən alıb. Həmin dövrdə təxminən 4 milyon insanın ailə tərkibi barədə məlumat ƏƏSMN-ə verilib".

İdarə rəisi qeyd edib ki, bazaya yüklənən məlumatlar doğum haqqında şəhadətnamələrin aktlaşdırılması ilə həyata keçirilib: “Əlyazmaların köçürülməsi ilə bağlı 2004-cü ildə qərar verilib. 2005-ci ildən sistemin hazırlanmasına başlanılıb. 7 il ərzində hər gün 120 operator bütün məlumatları sistemə köçürüb. Akt qeydləri 75 il saxlanılır. 75 ildən sonra Respublika arxivinə təhvil verilir. Bu məlumatların hazırlamasına 1937-ci ilə aid doğum şəhadətnamələrindən başlanılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR