Azərbaycanda 5 günlük körpənin ürək qüsuru aradan qaldırılıb

Azərbaycanda 5 günlük körpənin ürək qüsuru aradan qaldırılıb
# 22 noyabr 2021 16:41 (UTC +04:00)

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Kamran Musayev və komandası tərəfindən çəkisi 3,2 kq olan 5 günlük körpədə mürəkkəb ürək qüsuru əməliyyat edilərək uğurla aradan qaldırılıb.

APA-nın xəbərinə görə, əməliyyatı uğurla icra edən Kamran Musayev yeni doğulmuş körpənin mürəkkəb anadangəlmə ürək qüsuru ilə doğuşdan 2 gün sonra gətirildiyini və təcili əməliyyat göstərişi ilə xəstəxanaya yerləşdirildiyini bildirib: “Yeni doğulmuş və çəkisi cəmi 3,2 kq olan körpəmiz bizə mürəkkəb anadangəlmə ürək qüsuru ilə müraciət edib. Apardığımız müayinələrin nəticəsində xəstənin aorta qövsünün kəsilməsi, mədəciklərarası və qulaqcıqlararası çəpərin defekti və açıq botal axacağı (Interrupted aortic arch + double committed VSD + ASD + PDA) diaqnozu müəyyənləşib. Bu problemlə doğulan körpələrin doğuşdan sonrakı bir ay ərzində həyatlarını itirmə riski yüksək olduğundan təcili cərrahi müdaxilə qərarı verildi və lazımi hazırlıq proseduralarından sonra körpəni əməliyyata götürdük. Bu cür xəstələrin əməliyyatında müxtəlif yanaşmalar var. Əsas yanaşma ondan ibarətdir ki, biz xəstəni bir və iki mərhələli əməliyyat edə bilərik. Sadəcə aorta qövsündəki problemini aradan qaldıraraq ürək daxilindəki qüsurları saxlayaraq iki mərhələli və ya tək mərhələdə həm ürək daxilindəki qüsurlar, həm də aorta qövsünün kəsilməsi aradan qaldırıla bilər. Biz tək mərhələli yanaşmanı seçdik və hər iki qüsuru aradan qaldırdıq. Qeyd edim ki, bu əməliyyat anteqrat serebral perfuziya dediyimiz, beyin damarları xaric, digər damarlarda qan dövranının dayandırılması ilə həyata keçirilir. Bu baxımdan, 5 günlük körpədə belə bir əməliyyatın keçirilməsi kifayət qədər çətin və mürəkkəb bir prosesdir”.

Əməliyyatdan öncə bədəninin üçdə ikisinə arterial qan çatmayan xəstənin əməliyyatdan sonra normal anatomiyasının bərpa olunduğunu deyən Kamran Musayev xəstədə həm ürək xarici, həm də ürəkdaxili qüsurların aradan qaldırıldığını bildirib: “Əməliyyat zamanı aorta, aorta qövsü və şaxələrinin normal anatomiyası bərpa olunub, eyni zamanda ürək daxilindəki həm mədələrarası çəpərdə, həm də qulaqcıqlararsı çəpərdəki defekt ortadan qaldırılıb. Əməliyyatdan sonrakı gedişatda xəstəmizi əvvəlcə reanimasiyada, daha sonra palatada təqib etdik və bu günlərdə evə yazdıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR