Azərbaycanda indiyədək 291 jurnalist COVID-19-a yoluxub, 12-si vəfat edib

Azərbaycanda indiyədək 291 jurnalist COVID-19-a yoluxub, 12-si vəfat edib
# 31 avqust 2021 16:05 (UTC +04:00)

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 jurnalist COVID-19-a yoluxub, 12 nəfər həmkarımız isə həyatını itirib.

APA-nın məlumatına görə, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğnın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir:

"Dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə yoluxaraq həyatlarını itiriblər.

KİV işçilərinin daima ictimaiyyət arasında fəaliyyət göstərdiyini, bununla da yoluxma riskinin yüksək olduğunu nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışanların növbədənkənar vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciətə müsbət cavab verilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub.

Proqram çərçivəsində vaksinasiyadan keçmiş KİV işçilərinin durumu da müşahidə edilir. İndiyədək 1-ci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb".

Müşfiq Ələsgərli bildirib ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir. Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR