Azərbaycanda koronavirusa yoluxan 700-ə yaxın dializli xəstədən 267-si vəfat edib

Səhiyyə Nazirliyinin Baş nefroloqu Fariz Babayev

© APA | Səhiyyə Nazirliyinin Baş nefroloqu Fariz Babayev

# 27 avqust 2021 14:46 (UTC +04:00)

“Həm immun sisteminin qabiliyyəti, həm bədəndə olan proseslər xroniki böyrək xəstələrinin müqavimətinin azalmasına səbəb olur. Ona görə də bu xəstələrdə COVID virusunun yayılması və müəyyən fəsadların baş verməsinə daha çox rast gəlinir”.

Bunu APA-ya Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M. C. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayevin APA-ya müsahibəsində deyib.

O bildirib ki, 2020-ci ilin iyun ayından bu xəstələr arasında statistik yoxlamalar aparılıb: “Təxminən 700-ə yaxın dializ alan xəstə koronavirusa yoluxub və onlardan 267 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Çünki onlarda virusla bağlı fəsadlar əmələ gəldi. Həmin dövrdə dünya təcrübəsinə əsaslanaraq hemodializ xəstələrində də vaksinasiyanın aparılmasının nə dərəcədə effektiv olduğunu gördük. Bu gün Azərbaycanda dializ xəstələrinin demək olar ki, əksəriyyəti vaksinasiyadan keçib. Onlar arasında heç bir ciddi fəsad baş verməyib. COVID-19 və ona qarşı vaksinasiya problemi bütün dünya səhiyyəsi üçün yeni bir mərhələ olduğundan böyük klinik təcrübə olmadığı üçün yalnız hər bir səhiyyə orqanı öz təcrübəsinə əsaslanaraq məlumatlarını çatdırır. Biz də bunlardan yararlanırıq”.

Baş nefroloq qeyd edib ki, bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-ə qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur: “Bunu apardığımız təcrübələrimiz də göstərir. Uroloji, nefroloji xəstəlikləri olan xəstələrin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Nefroloq olaraq, əhalimizi, xüsusilə böyrək xəstəliyi olan insanları peyvənd vurdurmağa çağırıram. Çünki vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür”. İnaktiv vaksinlərin orqanizmə yeridilməsi bütün xəstəliklər zamanı çox böyük fəsad və ağırlaşmalarla getmir. Çünki bədən özü immuniteti formalaşdırır. Azərbaycanda vaksinasiyaya ilk başlanılanda “Sinovac” vaksinindən istifadə olunduğu üçün o zaman xəstələrimizin hamısına bu vaksinlərin vurulmasını tövsiyə etdik. 3-cü dozada “Pfizer” vaksininin tətbiq olunması ilə bağlı təcrübə yoxdur. Düşünürəm ki, immunlaşmış bədəndə fəsadlar əmələ gəlməyəcək. Böyrək xəstələrinə də qısa zamanda 3-cü (buster) dozanın vurulmasına ehtiyac var. Çünki hər bir vaksinin immuniteti qoruma dövrü 6 aya qədərdir. 6 aydan sonra bədəndə immunitet aşağı düşə bilir. Ona görə də 3-cü dozanın da tətbiq olunması məqsədəuyğun və labüddür. Vaksinasiyadan sonra hemodializ xəstələrində analizlər aparılıb onlarda antitellərin yarandığını müşahidə etmişik. Onların çox az qismində antitellərin yaranması prosesi uzun çəkib, əksəriyyətində isə antitellər qısa zamanda yaranıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR