Azərbaycanda yaşı 70-dən yuxarı vətəndaşların sayı açıqlanıb

Azərbaycanda yaşı 70-dən yuxarı vətəndaşların sayı açıqlanıb
# 01 oktyabr 2021 13:45 (UTC +04:00)

BMT-nin Baş Məclisi tərəfindən1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, "Sosial xidmət haqqında" Qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir. Hazırda ölkəmizdə yaşı 70-dən yuxarı vətəndaşların sayı 440 minə yaxındır.

Əmək pensiyaçılarının mühüm bir hissəsi ahıllardır. Ötən dövrdə ölkədə pensiyaların dəfərlərlə artırılması təmin olunub. Xüsusilə 2019-cu ildəki inqilabi sosial islahatlar nəticəsində minimum pensiya da 72,4 faiz, yaşa görə müavinət 80 faizə yaxın artırılıb. Təkcə son üç ildə orta aylıq pensiyalarda 60 faiz artım, pensiya istiqaməti üzrə ödənişlərə ayrılan illik maliyyə vəsaitində 50 faizə yaxın artım özünü göstərib. Pensiya təminatı sistemində son illərdə hümanist yanaşmalar da tətbiq edilməklə, yaşlı nəslin bu təminat növünə əlçatanlığı xeyli artırılıb.

Ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçılarıdır. Həmin vətəndaşlar Prezidentin aylıq təqaüdləri ilə təmin edilir ki, bu təqaüdlərin məbləği ötən dövrdə dəfələrlə artırılıb. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Hər il 9 May - Qələbə günü ərəfəsində dövlət başçısının sərəncamları əsasında İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilir və son illərdə bu maddi yardımın məbləği 3 dəfə artırılaraq 500-dən 1500-ə çatdırılıb, döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərə 4 dəfəyə yaxın artırılaraq 200 manatdan 750 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 100-dən çox II Dünya müharibəsi əlili mənzillə, 1150-yə yaxın II Dünya müharibəsi əlili avtomobillə təmin olunub.

Həmçinin pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15 min tənha yaşlıya və əlilliyi olan şəxsə evlərində, 1000-dən çox şəxsə sosial xidmət müəssisələrində sosial xidmətlər göstərildi. Hazırda Nazirliyin tabeliyindəki Sosial Xidmət Agentliyi tərəfindən bütün tənha ahıl və əlilliyi olan şəxslər evlərində zəruri sosial-məişət xidmətləri ilə təmin edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR