Azərbaycanın Avropaya inteqrasiyası: İnsan kapitalına qoyulan sərmayə - REPORTAJ

Azərbaycanın Avropaya inteqrasiyası: İnsan kapitalına qoyulan sərmayə - REPORTAJ
# 10 iyun 2021 17:07 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) inkişafa yardım üzrə ən böyük donorudur. Statistikaya görə, Aİ ildə təxminən Ümumi Milli Gəlirin 0,7 faizini qlobal səviyyədə yardım üçün ayırır. Blokun inkişaf etməkdə olan ölkələrə ayırdığı maliyyə dəstəyi müxtəlif sahələrin inkişafına təkan verir. Aİ-yə üzv ölkələr müxtəlif sektorları əhatə edən ən yaxşı təcrübələrini inkişafda olan ölkələrə təklif edir.

Bu, maliyyə dəstəyi, sosial, iqtisadi, təhsil və digər sahələri əhatə edir. Xatırlatmaq yerinə düşər ki, Aİ Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək verən ən böyük donordur. Bu dəstək vətəndaş cəmiyyətinin dayanıqlı olması, güclənməsi üçündür. Güclü vətəndaş cəmiyyəti şəffaf, demokratik, hesabatlı hakimiyyətin qarantıdır, həm də güclü dövlət deməkdir.

Bu günlərdə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə yerli jurnalistlərin Şamaxı, İsmayıllı və Qəbələ rayonlarına səfəri təşkil edildi. Səfərin məqsədi Aİ-nin dəstəklədiyi, maliyyələşdirdiyi layihələrin bir neçəsi barədə media nümayəndələrini məlumatlandırmaq idi. Əgər jurnalistlər indiyədək bu layihələr barədə yalnız rəsmi məlumatlar əldə edirsə, səfər zamanı layihələrin birbaşa iştirakçısı olmuş, onların səmərəsindən faydalanan vətəndaşlarla görüşmək və Aİ-nin dəstəklədiyi layihələrin insanların həyatına gətirdiyi dəyişikliklər barədə öyrənmək şansı yarandı.

Tanış olduğumuz layihələr həm təhsil, həm də sahibkarlığa dəstək sahələrini əhatə edirdi. Aİ-nin dəstəklədiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Şamaxı şəhər 9 saylı orta məktəbində xüsusi yaradılmış inklüziv təhsilin tədris olunduğu sinifdə müəllim və şagirdlərlə görüşdük. Təqdimat zamanı bildirildi ki, sözügedən layihə Şamaxı ilə bərabər Bakı, Şəki, Ağcabədi, Quba və Cəlilabadda da icra edilir.

Bu layihə çərçivəsində təhsildə inklüzivliyin tətbiqi istiqamətində bir sıra vacib işlər görülüb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və onun Şamaxı, Quba, Şəki, Cəlilabad və Ağcabədi filiallarında 6 İnklüziv Təhsil Mərkəzi yaradılaraq bütün resurslarla təchiz olunub, 1000 ibtidai sinif müəllimi, 250 məktəb direktoru, 450-dən çox müəllim-professor heyəti, 2000-dən çox tələbə, 600-dən çox valideyn inklüziv təhsil üzrə təlimlərə cəlb olunub. İki beynəlxalq dərslik və 10-dan çox əyani vəsait tərcümə olunaraq çap edilib, ali və orta məktəblərə paylanılıb, Azərbaycanda inklüziv təhsil üzrə qanunvericiliyin təhlili aparılaraq təkliflər hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunub. Həmçinin təhsildə inklüzivliklə bağlı xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans da keçirilib.

Məktəbdə görüş zamanı Aİ-nin maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv təhsildə universal dizayn” mövzusunda kiçik layihələr müsabiqəsində qalib olmuş ibtidai sinif müəllimi Hicran Soltanova bu layihə çərçivəsində qatıldığı təlimlər sayəsində əldə etdiyi bacarıqların sinifdə necə tətbiq olunması ilə bağlı bizi məlumatlandırdı.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi sinfə tərcümə olunmuş Avropa nağılları kitablar dəstini hədiyyə etdi.

Layihənin gözlənilən nəticələri ilə bağlı məlumatlar sırasında diqqətimi cəlb edən müddəa barədə xüsusi qeyd etmək istəyirəm. “Təhsildə xüsusi ehtiyacları/əlliliyi olan uşaqlara dəstək vermək məqsədilə ibtidai sinif müəllimlərinin və digər mütəxəssislərin bacarıq və biliklərinin təkmilləşdirilməsi”. Reallıqdır ki, bu sahədə ciddi problemlər mövcuddur, çox təəssüf ki, xüsusi ehtiyacları olan uşaqlar valideynləri tərəfindən çox zaman təhsildən yayındırılır və ya məktəbdə bu uşaqlarla doğru rəftar olunmur, onlar ayrı-seçkiliyə məruz qalır. Təbii ki, bütün bunlar da uşaqların psixologiyasına ağır təsir edir, insanların həm də şəxsiyyət kimi formalaşmasına maneə olur. Belə layihələr çərçivəsində valideynlərlə, müəllimlərlə işləyərək onlara xüsusi ehtiyacı olan uşaqların təhsilə necə aktiv cəlb edilməsi barədə tövsiyələr vermək, təlimatlandırmaq mümkündür. Ümid edirəm ki, Aİ-nin bu layihəsi çərçivəsində yuxarıda qeyd etdiklərim həllini tapacaq.

Şamaxıda tanış olduğumuz digər bir layihə isə “Slow Food” -“Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsi oldu. Bildirildi ki, “Slow Food International”ın Azərbaycan Turizm Bürosu ilə birgə həyata keçirdiyi bu layihə çərçivəsində 5 pilot şəhərdə  — Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxda seminarlar keçirilir. Bu seminarlarda "Slow Food"un Azərbaycanda tətbiqi “Slow Food”a əsaslanan turizm təcrübələri, aqroturizm və kiçik istehsalçıların qonaqlama xidmətinin keyfiyyətinin artırılması kimi mövzularda yerli və xarici mütəxəssislər mühazirələr verir. Bu seminarların iştirakçıları isə aqroistehsalçılar, otel və restoranlar, qoruqlardan ibarət layihə benefisiarlarıdır. Layihə aqro-biomüxtəliflik və mədəni irsin qorunması, yerli qastronomiyanın dəyərinin artırılması, əhalinin gəlirlərinin potensial davamlılığı ilə yanaşı, turistik məhsulların inkişafı kimi müxtəlif məsələləri əhatə edir.

Elə biz Şamaxı Aqro Mərkəzində olarkən seminar keçirilirdi. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas seminar iştirakçıları ilə görüşdə bildirdi ki, Azərbaycanın gözəl məkanları, dadlı təamları, maraqlı mədəniyyəti var. Lakin əsas məqam odur ki, bütün bunları xarici turistlərə necə təqdim etməkdir. Belə layihələr həm də bütün bu bacarıqları benefisiarlara öyrədəcək.

“Biz də ümid edirik ki, gələcəkdə də bu cür layihələrin, təşəbbüslərin sayını artıracağıq”, - deyə Aİ səfiri görüşdə bildirdi.

Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı bizə məlumat verərkən qeyd etdi ki, Şamaxıda Mədrəsə İstehsalçıları Kooperativi yaradılıb, bu Kooperativin məqsədi nəsli kəsilməkdə olan yerli üzüm sortlarının bərpası və onlardan şərab istehsalı və bu şərabın beynəlxalq brendə çevrilməsini təmin etməkdir. O, Kooperativin üzvlərinin Aİ-nin maliyyələşdirdiyi layihə çərçivəsində keçirilən bu seminarlarda iştirak etdiyini və öz məhsullarının təqdim etdiklərini deyib: “Bu həm də Kooperativin üzvlərinin hazırladığı məhsulların tanıdılması üçün böyük dəstəkdir. Layihə çərçivəsində gələcəkdə turistlərin regiona axını və yerli istehsalçılarla görüşərək onlardan məhsullar alması kimi hədəflərimiz var”.

Şamaxıda “Slow Food” layihəsinin benefisarlarından biri, şərab istehsalçısı Pərgar Mustafayev dedi ki, 10 ildir öz təsərrüfat sahəsində qonaqlara dequstasiya xidməti təklif edir və artıq 1 ildir Mədrəsə üzümü presidumun üzvüdür. O, “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirlməsi” layihəsinə qoşularaq istehsal etdiyi məhsulların keyfiyyətinin daha da artırılması və daha geniş bazara çıxış əldə etmək istəyir.

Yeri gəlmişkən, şərabı dequstasiya edən jurnalist həmkarlardan bir neçəsi şərabı bəyəndiyi üçün elə P. Mustafayevin müştərisi olub Mədrəsə üzümündən hazırlanmış şərabdan aldılar.

Səfərin ilk günündə Şamaxıdakı layihələrlə tanış olduqdan sonra İsmayıllı rayonuna baş çəkdik. Burada isə Aİ-nin maliyyə dəstəyi verdiyi COVID-19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi layihəsi çərçivəsində iki benefisiarla görüşdük. Birinci benefisiar 41 yaşlı Sevinc Seyidova ilə elə onun Aİ-nin layihəsi çərçivəsində əldə etdiyi maliyyə kapitalı ilə açdığı otelyesində görüşdük. Sevinc xanım layihənin ilkin sərmayə kapitalı ilə (820 manat) dərzilik xidməti göstərmək üçün İsmayıllının mərkəzində yer icarəyə götürüb, lazımi avadanlıq, xammal və alətlər alıb. O bildirdi ki, layihə çərçivəsində aldığı maliyyə dəstəyi ilə açdığı bu otelye ilə artıq gəliri kifayət qədər artıb.

Rayondan olan digər benefisiar isə Günel Əliyeva idi. COVID-19 pandemiyasının iqtisadi təsirləri onun da ailəsindən yan keçməyib və nəticədə onun həyat yoldaşı ailənin yeganə gəlir mənbəyi olan işini itirib. Yaxın qohumları üç körpə uşağın ehtiyaclarını ödəmək üçün bu ailəyə dəstək olurdu. Aİ-nin maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində Günel Əliyevanın ailəsi 1200 manat dəyərində maliyyə yardımı əldə edərək 1 inək və 1 buzov alıb. Benefisiar qeyd etdi ki, onun məqsədi heyvanların sayını artıraraq ferma yaratmaqdır.

Növbəti gün görüşümüz Qəbələdə oldu. Biz Azərbaycanın Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafın Sürətləndirilməsi (ADSMİRRA) və Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək layihəsinin benefisiarı Ruhiyyə Kərimova ilə görüşdük. Ruhiyyə xanım Şuşadandır. 90-cı illərin əvvəlində məcburi köçkün düşüb, gənc yaşlarında həyat yoldaşını avtomobil qəzasında itirib. Bizimlə söhbətləşən Ruhiyyə xanım dedi ki, biologiya müəlliməsidir, lakin aldığı müəllim maaşı ilə iki övladını böyütmək çətin idi. Maaşı ailənin ehtiyaclarını ödəmədiyi üçün həmişə əlavə gəlir gətirəcək bir iş görmək istəyən Ruhiyyə xanım Aİ-nin maliyyələşdirdiyi "Juniour Achievement" tərəfindən həyata keçirilən “Gənclər üçün Sahibkarlıq” layihəsinə qoşulub. Layihəyə qatıldıqdan sonra arıçılıq işinə başlamağa qərar verib. İlkin olaraq bu benefisiara 1500 manat sərmayə kapitalı verilib.

Ruhiyyə xanım bildirdi ki, arıçılıq onun üçün çətin deyil, çünki Şuşada da onların arıları olub və bu işlə məşğul olublar, indi də bu işdə ona atası kömək edir: “Şükür artıq Şuşamız bizdədir, indi mənim ən böyük arzum Şuşaya qayıdıb orada bu işləri davam etdirməkdir, əvvəl olduğu kimi...”

Ruhiyyə xanım bizləri həyətindəki meyvələrinə, samovar çayına və əlbəttə ki, təmiz arı balına da qonaq etdi. Ruhiyyə xanımla sağollaşıb Nic kəndinə yola düşdük. Burada "Məsləhət xidmətləri vasitəsilə aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi, yeni dəyər zəncirlərinin yaradılması, aqro-turizmin inkişafı" layihəsi çərçivəsində iki benefisiarla görüşümüz baş tutdu. Balıqçılıq təsərrüfatı ilə məşğul olan Matilov Alik əsasən alabalıq yetişdirir. Məhsuldarlığın artırılması istiqamətində ona məsləhət və məlumat dəstəyi verilib.

Digər benefisiar Ədalət Baxışov isə taxılçılıqla məşğul olur. Bir neçə hektar sahəsi olan Ədalət bəy isə layihə çərçivəsində məhsuldarlığın artımı, məhsul satışı və mövcud bazar iştirakçıları barədə məlumat alıb.

Aİ-nin maliyyələşdirdiyi layihənin Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarındakı icraçısı olan “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin İcraçı direktoru İlyas Səfərli APA-ya açıqlamasında bildirdi ki, bu layihə üzrə əsasən kiçik və orta fermerlərə informasiya və məsləhət xidmətləri təqdim edilir. Layihə çərçivəsində Şəkidə Kənd Təsərrüfatı Məsləhət və İnformasiya Mərkəzi yaradılıb ki, bu Mərkəz vasitəsilə aqronomlar fermerlərə məsləhət və informasiya dəstəyi göstərir.

“Fermerlərin ehtiyacları müxtəlifdir, bəzilərinə təchizatçılarla əlaqə qurmağa, şəbəkə yaratmağa yardım edirik, onlar belə halda daha ucuz qiymətə toxum, yem və digər avadanlıqlar ala bilirlər. Baş çəkdiyimiz bu balıqçılıq təsərrüfatında biz təsərrüfatçıya balıq üçün daha ucuz qiymətə yem tapmağa kömək etmişik, ona təchizatçı tapmışıq, belə olan halda təsərrüfatçı öz istehsalının miqyasını da artıra biləcək”, - deyə İlyas Səfərli bildirdi.

Onun sözlərinə görə, yaxın aylarda bu regionlardakı müxtəlif sahələri əhatə edən fermerlər üçün təlimlər başlayacaq: “Bu təlimlərin məqsədi fermerlərin gündəlik fəaliyyətlərinin inkişafını və səmərəliliyini artırmaqdır. Bu regiondakı qadın və gənclər üçün də biznes təlimlərinin keçirilməsini planlaşdırırıq. Onlardan ən yaxşı biznes ideyalarına maliyyə dəstəyi göstərəcəyik. Layihə çərçivəsində pik-niklər də olacaq ki, burada fermerlər öz məhsullarını təqdim edəcəklər”.

Səfərimizin sonunda iki gün ərzində bizimlə bu layihələrə baş çəkən Aİ-nin Azərbaycandakı Nümayəndəliyin rəhbəri Kestutis Yankauskas öz təəssüratlarını bizimlə bölüşdü.

“Biz bu səfərdə Aİ-nin yardımlarının insanların həyatlarına necə təsir etməsinin canlı şahidi olduq. Biz bu dəyişikliyi onların həvəsində, emosiyalarında hiss etdik. Burda bir sıra uğur hekayələri var, amma bir neçə məqam var ki, mən onları xüsusilə vurğulamaq istəyirəm. Birincisi, ən vacibi təhsildir, xüsusilə də inklüziv təhsil. Heç kimin təhsildən geri qalmaması, təcrid olunmaması çox vacibdir. Biz insanları nə qədər inklüziv təhsilə təşviq etsək, bu bir o qədər onların həyatına müsbət təsir edəcək, onların gələcəkdə şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayacaq. İkincisi, biz insanları hər şeydən önə qoymalıyıq. Azərbaycanın dəyərləri, zənginlikləri var, lakin düşünürəm ki, Azərbaycanın ən böyük xəzinəsi onun insanlarıdır. Bu insanlarda ki, bu qədər istək, həvəs, qətiyyət, inam varsa, onlar həyatda qalmaq, gəlir əldə etmək üçün, təhsil almaq üçün bu qədər səy göstərir, iş görürlərsə bunu yüksək şəkildə qiymətləndirmək lazımdır. Üçüncü vurğulamaq istədiyim məsələ regionlar və regionların inkişafıdır. Paytaxtda yaşayırıq və təbii ki, Bakı gözəldir, ancaq biz regionları inkişaf etdirməliyik. Regionlara nə qədər dəstək göstərilsə, ölkənin iqtisadiyyatına, inkişafına bir o qədər dəstək vermiş olarıq. Yəqin sizin də diqqətinizi cəlb etdi ki, bizim göstərdiyimiz dəstək kiçik məbləğdədir, bəzən 1000 manat və ya ondan az məbləğ belə insanların həyatına nə qədər təsir göstərə bilir. Bu insanların əlində olanlar banklar üçün böyük dəyər kəsb etmir, ancaq ümumilikdə bu insanlara göstərilən dəstək iqtisadiyyatın əsas bünövrəsini təşkil edir. Avropa İttifaqında da və dünyanın digər ölkələrində bütün iqtisadiyyatların ən əsas hissəsini kiçik və orta sahibkarlar təşkil edir.

Sonuncu qeyd etmək istədiyim məqam ondan ibarətdir ki, biz pandemiyadan əziyyət çəkdik, müəyyən məhdudiyyətlər oldu. Ancaq məhdudiyyətlər aradan qalxır, artıq yavaş-yavaş regionlara gedə bilirik. Avropa turizmi üçün Azərbaycanı açıq etmək lazımdır, Azərbaycanın Avropaya təklif edəcəyi həqiqətən çox şey var, regionlarınız buna hazırdır, regionlar xarici turistlərə çox şey təklif edə bilər. Mən Azərbaycandakı təcrübəmdən onu deyə bilərəm ki, Avropadan Azərbaycana təşrif buyurmuş qonaqların ölkənizlə bağlı təəssüratları həmişə yüksək olub, onlar deyiblər: “Biz Azərbaycanı belə təsəvvür etmirdik, Azərbaycan haqqında çox şey öyrəndik və çox mütəəssir olduq”. Gəlin Azərbaycanı və regionları Avropa turizminin üzünə açaq.

Təbii ki, bizim layihələrimiz bütün əhalini əhatə edə bilməz. Burada məqsədimiz odur ki, sadəcə əhatə olunan hissədən əldə olunan təcrübəni Azərbaycanın mərkəzi hökumətinə və eyni zamanda, yerli hökumət orqanlarına göstərək. Onlar bu təcrübələrdən çıxış edərək bunun miqyasını genişləndirə bilərlər. Əldə olunmuş təcrübə əsasında daha uğurlu, mükəmməl layihələr həyata keçirə bilərlər.

Azərbaycan bizim üçün çox dəyərli tərəfdaşdır. Biz bütün sahələrdə tərəfdaşlığı davam etdirmək istəyirik, bizim qlobal səviyyədə çağırışlara cavab vermək, problemləri həll etmək üçün tərəfdaşlara ehtiyacımız var. Ümid edirəm ki, gələcəkdə tərəfdaşlığımız həm kəmiyyət, həm keyfiyyət nöqteyi-nəzərindən yeni səviyyəyə qədəm qoyacaq”, - deyə diplomat vurğuladı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR