Azərbaycanın Avropaya inteqrasiyası: İnsan kapitalına qoyulan sərmayə - REPORTAJ (II hissə)

Azərbaycanın Avropaya inteqrasiyası: İnsan kapitalına qoyulan sərmayə -  REPORTAJ (II hissə)
# 04 iyul 2021 17:05 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən “ABAD” publik hüquqi şəxsi ilə birgə icra edilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin nəticələri ilə tanış olmaq üçün iki gün bu regionun qonağı olduq. Məsəl var ki, "görmək inanmaq deməkdir", biz də səfərimiz çərçivəsində layihədə iştirak etmiş ailələrlə görüşdük, onların bu layihədən necə yararlandığının şahidi olduq.

Səfərimiz müddətində bizi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və BMTİP-in Azərbaycandakı əlaqələndiricisi Alessandro Frakassetti də müşayiət etdilər. Onlar təmsil etdikləri təşkilatların maliyyə dəstəyi ayırdığı və 2017-ci ildən başlayaraq icra edilən layihənin benefitsiarları ilə görüşmək üçün elə bizim qədər həvəsli idilər.
Əvvəl də qeyd etdiyim kimi dörd illik layihənin icraçılarından biri də "Balakən regional ABAD" mərkəzidir və elə ilk baş çəkdiyimiz də "Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi" idi. Burada layihə çərçivəsində hazırlanmış məhsulların sərgisi ilə tanış olduq. Elə Mərkəzdə olduğumuz müddətdə layihənin müxtəlif sahələrdən olan iştirakçıları iştirak etmiş olduqları layihəni maliyyələşdirən qurumların rəsmiləri ilə görüşə gəlmişdilər. Onlardan biri də zootexnik Pəribacı Mamaziyeva idi.
O, bizə bildirdi ki, kənd təssərüfatı ilə, daha dəqiq desək, quşçuluqla məğul olur. P. Mamaziyeva ortağı ilə birgə bu layihədə iştirak edib: "Çox sağ olsunlar Aİ-nin maliyyələşdirdiyi bu layihə bizim çox əlimizdən tutdu. 1000 başa qədər toyuq-cücə, onların da satışından gəlir əldə etdik. Əlbəttə ki, saylarını da artıracağıq, bizə inkubator və soyuducu verilib. İlkin işə başlamaq üçün bizə hər cür dəstək göstəriblər, bundan sonra işimizi özümü genişləndirəcəyik".
Mərkəzdəki sərgidə əl işləri gələnlərə nümayiş olunan Məlahət Alvasova isə görüşümüzə Balakən rayonunun Hənifə kəndindən gəlmişdi. O, bizə bildirdi ki, layihəyə qoşulmazdan öncə xalçaçılıqla məşğul olmaq istəsə də, bu işə başlamaq üçün əlindəki imkanlar məhdud olub: "Bu layihəyə qoşulduqdan sonra bizə əvvəlcə texniki təlimlər keçirildi, daha sonra isə işə başlamaq üçün bütün lazımi ləvazimatlar verildi. Hazırladığmız xalçalar həm yerli bazarda satılır, həm də ABAD bizdən bu məhsulları alır. Əsas alıcımız deyərdim ki, ABAD-dır".
Məlahət xanım bildirdi ki, bu işlə o, tək məşğul olmur, onun bir ortağı da var: "Biz həm özümüz işləyirik, həm də tələbələrimiz var ki, onlara xalça toxumağı öyrədirik. Artıq bir neçə tələbəmizi öyrətmişik və onlar özləri sərbəst xalça toxuyurlar".
Məlahət xanım xalçaçılıqdan əlavə meyvə qurusu istehsalı ilə də məşğul olur. Söhbət əsnasında o, bizə bildirdi ki, ABAD bu məhsulun satışını ona təklif edib: "Həm bu layihəyə qatıldığmız üçün, həm də ABAD-ı tanıdığımız üçün çox məmnunuq".
Şəkidəki Mərkəzdə benefitsiarlarla görüşümüzü tamamlayıb Aİ-nin maliyyələşdirdiyi, BMTİP və “ABAD”-la birgə icra edilən layihənin digər benefitsiarları ilə görüşmək üçün Balakənə yola düşdük. Balakəndə ilk görüşdüyümüz benefitsiar Elmir Mirəliyev oldu. "LeyGün" MMC-nin sahibi olan Elmir bəy pendir istehsalı ilə məğuldur. Mirəliyevlər ailəsi əvvəllər Balakəndə kiçik çörək sexi işlətsə də, onun əldə etdiyi gəlir işin dayanıqlılığını təmin etmək üçün kifayət olmayıb. Ailə öz biznesinin şaxələndirilməsi imkanlarını araşdırmaq üçün sözügedən layihəyə qatılıb. Layihə çərçivəsində ailə üzvlərinə təlimlər keçirilib, pendir istehsalı üçün peşəkar avadanlıq və biznesin inkişafı üçün mütəxəssis dəstəyi verilib. İndi Mirəliyevlər ailəsi iqtisadi zonada "Edam" və "Gauda" kimi Holland pendirlərini istehsal edən ilk şirkətdir. Bizi məlumat verildi ki, bu kiçik ailə biznesinin məhsulu artıq ölkənin müxtəlif supermarket və mağazalarında satışdadır.
Həmsöhbətmiz Elmir bəy bildirdi ki, bu pendir çeşidi Azərbaycan bazarında yeni olduğu üçün alıcılara biraz yaddır, ancaq o, pendirin keyfiyyəti və dadı ilə tez zamanda daha çox alıcının ürəyini qazanacağına əmin olduğunu dedi: "İlkin dəstəyi aldıq, biznesimizə başladıq. Gələcək planlarımız isə odur ki, daha çox yeni pendir növləri istehsal edək, istehsalat ərazimizi genişləndirək. Təbii ki, bu, həm də yeni iş yerləri deməkdir."
Benefitsiar layihə çərçivəsində onlara lazımi avadanlıq göndərildiyini və işə texnoloq cəlb olunduğunu deyib. "Bizə hətta İrlandiyadan qida təhlükəsizliyi və texnolgiya üzrə mütəxəssis gətirdilər. Həmçinin biz bir neçə təlimdə iştirak etdik".
Pendir istehsalına cəlb olunan ABAD-ın keyfiyyətə nəzarət üzrə mütəxəssisi Tağı Əhmədovla da söhbət etdik. Tağı bəy insanlara yardım etdiyi üçün işi ilə qürür duyduğunu dedi. "İşə yeni başlayanda bildiyim pendir çeşidləri az idi, lakin biz ABAD-ın dəstəyi ilə Rusiyada təlimə qatıldıq. Həmçinin digər xarici ölkələrdən Azərbaycan mütəxəssislər dəvət olundu. Məsələn, Niderlanddan gələn mütəxxəssislə işləyib, bu ölkənin geniş pendir çeşidlərini necə hazırlamağı öyrəndim. İtaliyadan texnoloqlar dəvət olunmuşdu. Biz bu mütəxəssilərdən öyrənirik və daha sonra regionlarda ABAD-çılara öyrədirik. Biz regionun tələbatını, həmçinin südün keyfiyyətinini nəzərə alırıq", -deyə Tağı bəy bildirdi.
Bu layihənin benefitsiarı olan Zaqatala sakini Söhrab İsmayılov qablaşdırılmış meyyvə-tərəvəz istehsalı ilə məşğuldur. Söhrab bəy ortağı Harun Nurayevlə layihə çərçivəsində təşkil edilən biznes təlimlərində iştirak edib, daha sonra isə istehsal üçün lazım olan avadanlıqlarla təmin olunub. Birgə qurduqları kiçik ailə biznesində onlar meyvə qurutma, fındıq qovurması, tərəvəzlərin doğranıb qablaşdırlması kimi işlərlə məşğul olurlar. Hazırda ABAD texnoloqları ilə birgə doğranmış və dondurulmuş tərəvəz istehsalı üzrə fəaliyyəti genişləndirmək üzərində çalışırlar.
Zaqataladan olan digər benefitsiar Qurbanovlar ailəsi çox maraqlı və deyərdim ki, həm də ruh sakitləşdirici bir işlə məşğuldurlar. Onlar qırqovul yetişdirirlər. Yuxarı Tala kəndindən olan Vaqif Qurbanov 2020-ci ildə layihə çərçivəsində keçirilən təlimlərdə iştirak edib. O bildirdi ki, bu təlimlər logistika, satış, sertifikatlaşma kimi mövzuları əhatə edib. Təlimləri uğurla tamamladıqdan sonra Vaqif bəy qırqovul yetişdirilməsi üçün avadanlıqlarla - inkubator, soyuducu, qəfəs - təchiz olunub: "Mən işə başayanda bir xoruz və üç fərəm var idi, ancaq indi hamısı bir yerdə 150 başdır. Həmçinin bizə hüquqi, vergi, sertifikatlaşma məsələlərində bütün dəstək göstərildi."
O, indiyə qədər 100-dən çox qırqovulun satışına nail olub və bu istiqamətdə kiçik biznesini genişləndirməyə davam edir.
Zaqataladakı görüşümüzdən sonra Qaxa yola düşdük. Etiraf edim ki, bu mənim üçün ikiqat maraqlı idi, çünki ən çox sevdiyim meyvə olan şaftalı istehsalı ilə məşğul olan ailəyə - benefitsiar Hüseyn Tarıverdiyevin təssərüfatına baş çəkməyə gedirdik. Elə gördüyüm mənzərə tamamilə xəyalımda canlandırdığım mənzərə ilə üst-üstə düşdü. Şaftalı və ərik ağaclarının olduğu bağın ucu-bucağı görünmürdü. Ağacların budaqlarındakı qırmız şaftalılar, saralmış əriklər adama gəl-gəl deyirdi. Böyük bir ağacın köləsində isə işçilər artıq ağacdan dərilmiş meyvələri çeşidləyərək meyvə qutularına yığırdılar.
Bu bağın sahibi Hüseyn bəy dedi ki, o, layihənin dəstəyi ilə biznesin inkişafı istiqamətində təlimlərdə iştirak edib və şaftalı istehsalı üçün lazım olan avadanlıqlarla təchiz olunub. Layihə çərçivəsində ona verilən yeni soyuducu sayəsində indi Haqverdiyevlər ailəsi daha uzun müddət üçün 20 tona qədər təzə meyvə saxlamaq iqtidarındadır.
Hüseyn Tarıverdiyev bizi öz təssərüfatı barədə məlumatlandırarkən bildirdi ki, onun təssərüfatında 30 hektar ərik, şaftalı bağı və 15 hektar fındıq bağı var. Onun sözlərinə görə, istehsal zamanı qonşu kəndlərdən də işçilər mövsümi işə cəlb olunur. Ailə keçən il mövsümi işə 60 nəfəri cəlb edib. Mövsümi işçilərdən əlavə bağda artıq bir neçə ildir ki, işləyən işçilər də var. Etdiyi maraqlı söhbətə qulaq asdığımı üçün adını soruşmağı unutduğum oradakı mehriban işçilərdən biri mənə dedi ki, artıq 4 ildir ki o, bu təssərüfatda çalışır.
İstehsal olunan məhsullar həm daxili bazara, həm də ölkə xaricinə - Ukrayna və Rusiyaya göndərilir.
Hüseyn bəy bizləri elə bağında açdığı şaftalı, ərik və fındıq süfrəsinə qonaq etdi.
Növbəti gün, yəni iyulun 3-də Şəkidə digər benefitsiarlara baş çəkdik. Əvvəlcə Gülnaz İlyasovanın ailəsində olduq. Gülnaz xanım işğaldan sonra ailəsi ilə birgə Kəlbəcər rayonundan köçkün düşüb və Şəkidə məskunlaşıb. O bildirdi ki, məcburi köçkün düşməzdən qabaq Kəlbəcərdə xalçaçılıqla məşğul olub: "Mən özüm Göyçədənəm, gəncliyimdə Göyçədə, sonra ailə qurub Kəlbəcərə gəldikdən sonra Kəlbəcərdə xalça toxumuşam. Amma məcburi köçkün düşdükdən sonra toxuya bilmədik. Mən layihə təşkilatçılarına təşəkkür edirəm ki, bizə yenidən belə bir imkan yaratdılar".
Gülnar xanım xalça toxuma qabiliyyətini öz gəlininə də öyrədib və indi onun gəlini xalçalar toxuyur. Gülnar xanım bildirdi ki, Kəlbəcərə geri qayıtdıqdan sonra da xalçaçılıq ənənəsini davam etdirmək istəyir. Gülnar xanımın oğlu da söhbətimizə qoşuldu. "Çox şükürlər olsun ki, artıq Kəlbəcərimiz bizdədir. Ora qayıtdıqdan sonra da bu işi davam etdirəcəyik. Axı bilirsiniz, Qarabağımız öz xalçaçılıq ənənəsi ilə də tanınır", o vurğuladı.
Qeyd edim ki bu layihə çərçivəsində İlyasovlar ailəsinə xalça toxumaq üçün lazımı avadanlıq və ləvazimatlar verilib, həmçinin onlar bir neçə təlimdə iştirak edib.
Digər məcburi köçkün Əntiqə Məhərrəmova da xalçaçılıqla məşğuldur, o, qızı ilə birgə xalça toxuyur. Əntiqə xanım layihənin dəstəyi ilə bir sıra təlimlərdə iştirak edib və öz kiçik təssərüfatını genişləndirmək üçün xammal və avadanlıqla təmin edilib.
Layihənin nəticələri ilə tanışlıqdan sonra mətbuata açıqlama verən BMTİP-in Azərbaycan üzrə əlaqləndiricisi bu layihədə tərəfdaşlıqdan məmnun olduğunu və bu cür layihlərin davam etdirilməsinin önəmini vurğuladı: "İstəyirik ki, bu kimi layihələr vasitəsilə regionlarda sahibkarlıq inkişaf etsin, Azərbaycanın bölgələri daha da firəvan yaşasın. Bu layihədən çıxardığımz əsas fikir ondan ibarətdir ki, fərdlər, ailələr və istehsalçılar arasında əməkdaşlıq sözsüz ki, ciddi dəyişikliyə, transformasiyaya imkan yaradır və bu da onların yaşayış şəraitlərinin daha da yaxşılaşmasına imkan verir".
O bildirdi ki, bu layihə həm də təşkilatlar arasında əməkdaşlığın əla nümunəsidir. "Biz bu layihədə ASAN, ABAD, ABAD-ın Balakən Nümayəndəliyi ilə əməkdaşlıq etmişik. Düşünürəm ki, bu əməkdaşlıq modeli ölkənin digər regionlarında da tətbiq oluna bilər. Nəticədə yerli əhali bu əməkdaşlığın yaratdığı imkanlardan istifadə edərək inkişafa doğru addım ata bilər. Biz də BMTİP olaraq onlara bu prosesdə dəstək verməyə hazırıq", - BMTİP əlaqələndircisi vurğuladı.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da layihənin kiçik ailə bizneslərinə verdiyi dəstəyin önəmini qeyd etdi. O bildirdi ki, istehsal olunan məhsulların üzərində keyfiyyət nişanı var və bu dünyanın istənilən yerindən gələn turistlərin birinci diqqət etdiyi məqamdır. "Mən ümid edirəm ki, Azərbaycana, Şəkiyə gələn turistlər bu məhsullarla tanış ola biləcəklər, çünki bu məhsullar keyfiyyətli və orqanikdir.
Hər şeydən öncə mən bu ailələrə təşəkkür edirəm, onların bu səriştəsi, qabiliyyəti olmadan bu layihə reallaşa bilməzdi.
Qeyd edim ki, Avropada ailə biznesləri inkişaf edib, onlar iqtisadiyyatın əsas sütunudur. Sosial rifah, iqtisadi inkişaf həmin ailə bizneslərinə əsaslanır və mən ümid edirəm ki, bu, Azərbaycanda da baş verəcək", - Aİ səfiri vurğuladı.
Sonda gördüklərimdən və bu layihənin iştirakçısı olan sadə insanlarla söhbətimdən sonra bir müçahidəçi kimi onu deyə bilərəm ki, dörd illik bu layihə kiçik ailə biznesi olan bu insanlara ilkin maddi dəstək təmin etməklə yanaşı, həm də özlərinə inamı artırıb. Onlar qarşıdakı illərdə öz işlərini genişləndirmək, daha çox həmkəndlilərini işə cəlb etmək barədə çox həvəslə danışırdılar. Düşünürəm ki, bunun üçün regionda da geniş imkanlar var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR